Maliyyəçi Corc Soros 2017-ci ildə Rusiyanın müflis olacağını deyir. Belə ki, gələn il xarici borcların əhəmiyyətli hissəsi ödənilməlidir. Bundan qaçmaq üçün Putin Avropa Birliyini uçuruma itələmək istəyir.
“Putin rejimi 2017-ci ildə, borcların ödənilməsi vaxtı çatanda müflis ola bilər”, – deyə milyarder Soros xəbərdarlıq edir. Onun sözlərinə görə, Putinin populyarlığı “cəmiyyətlə müqavilə”yə əsaslanıb. Buna əsasən, dövlət başçısı maliyyə stabilliyini və həyat səviyyəsinin artımını təmin etməlidir. Lakin Qərbin sanksiyaları və neftin qiymətinin ucuzlaşması ona vədlərini yerinə yetirməyə imkan vermir. Rusiya büdcəsinin kəsiri ÜDM-in 7%-i təşkil edir, inflyasiyanın nəzarətdən çıxmaması üçün hökumət onu 3%-a salmalıdır. Bütün bu hallar həyat səviyyəsinə mənfi təsir edə bilər. Həmçinin payızda keçiriləcək parlament seçkiləri ərəfəsində seçicilərin fikrinə təsirsiz ötüşməyəcək.
Sorosun sözlərinə görə, Putini hakimiyyətdə Avropa Birliyinin kollapsı saxlaya bilər. AB-nin dağılması Rusiyanı sanksiyaların bəzilərindən xilas edər. Eyni zamanda Putin Avropanın bölünməsindən iqtisadi mənfəət əldə edə bilər.
azadlıq.info