Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Dünən Azərbaycanın məhkəmə-məzhəkəmə sisteminin adına-sanına layiq bir xəbər oxudum, xəbərdə deyilirdi ki, “Qara Rahilə” kimi tanınan, əvvəllər də cibgirlik və narkotik maddə saxlamaqda ittiham olunaraq 10 dəfədən artıq məhkumluq həyatı yaşayan, sonuncu dəfə azadlığa buraxıldıqdan sonra Sumqayıt və Bakıda çoxsaylı oğurluq və cibgirlik əməlləri törətməkdə təqsirli bilinən qadına 4 il həbs cəzası kəsilib. Halbuki eyni Azərbaycan məhkəmə-məzhəkələri Qarabağ əlili olan, üstəlik, zərərçəkənə dəyən zərəri ödədiyinə və qarşı tərəfin heç bir şikayəti olmadığı haqda ərizəsinə rəğmən siyasi fəal Asif Yusiflini 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib! Bu cür ədalət anlayışını ürəkdən alqışlayırıq. Doğru olan da budur: məsələ onda deyil ki, siz həqiqətən cinayətkarsınız, ya yox. Məsələ ondadır ki, siz müxaliftçisiniz, ya yox. Müxalifətçisinizsə, deməli, avtomatik olaraq cinayətkarsınız, törətmədiyiniz cinayətə görə belə, cəza çəkməyə məhkumsunuz.
Uzağa getməyək, təzəlikcə, bir generalın qohumunun Bakının hansısa yanacaqdoldurma məntəqəsinin işçilərini söyməsi və döyməsi faktı ortaya çıxdı. Bunun qarşılığında həmin məmur qohumuna vur-tut 30 sutka inzibati həbs cəzası kəsildi. Halbuki, jurnalist Seymur Həzi ona hücum çəkən birindən qorunmaqdan ötrü ona su qabı atdığı üçün 5 il azadlıqdan məhrum edilib! Məncə, hətta azdır, Seymuru güllələmək, dar ağacından asmaq lazım idi. Nə olsun bizdə edam hökmü ləğvi edilib, bir halda ki, siz Sistemin vintciyi və təkərciyinə çevrilməkdən boyun qaçırır, ona dirənir, müqavimət göstərir, onu ifşa edirsiniz, nəyə görə yaşamalısınız! Nə haqqınız var Azərbaycanın havasını udub, suyunu içib, çörəyini yeməyə?!
Hə, bax bizdə ədalətli mühakimə hüququnu əslində məhz bu həddən artıq arxaik, qıcqırmış, üfunət saçan milli-mənəvi, mental yanaşma həll edir: “Azərbaycanın havasını udub, suyunu içib, çörəyini yeyib…” Arxası məlumdur. Əgər siz ayağınızı rejimin çəkdiyi cızıqdan azacıq kənara qoyur, onun diktə etdiyi kimi düşünməkdən və davranmaqdan boyun qaçırırsınızsa, dərhal dövriyyəyə “Azərbaycanın havası, suyu, çörəyi” girir. O həm prokurordur, həm müstəntiq, həm hakim, həm işverən, həm “zərərçəkən”, həm türmə rəisi, həm də kimi istəyirsinizsə – odur!
Hər cür müxalif fikirin, tənqidçi sözün, hakim sistemə aykırı düşüncənin “vətən xaini”, “xalq düşməni” elan edilmək üçün yetərli sayıldığı idarəetmə təfəkkürünün hökm sürdüyü bu ölkədə məhkəmələrin ədalət anlayışını əzib keçməsi nə qədər təbii, mənitiqəuyğundursa, kütlənin də azad insanları vətənin “havası”, “suyu”, “çörəyi” ilə təhdid etməsi, hədələməsi o qədər anlaşılandır. Hansı ki, kütlə heç vaxt düşünməyəcək – o havadan 37-ci il qoxusu gəlir, ya yox? O suyun başında “Azərsu” kimi korrupsiya əjdahası əyləşib, ya yox? O çörək daşdan çıxır, ya yox?
Mən indiyədək görməmişəm, eşitməmişəm ki, orta statistik azərbaycanlı “Azərbaycanın havasını, suyunu, çörəyini” hansısa rüşvətxorun, xalq malını yeyənin, məzlumun ahını alanın, seçki qutusuna topa-topa bülleten atanın ünvanına desin, üzünə çırpsın. Bu ürəkbulandıran, ibtidai təfəkkürün, aqrar düşüncənin məhsulu olan qarğış, hədə bir qayda olaraq o adamlara ünvanlanır ki, onlar ölkələrinin havasını təmiz, suyunu saf, çörəyini halal görmək istəyirlər, onlar ölkələrində düzlüyün, dürüstlüyün, həqiqətin təntənəsini istəyirlər və Sistemin qəzəbinə tuş gəlirlər. Rejimin sevmədiyi, düşmən kimi gördüyü adamın isə hökumətlə hökumətlik etməyi günah sayan, padşahı allahın yerdəki kölgəsi kimi qəbul edən kütlə üçün “cəzası” hazırdır: “Azərbaycanın havası, suyu, çörəyi haram olsun!”
Əvəzində isə cibgirlik, oğurluq, rüşvətxorluq fərasət göstəricisinə çevrilir, “bacarana baş qurban!” düşüncəsini yaradır.
Və beləcə, Sistemin ədalətsiz ədaləti çox asanlıqla təcəlla edir: hansısa “Qara Rahilə”yə 4 il, amma azadlıq, hüquq istəməyə görə bundan ikiqat, üçqat artıq!