Yaxud hakimiyyətin riyakarlığının daha bir sübutu
Vətənini, millətini, dövlətini sevən hər kəs bu dövlətin hər bir uğuruna sevinməlidir. Bu gün Azərbaycanın ərazi bütövlüyü pozulub, 20 faiz torpaq düşmən tapdağındadır və s. Hər birimizin arzusudur ki, torpaqlarımız işğaldan azad olsun, Azərbaycan həqiqətləri dünyaya çatdırılsın və münaqişə ədalətli həllini tapsın.
Təəssüf ki, uzun illər hakimiyyət saxta vətənpərvərliklə məşğul olub, xaricdəki təbliğat dövlətin deyil, hökumətin maraqları baxımından reallaşıb və uğursuzluq zolağı uzanıb. Qarabağ məsələsində Azərbaycanın maraqlarından çıxış edən beynəlxalq təşkilatlara, dövlətlərə qarşı qara piar kampaniyası aparılıb. Hökumət demokratik islahatlardan qaçmaq naminə, dünyanın Qarabağ məsələsindəki sağlam mövqeyindən istifadə etməyib.
Bütün bunları xatırlatmaqda məqsədimiz hökumətin daha bir riyakarlığını üzə çıxarmaqdır. Belə ki, ABŞ-ın daha bir ştatıÿ Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib. ABŞ-ınÿNebraska ştatının qubernatoru Pit Rikets (Pete Ricketts) bəyannamə imzalayaraq 26 fevral tarixini bütün Nebraska ştatında “Xocalını Anma Günü” elan edib və ştat sakinlərini bu günü hüznlə yad etməyə çağırıb. Əlbəttə, Xocalı soyqırımının daha çox ölkədə tanınması, erməni vəhşiliyinin ifşa edilməsi bizim uğurumuzdur və buna sevinirik. Məsələ burasındadır ki, bu gün Nebraska ştatının Xocalı soyqırımını tanıdığını uğur kimi təqdim edən, bunun təbliğatını aparan hökumət, dünənə qədər ABŞ əleyhinə təbliğat aparırdı, ABŞ-ı ermənipərəstlikdə ittiham edirdi. Ramiz Mehdiyev palaz boyda yazı yazaraq ABŞ-ı Azərbaycanın düşməni kimi təqdim etdi, hökumət Helsinki Komissiyasının üzvlərini ermənipərəst adlandırdı və s. Onu da qeyd edək ki, bugünə qədər ABŞ-ın 18 ştatı Xocalı soyqırımını tanıyıb.
Belə çıxır ki, ABŞ ölkədəki anti-demokratik idarəetməni tənqid edəndə “ermənipərəst” olur, amma Xocalı soyqırımını tanıyanda yox? Bu qədər cılız, riyakar, düşüncəsiz yanaşma ancaq YAP hakimiyyətinə məxsus ola bilər. Guya, dünənə qədər ABŞ əleyhinə təbliğat aparanda, bu dövlətin 18 ştatının Xocalı soyqırımını tanımasından bixəbər idilər? Əlbəttə, yox. Sadəcə olaraq bu hakimiyyət hansı cinahdan tənqid gəlirsə, həmin cinahı “ermənipərəst” adlandırır. Leyla Yunusun həbsini pisləyən beynəlxalq təşkilatları da erməni lobbisinin əlaltıları kimi təqdim edirdilər. Amma bu təşkilatlar Leyla Yunusun azadlığa buraxılmasını təqdir edəndə, hökumət mətbuatı bu təşkilatların təriflərini tirajlamağa başladılar.
Amma riyakar siyasət bununla da bitmir. Bu gün ABŞ-ın 18 ştatı Xocalı soyqırımını tanıyıb, bəs Rusiyanın hansısa vilayəti bu addımı atıbmı? Hökumətin təzim etdiyi Rusiyadan bir dəfə də olsun Azərbyacanın ərazibütövlüyünə dair açıqlama verilibmi? Əlbəttə, yox.
Əvəzində Ermənistanın tanınmış ictimai xadimi, yazıçısı Zori Balayanın 81 yaşını Rusiyada yüksək səviyyədə qeyd ediblər. Tədbir şəhərin Incəsənət Işçiləri Sarayında keçirilib. Rusiya Yazıçılar Birliyi, Rusiya Jurnalistlər Birliyi, “Literaturnaya Qazeta” və “Bədii Ədəbiyyat” federal nəşriyyat evinin təşkilatçılığı ilə baş tutan mərasimdə Balayanın karyerası ərzində yazdığı məqalələr, reportajlar, o sıradan “Ocaq” əsərinin daxil olduğu kitablar təqdim edilib. “Ocaq” əsəri bütövlükdə Azərbaycan əleyhinə yönəlib. 1980-ci illərin əvvəllərində yazılan “Ocaq” əsəri bir il sonra kitab şəklində nəşr olunub. Mərasimdə Rusiya və Ermənistanın tanınmış ictimai-siyasi və ədəbiyyat xadimləri iştirak ediblər. Xatırladaq ki, Zori Balayanı 1999-cu ildə Azərbaycan Baş Prokurorluğu Interpol xətti ilə beynəlxalq axtarışa vermişdi. Bəli, Azərbaycanın düşməni Rusiya elitasının sevimli qonağına çevrilib və bu adamın Azərbaycan əleyhinə olan kitabının təqdimatına yığışıblar.
Bütün dövlət maraqlarını Rusiyanın maraqları üzərində quran hökumət buna niyə etiraz etmir? ABŞ-da Rusiyanın dirijorluğu ilə törədilən Xocalı soyqırımı pislənilir, Rusiyada isə Xocalı həqiqətlərini təhrif edən, Azərbaycanın düşməni olan Balayana tərifnamə deyilir.
Bir daha təsdiqlənir ki, ən böyük ermənipərəst Azərbaycan hakimiyyətinin sığındığı Rusiyadır. Ermənipərəst Rusiyanın qucağına sığınan hökumət, Avropadan, ABŞ-dan hansı əsasla Qarabağla bağlı mövqe gözləyir? Amma bütün bunlara baxmayaraq, Avropa Parlamenti, Almaniya Bundestaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnanmə qəbul edir, ABŞ ştatlarında “Xocalı günü” qeyd olunur.
Nəticə bundan ibarətdir ki, Azərbyacan hakimiyyəti antiQərb təbliğatıyla əslində Qarabağ əleyhinə fəaliyyət göstərir. Hakimiyyətin Avropanı, ABŞ-ı hədəf seçməsi ən çox Ermənistanın işinə yarayır. Çünki, işğala məruz qalmış ölkənin hökuməti işğalı pisləyən dövlətlərə qarşı fəaliyyət aparır. Hökumət Rusiyanın xoşuna gəlmək və demokratik islahatlardan yayınmaq üçün uzun illər ərzində Qarabağın taleyinə biganə qalıb.
Amma yenə də fakt qarşısında qaldılar və Azərbyacanın maraqlarına uyğun addım ABŞ-dan gəldi. Azərbaycan hakimiyyəti isə hələ də Zori Balayanlara atalıq edənlərə beyət etməkdədir.
Samir