Paytaxt sakininin evinə Apelyasiya Məhkəməsi hakiminin bacısı yiyələnib
Bakı şəhəri Nizami küçəsi ev 77, mənzil 90 ünvanında qeydiyyatda olan, hazırda digər şəxslərin himayəsində yaşayan Yelena Berezinskaya redaksiyamıza məktub yollayıb. O, əvvəllər də üzləşdiyi problemlə bağlı redaksiyamıza müraciət etməsini xatırladaraq, ona kömək göstərməyimizi xahiş edib. Rus millətindən olan Yelena Berezinskaya prezidentin “multikulturalizm ili” elan etdiyi bu ildə halalca mənzilindən bayırda qalmasının qarşısının alınmasını istəyir.
Yelena Berezinskaya yazır: “Belə ki, mənə məxsus olan 3 otaqlı mənzil məhkəmə qərarları ilə mənimsənilib. Əvvəlcə otaqlardan biri, daha sonra isə digəri məhkəmə qərarı ilə Əskinaz Abbasovaya verilib. Xəstə və köməksiz olduğumdan istifadə edərək sənəd-sübutla adıma qalan 20.5 kvadrat metrlik mənzildən də çölə atılmışam. Xeyirxah insanların köməyi ilə məhkəmələrə müraciət etdim. Sonuncu dəfə məhkəmə həmin mənzilin boşaldılaraq mənə verilməsi barədə qərar çıxarıb. Amma əvvəlki qərarlarda olduğu kimi bu qərarın da Apelyasiya Məhkəməsində qüvvəyə minməməsinə çalışanlar var. Abbasova Əskinaz kimlərləsə əlbir olub, hansı yollasa evin saxta çertyojunu tərtib edərək məhkəməyə təqdim edib. Həmin çertyojda otaqların yerini dəyişik yazıb, mənə aid olan 20.5 kv otağı 19.6 kvadratmetr kimi, 19 kvadratmetr olan otağı 20.5 kvadratmetr kimi göstərib hamını aldadırlar. Apelyasiya Məhkəməsində tələb etdim ki, məhkəmə yerində baxış keçirilib, dəqiq ölçmələr aparmaqla mənə məxsus 20,5 kvadratmetr olan otağımı tapıb özümə qaytarsın.
Fevralın 11-də saat 17:00-da Nəsimi rayonu, Nizami küçəsi, ev 77, mən 90-da Apelyasiya Məhkəməsinin hakimi Toğrul Əliyevin iştirakı ilə hadisə yerinə baxış keçirilib, mənə qalan sonuncu otağın taleyinə aydınlıq gətiriləcək.
Həmişə mənə dəstək olmusunuz, problemimi dəfələrlə qəzetinizdə işıqlandırmısınız. Bu xeyirxahlığınızı yenə davam etdirin. Qəzetinizdən bir əməkdaşın həmin ölçmə prosesində iştirakını təmin edib, həqiqətin ortaya çıxmasında mənə kömək göstərməyinizi sizdən xahiş edirəm.
Xatırladıram ki, qarşı tərəfin – Abbasova Əskinazın bacısı Seyidova Səriyyə Seyid qızı Apelyasiya Məhkəməsinin hakimidir. Birbaşa hakimlərə təsiri mümkündür. Xahiş edirəm saxtakarlıq, özbaşınalıqlara qarşı mübarizədə mənə kömək edəsiniz”.