ABŞ, Rusiya və Əsəd güclərinin dəstəklədiyi YPG hərbi imkanlarını genişləndirir. PKK-nın bir qanadı sayılan bu təşkilatın yeni aviabazaya sahib olduğu bildirilir.
Hələb-Türkiyə sərhədini birləşdirən yolun qapadılmasından sonra havadan rus döyüş təyyarələrinin bombardmanı və quruda Iran güclərinin dəstəyi ilə Əsəd qüvvələri şimala doğru irəliləməyə başlayıb. Onların Türkiyə sərhədinin 15 kilometrliyində olduğu bildirilir. Bölgədə rus döyüş təyyarələrinin dəstəyi ilə hərəkət edən qruplaşmalardan biri də PYD-dir. ABŞ-dan açıq dəstək alan bu qruplaşma suriyalı müxaliflərin əlində olan bir sıra əraziləri və hərbi bazanı ələ keçirib.
Bu isə o deməkdir ki, Türkiyənin düşmənləri ölkə sərhədinin yaxınlığındadılar. Eyni zamanda sərhədə rus təyyarələrinin bombardmanından qaçan türkmənlər də axın edir. Lakin onlar Türkiyənin müxtəlif şəhərlərində qaçqın kimi yaşayan ərəblər qədər şanslı deyillər. Belə ki, türkmənləri sərhəddən buraxmırlar. Türkiyə sərhədində yaradılan çadır şəhərciyinə sığınanların sayı isə günbəgün artır. Hazırda şəhərcikdə 100 minə yaxın qaçqın məskunlaşıb.
Aydın Taş, Ankara