Nemət Əliyev: «Kölgə iqtisadiyyatının aradan qalxması əhalinin, xüsusilə də biznes strukturlarının gəlirlərinin sürətlə artmasına səbəb olardı»
Azərbaycanın üzləşdiyi maliyyə problemləri hökuməti beynəlxalq maliyyə qurumlarına üz tutmağa məcbur etdi. Amma bir sıra məqamlar Azərbaycan hökumətinin müraciətini maliyyə qurumlarının gözündə əsassız etdi. O məqamlardan birini elə Beynəlxalq Valyuta Fondu ilə Dünya Bankının birgə missiyası Bakıda olarkən hökumətin diqqətinə çatdırıb. Bu, Azərbaycanda iri pulların dövr etdiyi kölgə iqtisadiyyatıdır. Bəzi rəqəmlərə görə, kölgə iqtisadiyyatı 32, digər rəqəmlərə görə isə 50 faizdir.
Azərbaycanda kölgə iqtisadiyyatının 32-50 faiz təşkil etməsində biznes strukturlarının əhəmiyyətli hissəsinin məmurların nəzarətində olması ilə bağlıdır. Sirr deyil ki, məmurların nəzarətində olan biznes strukturları xüsusi imtiyazlara sahibdir. Onlar nə vergi, nə də digər rüsumları ödəyir. Bununla da dövlət büdcəsinə milyardlarla manat zərər vurulur.
Yaxşı, əgər kölgə iqtisadiyyatı, ikili mühasibatlıq ləğv edilərsə, bu, ölkə iqtisadiyyatına necə təsir edə bilər? Bu sahədə islahatlara hansı sahələrdən başlamaq daha effektiv ola bilər?
Iqtisadçı Nemət Əliyev bildirdi ki, Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun məsələyə bu cür yanaşması həm düzgün, həm də xalqımızın maraqlarına uyğundur. N.Əliyevin sözlərinə görə, Azərbaycanda illərdir kök salan bir bəlanın gündəmə gətirilməsi və aradan qaldırılmasının istənilməsi müsbət haldır. N.Əliyevin fikrincə, Azərbaycan hakimiyyəti buna görə beynəlxalq qurumlara təşəkkür etməlidir: “Azərbaycanın dörd milyardlıq borc istəyinin geri çevrilməsi də bu məqam nəzərə alınanda anlaşılır. Bir halda ki, kölgə iqtisadiyyatının həcmi bu səviyyədədir. Beynəlxalq maliyyə təşkilatları maliyyələrini Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına, tələb olunan sosial islahatların reallaşmasına deyil, bürokratik aparatın, korrupsiyanın yeminə çevrilməsi üçün ayıra bilməz. Kölgə iqtisadiyyatı bütün dünyada var. Amma bizim üçün təhlükəli məqam ondan ibarətdir ki, kölgə iqtisadiyyatının çəkisi o qədər böyükdür ki, bu, yerdə qalan sahələrin inkişafına imkan vermir. Kölgə iqtisadiyyatı ölkənin bütün ictimai, sosial-iqtisadi həyatını nəzarətinə alıb və digər sahələrin də inkişafına təsir edir”.
N.Əliyev hesab edir ki, kölgə iqtisadiyyatının aradan qalxması əhalinin, xüsusilə də biznes strukturlarının gəlirlərinin sürətlə artmasına səbəb olardı. Eyni zamanda rüşvət və korrupsiyanın da tam ləğvi ölkə iqtisadiyyatının sərbəst nəfəs almasına xidmət edəcək: “Kölgə iqtisadiyyatının ləğvi eyni zamanda müəssisə və təşkilatların da xərcini azaltmış olardı. Xərclərin aşağı düşməsi, gəlirlərin isə artması əhalinin əlində olan sərbəst pul vəsaitlərinin artımına gətirib çıxarardı. Bütün bunların nəticəsində isə dövlət büdcəsinin də gəlirləri artacaq”.
N.Əliyev bir məqamı da vurğuladı ki, kölgə iqtisadiyyatının ləğvi illərdir dövlət aparatında kök atmış insanların dirənişinə səbəb ola bilər. “Bundan çəkinmək lazım deyil. Bir halda ki, onlar xalqa böyük fəlakətlər yaşadan əməllərindən əl çəkmir, onlara heç bir aman tanınmamalıdır. Bu şəxslərin cinayət məsuliyyətinə cəlbi və həbsi reallaşdırılmalıdır”, deyə N.Əliyev vurğuladı.
Xəyal