Nemət Əliyev: «Azalma bütövlükdə qiymətli kağızlar bazarının çöküşü ilə bağlıdır»
2016-cı ilin yanvar ayında Bakı Fond Birjasında keçirilmiş əməliyyatların həcmi 174 milyon 382 min 250.52 manat təşkil edib. Ötən ilin yanvar ayı ərzində isə Bakı Fond Birjasında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 1,934 milyard manat təşkil etmişdi. Beləliklə, keçən ilin müvafiq dövrü ilə müqayisədə dövriyyə 11 dəfə azalıb.
Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, Bakı Fond Birjası kimi, əsasən qiymətli kağızların alınıb-satıldığı bazarın varlığına böyük bir ehtiyac var. Ekspert hökumətin 22 ildən çox müddətdə normal fond bazarı yarada bilmədiyinə təəssüflənir. Birjanın ölkə iqtisadiyyatında əhəmiyyətindən bəhs edən Nemət Əliyev deyir ki, belə bir bazarın diqqətdən kənarda qalması başadüşülən deyil: “Orada bir qayda olaraq, dövlətin, müəssisə və təşkilatların qiymətli kağızları, səhmləri alınıb-satılır. Səhmlərin normal bazarı olsaydı, bir çox məsələlər bu gün çox rahat şəkildə maliyyə vəsaitlərinin səfərbər olunub istiqamətləndirilməsi baxımından həllini tapa bilərdi. Dünya bazarında neftin qiyməti aşağı düşəndən sonra qiymətli kağızlar bazarı fəaliyyətini dayandırmaq həddindədir. 2015-ci ilin 11 aylıq göstəriciləri bunu deməyə əsas verir. Qiymətli kağızlar bazarı 97 faiz dayanmışdı. Ilkin səhm bazarında da artıq səhm yerləşdirən yoxdur. Çünki heç kəs o səhmlərə pul qoymaq istəmir. 11 dəfə azalma bütövlükdə qiymətli kağızlar bazarının çöküşü ilə bağlıdır. Həmçinin, azalma ölkənin fond birja bazarının illərlə normal hərəkətə gətirilməməsi, qeyri-neft sektoruna aid xidmət sahələrinin, müəssisələrin normal fəaliyyət göstərə bilməməsilə bağlıdır. 11 dəfə azalmanın başqa bir izahı yoxdur”.
Nigar