Doğrudan, oyuna düşmüşük, həm də böyük oyuna. Bu lənətlik neft üzündən başımıza gəlməyən oyun qalmadı. Avropa oyunları boğçamızdan 8 milyardı götürüb getdi, indi də “Formula-1″ oyunu gəlir. Istəsəniz, mənə lap ”zövqsüz” və “geridəqalmış” da deyə bilərsiniz. Belə əyləncələr bu xalqın hansı gününə yaraşır axı? Hansı ağlın məhsuludur, bir nəhəng oyunun xərci-borcu millətin canından çıxmamış, ikincini gətirib başa bəla etmək? Bunlar havadan əmələ gələn məsələlər deyil axı, bilirsiniz. Söhbət milyonlar və milyardlar yeyən layihələrdən gedir. Indi ölkənin durumu hamıya məlum. Böhran boğazımıza çöküb, yoxsulluq əcəl zəngi kimi insanların qapısını çalıb durur. Hökumət isə öz aləmində, deyəsən düşünür ki, xalq kimdir axı, onunla hesablaşmağa ehtiyac duysun? Söz verilib, “Formula-1″ yarışları Bakıda keçiriləcək. Lap millət acından ayağını uzadıb ölsə də, fərqi yox. Məlum olur ki, ortada möhürlü, imzalı bir müqavilə var, həm də 10 illik. Daha qaçacaq yer də yox, o müqavilədə yazılıb ki, ”Formula-1″ yarışları 5 il məcburi olaraq Azərbaycanda keçirilməlidir. Əgər nə vaxtsa peşman olub qərara gəlsə ki, yarış keçirilməsin, onda bəlli bir məbləğdə cərimə ödəməlidir. Hələ iş bununla da bitmir. Irəlidə təşkilatçılığı vəd olunmuş başqa oyunlar da var…
Vəd vermək dərin söhbətdir, bəli. Yerinə yetirə bilməyəcəyin sözü verməməlisən. Rəsmilik, cərimələnmə, sənəd-sübut o yana qalsın, bu iş hər şeydən öncə bir mənəviyyat məsələsidir. Bizimkilər də dünyanın bütün oyunlarına ev sahibliyini boyunlarına çəkəndə sandıqda hələ bir xeyli pul vardı. Görünür, necə böyük oyunlara girdiklərini anlamadılar və birdən gözləri açıldı ki, sandığın dibi bomboşdur. Amma verilən vəd yerinə yetirilməlidir, necə olursa-olsun, yetirilməlidir. Nə gözəl, olsun! Ağalar, söz tutub centlmenlik etmək insanda çox dəyərli keyfiyyətdir, razıyam. Siz nədən təkcə başqaları qarşısında əyləncə və ya yarışlar üçün verdiyiniz vədə əməl etməyi önəmli sayırsınız? Nədən o oyunların ağırlığını çiyninə yüklədiyiniz ölkə vətəndaşını insan yerinə qoyub, onunla hesablaşmırsınız? Niyə onun haqqından kəsilən pulları belə gərəksiz və mənasız işlərə xərcləyib, israfçılıq edirsiniz? Axı sizin hər kəsdən öncə bu ölkə insanına ödənəcək bir borcunuz var. Axı siz hər kəsdən öncə onlara böyük-böyük vədlər vermisiniz. Axı sizin vərəsə malı kimi havaya uçurduğunuz o milyardların əsl sahibi həmin insanlardır. Hansı hüquqla onların haqqını bu ölkə üçün heç bir anlam daşımayan layihələrə xərcləyirsiniz? Hökumət başında olduğunuz bu 23 ildə onlara verdiyiniz hansı sözü tutmusunuz, deyə bilərsinizmi? Ölkənin bu yoxsul, ac, böhran vaxtında xalqın boynunu böyük milyonlara başa gələn 10 illik oyun boyunduruğuna keçirmək hansı ədalət çərçivəsinə sığır?
Ölkədə böhran dərinləşə-dərinləşə gedir. Pul tükənib və artıq beynəlxalq maliyyə institutlarından kredit borcu məsələsi gündəmə gəlir. Biləsiniz ki, Amerikanın nüfuzlu iqtisadçı ekspertləri də hazırkı vəziyyəti Azərbaycanda böhranın başlanğıcı kimi qiymətləndirib. Yəni hələ betərin beşqat betəri var qarşıda. Təhsili yarımçıq qalan kimi, bank borclarından evinin əldən gedəcəyi qorxusu ilə ürəyini yeyən kim, işsizlikdən depressiyaya düşüb xəstəlik tapan kimi… Ortada isə acınacaqlı bir mənzərə var. Ölkə böhran uçurumuna yuvarlanır, bunu görməyə dörd göz lazım deyil. Ancaq aşağıların dərdi də yuxarıların vecinə deyil. Onların başı oyunlara qarışıb. Nə xəbərdarlıq fitini duyacaq, nə də “oyundankənar” vəziyyəti görəcək ağıl və göz yoxdur anlaşılan…