Jurnalistin ölümünə görə həbs olunan gəclərin valideynləri Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirdi
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsilə əlaqədar həbs olunmuş beş nəfər – Elşən Ismayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin yaxınları bu iş üzrə məhkəmənin obyektiv və ədalətli qərar çıxaracağına şübhə ilə yanaşırlar. Xüsusən məhkəmənin Rasim Əliyev döyüləndən sonra onu xəstəxanada müayinə və müalicə etmiş həkimləri dindirməkdən imtina etməsindən sonra bu şübhələri daha artıb. Bu səbəbdən də onlar ədalətli məhkəmə tələbi ilə dünən Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər.
Əllərində Azərbaycan bayrağı ilə Prezident Administrasiyasının önünə gedən valideynlərin qarşısını polis kəsib. Valideynlər Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovla görüşmək istədiklərini bildiriblər. Bundan sonra bu iş üzrə həbs olunan beş nəfərin hərəsinin bir valideyni Prezident Administrasiyasının qəbul şöbəsinə buraxılıb. Valideynlər iki saatdan artıq orada gözləsələr də, kimsə ilə görüşə bilməyiblər. Sonda prezidentə ünvanladıqları müraciəti Prezident Administrasiyasının qəbul şöbəsindəki poçt qutusuna atıb çıxıblar.
Narazı vətəndaşlar iki saatdan artıq gözlədikdən sonra onlara bildirilib ki, Fuad Ələsgərovun qəbul günü hər ayın 1-di, həmin gün səhər tezdən gəlmək lazımdır.
Prezident Administrasiyasından çıxandan sonra curnalistlərə açıqlama verən valideynlər bildirib ki, onların tələbi heç də övladlarının məsuliyyətdən kənarda qalması deyil. Sadəcə, hər kəsə törətdiyi əmələ uyğun cəza verilməsini istəyirlər.
“Videodan da açıq-aydın görünür ki, iki nəfər – Kənan Mədətov və Samir Mustafayev ümumiyyətlə, Rasim Əliyevə əl vumayıb. Samir Mustafayev hələ əl verib onu yerdən qaldırıb. Iş materiallarında ekspertizanın rəyi var ki, Kənan Rasim Əliyevə toxunmayıb. Hamıya eyni maddəni vermək doğru deyil axı…”, – deyə Kənan Mədətovun anası Ilhamə Mədətova bildirib.
Valideynləri narazı salan əsas məqam isə həkimlərin məsuliyyəti məsələsinə yanaşmadır.
“Əvvəl prokurorluq, indi də məhkəmə açıq-aşkar həkimləri məsuliyyətdən kənarda saxlayır. Niyə? Öz ayağı ilə xəstəxanaya gələn, orada müsahibə verən, normal danışan bir adam niyə ölməli idi? Ölümə səbəb olan problemi niyə vaxtında xəstəxanada müəyyənləşdirib tədbir görməyiblər? Burada açıq-aşkar həkim məsuliyyətsizliyi, səhlənkarlığı var. Onların günahını da bizim uşqların üzərinə yıxırlar”, – deyə valideynlər etirazlarını bildiriblər.
Aytən