Xeyli vaxtdır ki, Baş Prokurorluğun qarşısında ardıcıl etiraz aksiyası keçirən vətəndaşlar bu dəfə Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) üz tutublar. DTX-nın rəisi Mədət Quliyevlə görüşmək istəyən vətəndaşlar dünən səhər saat 8-dən bu qurumun qarşısına toplaşıblar. Onlar uzun müddət gözləsələr də, sonda istədiklərinə nail olublar.
Aksiya iştirakçılarının “Azadlıq”a verdiyi məlumata görə, axşamüstü Mədət Quliyev onların hamısını qəbul edib.
“Təxminən üç saat ərzində bizi dinlədi, hər birimiz ayrı-ayrılıqda bizi narahat edən məsələləri danışdıq, hüquqlarımızı pozan məmurlar barədə məlumat verdik. Hər birimizi diqqətlə dinlədikdən sonra söz verdi ki, qaldırdığımız məsələlərin hamısı araşdırılacaq, lazımi tədbir görüləcək”, – deyə görüşdən sonra vətəndaşlar bildirib.
Qeyd edək ki, bu şikayətçilər fevralın 3-də Baş Prokurorluğun qarşısında əyinlərinə kəfən geyinməklə aksiya keçirib etirazlarını ifadə etmişdilər.