Hökumət bölgələri dotasiyadan məhrum etməkdə israrlıdır
Ötən saylarımızda məlumat vermişdik ki, Prezident Administrasiyası icra başçılarından rəhbərlik etdiyi rayon və şəhərlərdəki vəziyyətlə bağlı dəqiq raport tələb edib.
Məlumatda deyilirdi ki, bu raport rayonların dotasiyadan məhrum edilməsi barədə planın tərkib hissəsidir. Qeyd edək ki, hələ bir müddət əvvəl ölkə başçısı Ilham Əliyev müşavirələrin birində rayonlara dotasiya ayrılması məsələsinə toxunaraq bildirmişdi ki, bəzi rayonlar dotasiyasız da keçinə bilərlər. O zaman belə məlumat yayıldı ki, hökumət anti-böhran tədbiri kimi rayonlara ayrılan dotasiyanı kəsmək istəyir. Bildirilir ki, Ilham Əliyevin çıxışından sonra Prezident Administrasiyasından rayon icra hakimiyyətlərinə tapşırıq gəlib ki, dotasiyanın kəsilməsinə hazır olsunlar. Eyni zamanda icra başçılarından yerlərdəki vəziyyətlə bağlı dəqiq raport tələb olunub. Icra başçıları deyilən raportu hazırlayaraq Prezident Administrasiyasına göndəriblər. Raportla tanışlıqdan sonra bəlli olub ki, rayonlardakı iri ticarət obyektləri, müəssisələr, restoran və şadlıq sarayları, xidmət sahələri yüksək vəzifəli məmurlara məxsusdur.
Icra başçıları raportlarında qeyd ediblər ki, məmurlara məxsus obyektlərdən vergi və digər rüsumları yığmaq mümkün deyil. Bu baxımdan da dotasiyasız vəziyyət çətin olacaq. Beləliklə də administrasiya da dotasiya məsələsində çətinə düşüb.
Bu arada vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, ərazi vergi orqanlarının fəaliyyətinin səmərəliliyini yüksəltmək, regionlar üzrə vergi daxilolmalarının artırılmasını təmin etmək üçün nazirlikdə yeni baş idarə yaradılıb. Əldə etdiyimiz məlumata görə, baş idarə bilavasitə icra başçılarının raportlarında qaldırdığı problemlə məşğul olacaq.