Kəşfiyyat Agentliyi Azərbaycan-Ermənistan münaqişəsinin 2016-cı ildə daha da kəskinləşəcəyi proqnozunu verir
ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms Klepper fevralın 9-da Konqresin kəşfiyyat komitəsində Amerika kəşfiyyat cameəsinin dünya üzrə risklərin qiymətləndirilməsinə dair illik məruzəsini təqdim edib.
Amerikanın bütün kəşfiyyat strukturlarını birləşdirən Milli Kəşfiyyat Agentliyinin direktorunun təqdim etdiyi məruzənin Qafqaz və Mərkəzi Asiya regionlarına dair hissəsində bir sıra maraqlı məqamlar yer alıb. Sənəddən məlum olur ki,ÿAmerikanın hökumət casusları və analitikləri Rusiyanın təzyiqləri altında Gürcüstanın öz geosiyasi oriyentasiyasını dəyişə biləcəyi qənaətinə gəliblər.
Ceyms Klepperin məruzəsində göstərilib ki, hətta indi, Gürcüstanın islahatlar sahəsində irəlilədiyi bir vaxtda gürcü siyasətində rəqabət şiddətlənəcək. 2016-cı il parlament seçkiləri ərəfəsində iqtisadi problemlər də hökumət üçün siyasi baxımdan çox həssas çağırış olacaq. Gürcü elitasında və ictimaiyyətində qərbə inteqrasiyanın yavaş templə getməsindən məyusluq hökm sürür. Belə bir vaxtda daha effektivli olan Rusiya təbliğatı Tiflisin avroatlantika məkanına inteqrasiyanı yavaşıtması, yaxud dayandırması ehtimalını artırır.
“Rusiya ilə gərginlik yüksək olaraq qalacaq və biz hesablayırıq ki, Moskva Tiflisin Avropa Ittifaqı və NATO ilə sıx əlaqələrdən imtina etməsi üçün ona təzyiqləri artıracaq” – deyə, Ceyms Klepper bildirib.
Amerika kəşfiyyatının qənaətinə görə, Mərkəzi Asiyada hökumətlər Əfqanıstandan qaynaqlanan islam ekstremizmindən çox narahatdır. Eyni zamanda, bu hökumətlər getdikcə artan daxili təhdidlərlə üzləşiblər. Məruzəyə əsasən Rusiya bu vəziyyətdən Mərkəzi Asiyada iştirakını genişləndirmək üçün istifadə edə bilər.
ABŞ kəşfiyyatının məruzəsində diqqəti çəkən əsas məqam 2016-cı il ərzində Ermənistanla Azərbaycan arasında gərginliyin yüksək olaraq qalacağının vurğulanmasıdır. Məruzədə qeyd edilib ki, Bakının artan hərbi gücü və Azərbaycandakı iqtisadi problemlər münaqişənin 2016-cı ildə daha da kəskinləşməsi potensialını yaradır. Çünki Azərbaycan Dağlıq Qarabağdan imtina etməyə, Ermənistan isə nəzarət etdiyi əraziləri boşaltmağa hazırlaşmır: “Bu isə münaqişənin sülh yolu ilə nizamlanmasını mürəkkəbləşdirir”.
ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoruna görə, Rusiyada iqtisadi geriləməyə baxmayaraq Kreml sərt xarici siyasət xəttini davam etdirəcək, bu zaman qonşu ölkələrə qarşı hərbi və hərbiləşdirilmiş qüvvələrdən gizli şəkildə istifadə edəcək.
Politoloq Hikmət Hacızadə yuxarıda qeyd edilənlərə münasibət bildirərək ABŞ kəşfiyyat şefinin söylədiklərinin reallaşmasını mümkün sayır. O, ABŞ Milli Kəşfiyyat Agentliyinin sıradan heç bir qərar vermədiyini deyərək məruzədəki fikirlərin adətən, əsaslandırıldığını söyləyir:
“Onlar heç vaxt havadan proqnoz vermirlər. Belə bir çıxışla məruzə təqdim edirlərsə, deməli, onun üçün əsasları və hansısa məlumatları var. Rusiyanın təsiriylə Gürcüstanın geosiyasi orientasiyasının dəyişməsi, həmçinin Azərbaycan-Ermənistan münaqişəsinin daha da gərginləşəcəyilə bağlı ABŞ kəşfiyyatının bəyan etdikləriylə razılaşmaq olar”.
Nigar