Bu hakimiyyətin düşünmədən verdiyi qərarları 1 aydan, 1 həftədən sonra ləğv etməyə məcbur olması artıq lətifəyə çevrilib. Buyurun, hakimiyyətimizdən daha bir “şedevr”. Yeni “anti-böhran” tədbirlərindən ağızdolusu danışdılar ki, bəs qanun qəbul edəcəyik, xaricə il ərzində 50 min dollardan artıq pul göndərən şəxslərdən göndərilən vəsaitin 20 faizi qədər vergi tutacağıq və bununla da dollar ölkədə qalacaq, manatın da vəziyyəti düzələcək. Yazdıq, başa salmağa çalışdıq ki, bazar iqtisadiyyatında belə şey etmək olmaz, bu yolla olan-qalan yerli sahibkarları da ölkədən qovarsınız, xarici investor isə belə qanun olan ölkəyə ayaq basmaz, xeyri olmadı, başa düşmədilər. Yuxarıdan düymə basılmışdı deyə qanunu parlamentdən də ildırım sürətilə keçirdilər. Bu gün də təntənəli şəkildə elan edirlər ki, İlham Əliyev qanunu imzalamayıb. Məgər hökumət, parlament bu qanunu özbaşına hazırlamışdı? Əlbəttə ki, xeyr. Son anda nəhayət, kimsə bunları başa sala bilib ki, bu qanun iqtisadiyyatın olan-qalan hissəsini də məhv edəcək.
Baxın, ölkə belə idarə olunur. Verilən qərarlar müzakirə olunmur, ekspertizadan keçirilmir, nəticəsi hesablanmır. Səhv təşəbbüslərə etiraz edilmir və hər belə səhv də ölkə üçün əlavə itkilərə səbəb olur. İndi gördünüz ki, bu hökumət böhrandan da təhlükəlidir, bu böhranın özü hökumətin yarıtmazlığının nəticəsidir?