MB-nin bir sıra səlahiyyətlərinin Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsinə hökumətdən «izahat» gəldi
Nemət Əliyev: «Dövlət orqanları arasında qarşılıqlı nəzarət istiqamətində ciddi boşluqlar var»
Azərbaycan hökuməti atdığı qeyri-müəyyən addımlara da elə qeyri-müəyyən izahat verir. Böhranlı vəziyyətdə daha çevik və real nəticələrə hesablanan qərarlar vermək əvəzinə hökumət qeyri-populyar və situasiyanı bir qədər də qəlizləşdirən islahatlar edir. Mərkəzi Bankın bir sıra səlahiyyətlərinin alınaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsinin izahı da bu qəbildəndir.
Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyevin müsahibəsində toxunduğumuz məsələyə aydınlıq gətirib. O bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnamə layihəsi üzərində iş aparılır. Publik hüquqi şəxs statusunda yaradılan bu qurum özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərəcək: “Heç bir dövlət orqanı özünü maliyyələşdirə bilməz və bütün xərclərini dövlət büdcəsi hesabına ödəyir. Lakin bu Palata tam müstəqildir, dövlət büdcəsindən heç bir asılılığı yoxdur. Mərkəzi Bankla Palata arasında bütün funksiyalar bölünəcək. Mərkəzi Bankla əlaqədar bizdə qəribə bir vəziyyət yaranmışdı. Digər banklar kimi, o da maliyyə bazarının bir oyunçusudur. Oyun eyni məkanda keçirilirsə, bir oyunçu digər oyunçular üçün qaydalar qəbul edə, onların fəaliyyətini tənzimləyə bilməz. Bu, idarəetmənin aksiomudur”.
Iqtisadçı Nemət Əliyevin fikrincə, rəsmilərin Mərkəzi Bankla bağlı reallaşdırdığı islahata belə bir izahatın verilməsi onu göstərir ki, Azərbaycanın hakim dairələrində dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı vahid və ciddi mövqeyi olmayıb: “Şərait dəyişəndən-dəyişənə hökumət sanki yeni bir şey tapırmış kimi yeni fikirlərə düşürlər. Bu cür yanaşmalarla, bu cür münasibətlə dövləti idarə etmək olmaz. Dövləti bu cür natamam təsəvvürlərlə idarə etmək çox çətindir. Burada həqiqət payı olan bir məsələni qeyd etmək istəyirəm. Mərkəzi Bank ölkədə sərbəst şəkildə pul-kredit siyasətini həyata keçirən bir orqandır. Istisnasız olaraq onun bu siyasəti həyata keçirməsinə heç kim qarışa bilməz. Amma Mərkəzi Bankın yeritdiyi pul-kredit siyasətinin doğru olub-olmamasına, ona dövlət nəzarətinin həyata keçirilməsi baxımından vəziyyət nə yerdədir. Pul-kredit siyasətinin standartlara uyğun gəlib-gəlmədiyini kim müəyyənləşdirir? Mərkəzi Bank yolundan azarsa, onu doğru yola qaytara biləcək qurum varmı?”.
N.Əliyev bildirdi ki, ölkədə maliyyə siyasətini Maliyyə Nazirliyi həyata keçirir. N.Əliyevin sözlərinə görə, daha bir sual ondan ibarətdir ki, Maliyyə Nazirliyinin siyasətinə kim nəzarət etməlidir: “Yəni dövlət orqanları arasında qarşılıqlı nəzarət istiqamətində ciddi boşluqlar var. Nə müstəqil məhkəmə, nə də hesabat veriləcək bir orqan da yoxdur. Mərkəzi Bankın bəzi səlahiyyətlərinin başqa bir quruma verməsi nəyi dəyişəcək?”.
Xəyal