Fevralın 11-də ABŞ alimləri qravitasiya dalğalarının mövcudluğunu sübut etməkləri ilə bağlı açıqlama verdilər və bununla bütün dünya çox böyük kəşfin xəbərini aldı. Maraqlıdır, hələ 10 gün öncə “Azadlıq”da “Azərbaycanlı yeni qravitasiya nəzəriyyəsi irəli sürür” adlı material hazırlanıb. Dərcini gecikdirdiyimiz bu yazı – azərbaycanlı Namiq Məmmədovun “Şüa qravitasiya nəzəriyyəsi” adlı öz yazısından və jurnalist Şahvələd Çobanoğlunun ona yazdığı giriş sözündən ibarət idi. Həmkarımızın bu gün yazdığı qeydə görə, bunlar eyni şeylər deyil, amma eyni mövzudur və yazını çapa gecikdirməməyimiz çox maraqlı təəssürat yarada bilərdi. Namiq Məmmədov hələ də qravitasiya nəzəriyyəsinin boşluqlarına iddialıdır və o, vaxtilə bu barədə qəzetimizdə və digər KİV-lərdə çıxış edib. Üstəlik, öz nəzəriyyəsini www.gravfiz.com saytında çoxdan yerləşdirib. Həmkarımız Şahvələd Çobanoğlu bu gün sosial şəbəkələrdə yazdığı qeydində bildirir: “Namiq Məmmədli elmli, çalışqan, səmimi, sadə, sağlam, mütərəqqi bir həmvətənimizdir. Ola bilsin öz nəzəriyyəsi ilə uğur qazanmadı, amma məşhur alimlərimizin fələklə və mələklə əlləşdiyi bir dövrdə ağlı başında olan bir yurddaşımızın bu iddiası olduqca sevindiricidir”.
Bir müddət öncə Namiq Məmmədlidən öz nəzəriyyəsini hamının başa düşə biləcəyi populyar dildə izah edən bir yazı hazırlamağı xahiş etmişdik və aşağıda onu təqdim edirik. Əməkdaşımızın ön sözünü isə yazıya sözardı kimi ona əlavə edirik.
QRAVİTASİYANIN MAHİYYƏTİNİ AÇMAĞA İDDİALI YENİ NƏZƏRİYYƏ
Namiq Məmmədli, Şüa Qravitasiyası Nəzəriyyəsinin müəllifi
Şüa Qravitasiyası Nəzəriyyəsinin ilk elmi təqdimatı hər il Lütfi Zadənin rəhbərliyi altında təşkil olunan və 2015-ci ildə Antalyada keçirilmiş beynəlxalq konfransda reallaşdı. Akademik Rafiq Əliyevin dəvəti və təşkilati dəstəyi ilə baş tutan iştirakımız yetərincə səmərəli oldu. Türkiyə, Rusiya, Almaniya, İngiltərə, Litva və Azərbaycandan olan alimlərdə maraq doğura bildik. Plenar iclası aparan Moskva Bauman Universitetinin professoru V.Tarasov hətta bu nəzəriyyənin fizikada yeni istiqamət ola biləcəyini qeyd etdi. Bu yazıda yeni nəzəriyyənin əsas məqamlarını məktəblilərin də başa düşə biləcəyi asan dildə oxuculara təqdim edilir. Nəzəriyyənin tam mətni isə www.gravfiz.com saytında yerləşdirilib.
Qravitasiyanın təsiri altında Yer səthindəki bütün cisimlər Yer tərəfindən cəzb olunur. Nədir bütün cisimləri Yerə doğru hərəkətə məcbur edən? Bəlkə görmədiyimiz hansısa iplər dartır, yoxsa duya bilmədiyimiz külək sıxır cisimləri Yerə? Qravitasiyanın mahiyyəti, işləmə mexanizmi bu günə qədər də açılmamış qalır. Problemin izahı ilə bağlı daha çox qəbul olunan yanaşma Albert Eynşteynin irəli sürdüyü Nisbilik Nəzəriyyəsidir. Həmin nəzəriyyəyə görə fəza sadəcə boşluq deyil, hansısa toxumadan ibarət struktura malikdir. Eynşteynə görə hər hansı kütləyə malik olan cisim, eləcə də Yer kürəsi fəza strukturunu əyir və bu əyrilik cəzb olunan cisimləri cəzb edən cismə doğru hərəkətə məcbur edir. Xeyli mücərrəd görünməsinə baxmayaraq, bu yanaşma fizikanın standart modelinə daxil edilib. Lakin son 30-40 ildə standart modelin izah edə bilmədiyi, onunla daban-dabana ziddiyyət təşkil edən çoxlu sayda elmi faktlar meydana gəlib. Ziddiyyətli faktların çoxluğu sanballı elmi mərkəzlərdə belə fikir formalaşdırıb ki, qravitasiyanın izahı məsələsində fizika dalana dirənib.
Qravitasiyanın mahiyyəti ilə bağlı bizim araşdırmalar fizikanın standart modelindəki yanaşmadan fərqlənir. Araşdırmalarımız belə bir suala cavab axtarışından başlayır: nəyə görə bütün növ elektromaqnit dalğaları və şüalanmaları tam eyni sürətlə yayılır? Tamamilə fərqli fiziki və kimyəvi proseslərin tamamilə fərqli şəraitdə yaratdığı dalğa və hissəcikləri eyni sürətlə hərəkətə gətirən nədir? Məsələn, nəhəng Günəşin buraxdığı fotonlar da, titrəyə-titrəyə yanan zəif şamın buraxdığı fotonlar da tam eyni sürətlə hərəkət edir. Dostuma zəng edərkən mobil telefonumuzun yaratdığı radiodalğalar da dəqiqliklə fotonların sürətini təkrarlayır. Naqildəki elektrik cərəyanı, həkimin istifadə etdiyi rentgen şüaları da həmin sürətlə yayılır. “Sürət niyə eynidir?” sualına fiziklərin verdiyi cavab xeyli maraqlı və xeyli də müəmmalıdır. Onlar deyirlər ki, bu fizikada bir postulatdır, yəni qəbul olunmuş faktdır. “Bu hərəkətləri və hərəkətlərin eyniliyini doğuran səbəb hansıdır?” sualına həmin postulat belə cavab verir: sükunət kütləsi sıfıra bərabər olan bütün hissəciklər vakuumda işıq sürəti ilə yayılır.
Göründüyü kimi, həmin postulat hərəkəti doğuran səbəbi göstərmir, yalnız hərəkətin olması faktını qeyd edir. Üstəlik, bu postulatın əhəmiyyətini sıfıra endirən yeni elmi nəticə əldə olunub. 2015-ci ildə fizika üzrə Nobel mükafatı yapon alimlərinə verildi. Onlar sübut etdilər ki, vakuumda işıq sürəti ilə yayılan neytrinoların sükunət kütləsi var.
“Sürətlər nəyə görə eynidir?” sualına cavab üçün ağıla gələn yeganə məntiqi cavab belədir: dalğaları və hissəcikləri yayan vahid universal daşıyıcı sistem var. Hissəciklər həmin sistemin sadəcə sərnişinləridir. Daşıyıcı sistemdə hansı sürət varsa bütün növ hissəcik və dalğalar həmin sürətlə hərəkət edir. Daşıyıcı sistemi görə və duya bilmirik. Bu səbəbdən, onun xüsusiyyətləri haqqında daşıdığı dalğa və şüaların xüsusiyyətləri məlumat verə bilər. Məsələn, işıq süaları tam bərabər şəkildə bütün istiqamətlərdən bütün istiqamətlərə yayılır. İşıq fotonları düz xətt üzrə və işıq sürəti ilə hərəkət edirlər. Deməli, daşıyıcı sistemin də bütün istiqamətlərdən bütün istiqamətlərə yönələn, bətnində işıq sürətinə bərabər sürət saxlanan düz xətli şüalardan təşkil olunduğunu söyləmək olar. Belə yanaşma cavabı olmayan və ya çox mücərrəd olan bəzi sualları məntiqli şəkildə cavablandıra bilir.
Suallardan biri belədir: Nəyə görə fotonlar güzgüdə əks olunarkən sürətlərini itirmirlər? Məsələn, tennis şarı divara çırpılıb qayıdarkən sürəti xeyli azalır. Fotonlar isə hətta onlarla güzgüdən əks olunur, amma sürət itkisi baş vermir. Bizim yanaşmanın verdiyi cavab belədir: fotonlar güzgünün səthinə çırpılıb geri qayıtmır, onlar güzgünün əksolunma səthində əks istiqamətə gedən şüalara ötürülür. Həm güzgüyə doğru gətirən həm də güzgüdən aparan şüalar eyni sürətli olduqlarından foton sürətini itirmir. Yaxud belə sual: Havada 300 min km/san sürətilə gedən foton maye dolu qaba girərkən sürətini xeyli itirir. Maye mühit sürəti azaldır. Mayedən çıxıb hava mühitinə düşən anda isə əvvəlki sürət bərpa olunur. Hansı faktor artırdı fotonun sürətini? Hərəkətin şüalarla bağlanması bu sualı da asanlıqla cavablandırır. Maye daxilində özünəməxsus müqavimət yarandığından sürət düşür. Müqavimət aradan qalxan anda isə foton yenidən şüanın sürəti ilə gedir. Araşdırmalarımızın əsas mövzusu qravitasiya faktoru olduğundan, həmin şüaları qravitasiya şüaları adlandırırıq.
Gələk qravitasiya məsələsinə. Müfəssəl elmi faktlarla sübut olunur ki, qravitasiyanın yayılma sürəti də işıq sürətinə bərabərdir. Net olaraq eyni sürət net əlaqə deməkdir. Həm qravitasiya, həm neytrinolar, həm də elektromaqnit dalğaları konkret eyni sürətlə yayılırsa, deməli, bu faktorların hamısını doğuran səbəb eynidir.
Amerika və yapon alimlərinin neytrinolarla bağlı apardıqları təcrübələrə diqqət yetirək. Həmin təcrübələr sübuta yetirdi ki, materiyanın tərkindən keçən neytrinoların bir qismi atom nüvələri ilə toqquşaraq udulur. Üstəlik sübut edildi ki, kiçik materiyanın daxilindən keçərkən az sayda neytrino, böyük cismin (təcrübədə böyük cisim Yer planetidir) daxilindən keçərkənsə neytrinoların böyük hissəsi udulur. Bu, başa düşüləndir. Daha böyük materiyada atom nüvələrinin sayı da daha çox olur və neytrinolarla nüvələrin toqquşma şansı artır. Neytrinoları da qravitasiya şüaları daşıyır. Neytrino atom nüvəsinə dəyib udulursa, məntiqə görə həmin neytrinonu daşıyan şüa da nüvəyə tuş gəlir və şüanın hərəkəti məhdudlaşır. Deməli, kiçik cismin daxilindən keçərkən az sayda şüa nüvəyə dirənərək udulur, böyük cismin daxilindən keçərkən daha böyük sayda şüa udulur. Bu fakt qravitasiya gücünün cisimlərin kütləsindən asılılığı məsələsini rahat şəkildə aydınlaşdırır. Sadələşdirilmiş şəkildə bunu belə İzah etmək olar.
Tutaq şəkildəki böyük kürə Yer planeti, kiçik kürə isə Yerin cəzb etdiyi hansısa cisimdir. Cəzb olunan cisim iki tip şüanın – C və A1 şüalarının təsiri altındadır. A1 şüaları planetin daxilindən keçən, qismən udularaq zəifləyən A şüalarının davamıdır. C şüaları isə planetin daxilindən keçmir və zəifləmir. Aydındır ki, cisim daha güclü C şüalarının təsiri altında yerə doğru basılacaq, cazibə qüvvəsi yaranacaq. Yəni qravitasiyanı yaradan səbəb C və A1 qüvvələri arasındakı fərqdir. Planetin kütləsi nə qədər böyük olacaqsa, A şüaları o qədər çox udulacaq, A1 şüaları daha çox zəifləyəcək, şüalar arasındakı fərq daha böyük olacaq. Daha böyük fərq isə daha böyük qravitasiya deməkdir.
Qravitasiyanın göstərilən şüalarla bağlanması cazibə qüvvəsinin gücünün cisimlərarası məsafədən asılılığı məsələsini də izah edir. Planet ətrafındakı qravitasiyanı yuxarıdakı sadələşdirilmiş sxemdə göstərilən yalnız A1 və C şüaları yaratmır. Planetin cazibə qüvvəsini kürə boyunca yerin bütün bətnindən keçən və cəzb olunan cismə yönəlmiş bütün şüalar yaradır. Dəqiq hesablamalar göstərir ki, planetin mərkəzi ilə cisim arasındakı məsafə nə qədər artacaqsa, qravitasiyanın yaranmasında iştirak edən şüaların sayı da bu artımın kvadratı qədər azalır. Yəni, qravitasiya şüaları prizmasından yanaşma Ümumdünya Cazibə Qanununun riyazi düsturunun mahiyyətini açır.
Yuxarıda deyilənlər ortalığa yeni sual çıxarır. Şüalar cismin daxilindən keçərkən udulursa, deməli şüalarla materiya arasında əhəmiyyətli qarşılıqlı təsir var. Nyutonun üçüncü qanununa görə təsir əks təsirə bərabərdir. Yəni udulmaya proporsional miqdarda şüalar da materiyaya təsir etməlidirlər. Belədirsə, nə üçün kosmosda milyardlarla il boyunca hərəkət edən planetlərin, ulduzların hərəkəti şüaların müqaviməti ucbatından dayanmır? Bu sualın cavabı qravitasiya şüalarının mahiyyətindədir. Süaların bətnində işıq sürətinə bərabər sürət saxlanılır. Şüaların hərəkətdə olan cismə ümumi təsiri də öndən və arxadan olan təsirlərin cəminə bərabərdir. Planetlər, ulduzlar vahid bir hissədən deyil, hədsiz böyük sayda elementar hissəciklərdən təşkil olunublar. Kosmosda böyük sürətlə hərəkət edən planetin ön hissəsindəki hissəciklərə öndən təsir edən şüaların tormozlayıcı təsiri artır. Qarşılıqlı təsirin gücü artırsa, planetin önündə daha çox sayda şüa udulacaq və arxa hissədəki hissəciklərə nisbətən az sayda tormozlayıcı şüa yetişəcək. Hərəkətdə olan planetin arxasından da işıq sürətli şüalar basır. Aydındır ki, həmin şüalarla planet arasındakı qarşılıqlı təsir güclənmədiyindən bu şüaların miqdarı da azalmayacaq. Belə vəziyyət yaranır: planetin arxa hissəsindəki zərrəciklərə öndən olan tormozlayıcı təsir azalır, arxadan olan basıcı təsir isə əvvəlki qüvvəsində qalır. Nəticədə, hərəkətdə olan planet ön hissədə əlavə tormozlayıcı təsir, arxa hissədə isə əlavə basıcı təsir qazanır. Bu təsirlər bir-birini kompensasiya edir və planet hərəkətini davam etdirir. Bu deyilənlər sırf riyazi metodla əldə edilmiş Lourens çevrilmələrinin mahiyyətini də izah edir. Belə ki, böyük sürətlə hərəkətdə olan cisim öndən daha böyük tormozlayıcı təsirə və arxadan daha böyük basıcı təsirə məruz qalır. Arxada və öndə yaranan əlavə təzyiqlər hərəkət xətti istiqamətində cismin ölçülərini kiçildəcək.
Qravitasiya şüaları anlayışının daxil edilməsi fizikanın ən əhəmiyyətli suallarından birini də asanlıqla cavablandırır. Sual belədir: işıq sürəti nəyə görə işıq mənbəyinin hərəkət sürətindən asılı deyil. Maraqlı məqamdır. Təsəvvür edin ki, yerində duran təyyarənin buraxdığı işıq da 300 min km/san sürətilə yayılır, uçuşa başlayıb böyük sürətlə hərəkətə keçdikdən sonra da buraxdığı işıq dəqiq həmin sürətlə yayılır. Yəni təyyarənin sürəti işığın sürətinə əlavə olunmur. Suala cavab vermək üçün belə nümunəyə baxaq. Fərz edək ki, çayda sürətlə hərəkət edən katerdəki sərnişinin şlyapası çaya düşür. Eyni anda sahildəki ağacdan qopan yarpaq da çaya düşür. Baxmayaraq ki, kater sürətlə hərəkətdədir, ağac isə hərəkətsiz dayanıb, lakin həm şlyapa, həm də yarpaq eyni sürətlə, çayın axma sürəti ilə hərəkət edəcəklər. Eyni qaydada, təyyarə yerində duranda da, böyük sürətlə uçanda da onun buraxdığı fotonlar bir sürətlə, qravitasiya şüalarının hərəkət sürəti ilə yayılacaqlar.
Redaksiyadan şərh
Elmi cəsarəti ilə örnək olan Namiq Məmmədli
“Azərbaycanlının kəşfi”, “Azərbaycanlının yeni elmi nəzəriyyəsi” sözləri istənilən auditoriyada güclü maraq yaradır. Bunu həmişə müşahidə edirik. Təəssüflər ki, bu marağı bir az da artıran azərbaycanlıların özünə inamsızlığıdır, sanki azərbaycanlıların dünyaçaplı elmi uğurlar əldə etməsi mümkün deyil və biz bu kəlmələri eşidəndə təəccüblənirik: “Yəni doğrudanmı belə şey ola bilər?”
Azərbaycanda Lütfi Zadəni yaxşı tanıyırlar. Fundamental elmin bütün dünyada tanınan nümayəndəsidir. Təəssüflər olsun ki, bir az da siyasi konyukturanın hesabına Lütfi Zadə bizdə yeganə dünyamiqyaslı alim kimi təqdim edilir, hətta elmdəki yeri də xeyli şişirdilərək. Amma dünya elmində Lütfi Zadədən qat-qat ağır yeri olan, klassik elmin məşhur nümayəndəsi sayılan Əli Cavanı çox az adam tanıyır. Halbuki əfsanəvi Massaçuset Texnologiya İnstitutunun professoru, klassik elmin nəhənglərindən olan Əli Cavan bioqrafiyasında azərbaycanlı olduğunu özü yazır.
Məqsədim Lütfi Zadə və Əli Cavanı müqayisə etmək deyil. Biz nə kimisə şişirtməli və onun elmi uğuru ilə qürrələnib coşmalıyıq, nə də dünya elminin zirvəsində azərbaycanlıların az sayda olmasından məyus olub məğlub görkəm almalıyıq. Dünya elmində Əli Cavanlar çox ola bilər. Təbii ki, Azərbaycanın indiki ictimai-siyasi şəraiti heç normal universitet təhsili əldə etməyə imkanlar vermir, amma hər bir azərbaycanlı bilməlidir ki, bütün dünyaya elmi yeniliklər gətirməyə cəsarət və inam olmalıdır bizim xalqda. Həmin cəsarət və inam gənc elm adamlarını bütün əngəlləri aşmağa, ardıcıl səylər nəticəsində uğurlar qazanmağa yardım edəcək yeganə keyfiyyətdir. Yəqin ki, qarşıda hər xalqın, hər toplumun potensialını açmağa qadir çağdaş elm və təhsil sistemləri də qurulacaq ölkəmizdə.
İndi təqdim etdiyim azərbaycanlı Namiq Məmmədli isə arzuladığımız cəsarət və inama sahibdir. O, fizika elminə yeni qravitasiya nəzəriyyəsi təqdim edir. Namiqin öz nəzəriyyəsi ilə nə qədər uzağa gedəcəyini deyə bilmirəm, amma o öz iddiası ilə hər bir azərbaycanlıya örnək ola bilər. Elmi cəsarət bizdə çatmır. Elmlə məşğul olmaq da kasaddır bizdə. Elmlər Akademiyasında və universitetlərdə əksər alimlər siyasi hakimiyyətə mədhiyyələr düşünürkən, yaxud gündəlik qayğılarının dalınca düşərkən Namiq illərdir bu nəzəriyyə üzərində çalışmaqdadır. Elmi təcrübələr aparmağa uyğun laboratoriyalar tapmaqda çətinlik çəkir, hesablamalar aparmağa riyaziyyatçı dəstəyi almaq üçün dəridən-qabıqdan çıxır, amma yorulmur. Çalışır.
Namiq Məmmədli sağlam düşüncəli, sağlam cüssəli, sağlam ruhlu, yüksək intellektli, mədəni, rahat, gülərüz, amma elmdə iddialı bir insandır. Ona çoxlu tərs suallar verdim. Onda öz işlərinə inamsızlıq yaratmağa çalışdım. Amma qarşımda öz hipotezlərinə möhkəm inanan, bu istiqamətdə axtarışlarını davam etdirməkdən dönməyən bir adam gördüm. Ondan xahiş etdim ki, dünyada məşhur elmi mərkəzlərə təqdim etdiyi baxışlarını elmi-populyar dildə təsvir etsin və bununla cəmiyyətimizin də tanış edək.
Mələyin uçma sürətini hesablayan elm nümayəndələrinin fikirlərinin ucadan səsləndiyi bir ölkədə kiminsə belə ciddi elmi nəzəriyyə irəli sürməsinə çoxlarınız inamsız yanaşa bilərsiniz, amma bu nəzəriyyənin taleyindən asılı olmayaraq, onun müəllifinin inamı, ciddiliyi, çalışqanlığı və nəhayət cəsarəti bizi sevindirməlidir və bu, bizim topluma elmi cəsarət aşılaya bilər. Əmin edə bilər ki, elm azərbaycanlıların da inam və uğurla gedəcəyi yoldur. Yola çıxmaqdan qorxmamalıyıq.
Buyurun, alim olanlar və olmayanlar, oxuyun, etiraz edin, dəstəkləyin, heç olmasa tanış olun!
Şahvələd Çobanoğlu, jurnalist