O, barəsində olan ittihamı qanunsuz sayır
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan “www.7gun.az” xəbər portalının təsisçisi və baş redaktoru Cavid Şirəliyev “Azadlıq”a müraciət edib. Müraciətdə deyilir:
“Mən jurnalist və hüquq müdafiəçisi kimi fəaliyyətimin icrasıyla əlaqədar dəfələrlə təqib və təzyiqlərə məruz qalmışam. 30 avqust 2014-cü ildə heç bir hüquqi əsas və səbəb olmadan DIN əməkdaşları tərəfindən saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində başlanmış cinayət işi üzrə CM-in 182.2.1 və 182.2.4-cü, hədə-qorxuyla tələbetmə maddələriylə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmişəm.
Hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işində ittiham olunuram. Guya mən tanışım Asif Orucovla 2013-cü ilin iyunun ortalarında Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1, ev 104 ünvanında qeydiyyatda olan Şəfiqə Xankişiyevaya məxsus mobil telefona zəng edərək ondan icarədarı olduğu Tovuzun Qovlar qəsəbəsindəki “Tatar” kafesində əxlaqsızlıq yuvasının olması barədə rüsvayedici məlumatlar yayacağım hədəsiylə 2000 manat pul tələb edib 700 manat almışam.
Asif Orucov məhkəmə prosesində 11 aprel 2012-ci ildən 19 oktyabr 2013-cü ilədək Pentensiar Xidmətin 5 saylı məntəqə tipli Cəzaçəkmə Müəssisəsində olduğunu və cəza çəkdiyini, 2013-cü ilin iyunun 1-dən 30-a qədər müəssisədə məhkumların qeydiyyat kitabını hər gün imzaladığını və 10 iyunda intizamsızlığa görə ona töhmət verildiyini, 20 iyunda isə beş gün cərimə təcridxanasına salındığını bildirib. O, ibtidai istintaq zamanı etmədiyi cinayət əməlini etiraf etmək məqsədilə DIN-in BMC əməkdaşları tərəfindən döyüldüyünü, mənimlə bağlı DIN-in yüksək rütbəli zabitlərinin sözlərilə, onların maraqlarına və uydurmalarına uyğun formada yazılmış ifadələri və üzləşmə protokollarını müxtəlif işgəncələr altında imzaladığını deyərək bu barədə məhkəməyə vəsatət verdi.
Ibtidai istintaq zamanı mobil operatorlardan alınan telefon danışıqlarına dair məlumatlarda mənimlə Şəfiqə Xankişiyeva arasında heç bir vaxt telefon danışıqlarının olmadığı müəyyən edilib və müstəntiq tərəfindən baxış protokolu tərtib edilib.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin Ibtidai Araşdırması Departamentinin 15 yanvar 2015-ci il tarixli məktubunda 31 dekabr 2013-cü ilədək Tovuzun sözügedən qəsəbəsində “Tatar” kafesinin mövcud olmadığı və fəaliyyət göstərmədiyi qeyd edilib. Bu faktı Tovuzun qəsəbə sakinləri də təsdiq edib və akt tərtib edilib. Bütün bu və digər hallar təqsirsizliyimilə bağlı əhəmiyyətli və təkzibedilməz sübutlardır. Lakin cinayət işi üzrə ibtidai istintaq qərəzli və kobud qanun pozuntularıyla aparılıb. Bu barədə əlaqədar qurumlara çoxsaylı ərizə və şikayətlərimə isə qanunla müəyyən edilmiş qaydada baxılmayıb. Ona görə də DIN və baş prokurorluğun vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi, onların məsuliyyətə cəlb edilməsi tələbiylə məhkəməyə müraciət etmişəm. Hazırda ərizələrim Bakı Apellyasiya məhkəməsinin icraatındadır. Məhkəmə proseslərini nəzarətdə saxlamanızı, hüquq və azadlığımın müdafiəsi, pozulmuş hüquqlarımın bərpası üçün mənə zəruri kömək etməyinizi xahiş edirəm”.
Sosial şöbə