AXCP-nin Şərur rayon şöbəsinin həbsdə olan fəalı Nazim Mahmudovun məhkəməsi başa çatıb. AXCP Naxçıvan təşkilatının sədri Yaşar Bağırsoy “Azadlıq”a bildirib ki, cəbhəçi fəal Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddəsilə 1 il 6 ay azadlıqdan məhrum edilib.
Lakin ona münasibətdə CM-nin 70-ci maddəsi tətbiq olunub və Nazim Mahmudova verilən həbs cəzası şərti hesab olunub. Ötən il noyabrın 15-dən həbsdə olan cəbhəçi hökmdən sonra məhkəmə zalında azadlığa buraxılıb.
Qeyd edək ki, Nazim Mahmudov Sədərək gömrük-keçid məntəqəsində ondan rüşvət tələb olunduğuna görə oradakı məmurlardan biri ilə mübahisədən sonra həbs olunub. Onun həbsindən sonra anası mətbuata açıqlamasında bildirmişdi ki, həmin hadisədən sonra polislər Nazim Mahmudovun evinə gələrək onu həbs ediblər.