“Qiymət artımından əldə olunan pullar dövlət büdcəsinə deyil, SOCAR-a gedir”
AXCP sədri Əli Kərimli feysbuk səhifəsində benzinin qiymətinin süni şəkildə qaldırıldığını faktlarla ortaya qoyub və hökumətin arqumentlərinin əsassız olduğunu bildirib:
“Dostlar, neft dünya bazarında daha da ucuzlaşaraq 30 dollara düşdü. Neftin qiyməti dünya bazarında 4 dəfəyə yaxın ucuzlaşsa da, ölkə daxilində yanacağın qiyməti yüksək olaraq qalır. Bu yazını ölkəmizdə yanacağın qiymətinin nəyə görə belə yüksək olduğunu və bu yüksək qiymətlərdən kimlərin qazanc götürdüyünü bilmək istəyənlər üçün yazdım. Düzdür, bir az çətin yazıdır, amma sona qədər oxuya bilsəniz, milyonlarla insanın necə aldadıldığını biləcəksiniz.
Deməli, 3 dekabr 2013-cü ildə Tarif Şurasını qərarı ilə Aİ-92 və Aİ-80 benzini 55 qəpikdən 70 qəpiyə, dizel yanacağı isə 45 qəpikdən 60 qəpiyə qaldırılıb. Qiymətlərin qalxması onunla izah olunub ki, neft məhsullarına tətbiq olunan aksiz vergiləri artırılıb. Həqiqətən də Nazirlər Kabineti 2 dekabr 2013-cü il tarixli 333 saylı qərarı ilə benzinin və dizelin aksiz dərəcələrini artırmışdı. Qərara görə, Aİ-95 markalı benzinin aksiz dərəcəsi 159%-ə, Aİ-92 və Aİ-80 markalı benzinlərin hər ikisi üçün aksiz dərəcəsi 134%-ə, dizel yanacağında isə 57%-ə qaldırıldı. İlk baxışda hər şey məntiqli görünür. Benzinə dövlətin tətbiq etdiyi aksiz vergisi artırılıb, ona görə də yanacağın pərakəndə satış qiyməti də artıb. Lakin Nazirlər Kabineti cəmi 2 ay sonra, 6 fevral 2014-cü ildə 2 dekabr 2013-cü il tarixli qərarına düzəliş etdi. Yanacağa tətbiq edilən aksiz vergiləri 2-3 dəfə azaldıldı, hətta qiymət artımından əvvəlki dövrdən də az oldu. Məntiqlə yanacağın da qiyməti düşməli idi axı. Amma bu, olmadı. O vaxtdan indiyə qədər benzinin və dizel yanacağının qiymət artımından əldə olunan pullar dövlət büdcəsinə deyil, SOCAR-a gedir.
İndi bir az da sadə ifadə edim. Deməli, yanacağın qiymətini “aksiz vergisi artıb” bəhanəsilə qaldırıblar, sonra aksiz vergisini aşağı salıblar, qiymət isə qalıb yenə də yüksəkdə. Qiymət artımı aksiz vergilərinin artması hesabına baş verəndə artan qiymətlərə görə vətəndaşlardan toplanan pullar dövlət büdcəsinə yığılırdı, lakin indiki halda qiymət artımından vətəndaşlardan toplanan əlavə pullar büdcəyə yox, SOCAR-a gedib və gedir. Artırılmış yanacaq qiymətləri hesabına əldə etdiyi əlavə vəsaitləri isə SOCAR ənənəvi korrupsiya layihələri və israfçılıqla dağıdıb”.