Cəbrayıl Usubovun polis rəisi olan oğlunun adı torpaq qalmaqalında hallandırılır
16 saylı kalonda cəza çəkən Alik Rəhimxanov ölkə başçısı Ilham Əliyevə və dövlət təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyevə müraciət edib. O, müraciətin bir surətini də “Azadlıq”ın redaksiyasına ünvanlayıb. Alik Rəhimxanov yazır: “Mən ali təhsilli, məhkumluğu olmayan, ”Aleko-RS” MMC-nin direktoru olmuşam. Lakin Cinayət Məcəlləsinin 228.1 maddəsiylə 1,6 il, 234.2 maddəsinə görə isə 3,6 il müddətinə həbs edilmişəm.
Prezidentin 2004-cü ilin martında sahibkarlarla görüş zamanı ona “Şahdağ” KFT-nin normal fəaliyyətinə məmurların qanunsuz müdaxilə etməsi barədə şikayət məktubu təqdim etmişəm. Qusar rayon prokurorunun göstərişiylə martın 28-də 5 nəfər polis işçisi məni zor gücüylə evdən çıxarıb gecəylə prokurorun yanına aparıb. Onlar məndən şikayət məktubundakı faktlara təkzib yazmağı tələb etdi. Etirazımı qəti şəkildə bildirdiyimə görə məni insan ləyaqətini alçaldan işgəncələrə məruz qoyaraq Cinayət Məcəlləsinin 315.1 maddəsiylə ittiham edib Qusar, Quba, Xaçmaz, Dəvəçi və Siyəzən rayonunda qanunsuz məhkəm prosesləri apartdırıb Siyəzən rayon hakiminə ədalətsiz və qanunsuz hökm çıxartdırdılar. Sonda Apelyasiya Məhkəməsi tərəfindən 1 il həbs cəzasına məhkum edildim. Həmin dövrdə müdafiəçim Vaqif Səmədov idi. Qanunla iş materiallarındakı saxta faktlara görə mənə bəraət verilməli idi. Bəraət hökmü çıxarlıması barədə Ali Məhkəməyə şikayət ərizəsi verən kimi, azadlığa çıxmağıma 24 gün qalmış, baş prokuror Zakir Qaralova protest verdirib mənə 6 ay da əlavə cəza təyin etdirdilər.
2008-ci ildə Qubadakı evimi satıb 62 nəfər kənd sakinindən 32 hektar torpaq sahəsi alaraq rəhbərlik etdiyim “Şahdağ” KFT-nin adına dövlət aktı aldım. 2010-cu ildə Daşınmaz Əmlakın Qusar Reyestr Xidmətinə müraciət edəndən sonra məndən rayon məhkəməsinin sabiq hakimi Tofiq Məmmədov tərəfindən çıxarılan qərarın surəti istənildi. Rayon məhkəməsində bu qərar aşkar olmadığı üçün məcburiyyət qarşısında yuxarı instansiyalara müraciət etdim. Sonradan aydın oldu ki, sabiq hakim Tofiq Məmmədov 2007-ci ildə Qusardan başqa rayona getməsinə baxmayaraq özü ilə “peçatlı” kağızlar aparıb və saxta qərarlar çıxartmaqla məşğul olub. Ona görə də həmin qərarlar qeydiyyata salınmayıb. Bu yolla Dövlət Torpaq Komitəsində də saxtakarlıqlar edilərək qanunsuz olaraq əvvəlki illərə dövlət aktları verilib. Mən Qusar məhkəməsinə 2008-ci ilin mayında müraciət etdiyim halda, dövlət aktının 2007-ci ildə verilməsi barədəki sənədlərin hamısı saxta sənədlər olub. Bunlar mənə sonradan məlum olub. Mənə və təsərrüfata məxsus 32 hektar sahəyə dövlət reyestr xidmətində sənəd düzəltməyə kömək edəcəyini bildirən Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini general Cəbrayıl Usubovun oğlu, 35-ci polis şöbəsinin rəisi polis polkovniki Cavid Usubov atasının tutduğu vəzifəsindən istifadə edərək məni həmin sahəni anasının adına keçirməyi və sənədlər hazır olandan sonra adıma keçirəcəyini bildirdi. Onun adamı vasitəsilə kəndimizdəki evimizdə sənədə özüm və həyat yoldaşım imza atdıq. Sənədi imzalayanda notarius kontorunun nümayəndəsi orada olmayıb. Həmçinin yaşı 18-dən yuxarı olan üç uşağımdan heç biri sənədi imzalamayıb. Bununla imzaladığımız sənədlərin tam saxta olması faktı öz təsdiqini tapır. Belə ki, o, atasının tutduğu vəzifəsindən istifadə edərək saxta kağıza əsasən torpağı qanunsuz olaraq anasının adına keçirdi. Dəfələrlə Cavidlə görüşüb torpağın adıma keçirilməsini xahiş etsəm də, bəhanələrlə məni aldatdı. Amma buna baxmayaraq həmin torpaqdan istifadə edirdim. Sahədə əkdiyim məhsullar üçün dövlətdən ayrılan yardımları da mən almışam. Sahəyə sənədi adıma düzəltmək müqabilində Cavidə 5 ha torpaq sahəsi verəcəyimə söz vermişdim. Lakin o, vədinə naxələf çıxdığı üçün şikayət etmək məcburiyyətində qaldım. Cavid bununla bağlı mənə hədə-qorxu gəlib və adamlar göndərərək məni həbsə atdıracağıyla hədələyib. 2014-cü ilin martında prezidentə yazdığım şikayətlərlə əlaqədar onun atası Cəbrayıl Usubovla üzləşməm və DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə çağırılıb məndən izahat alınması yazdıqdlarımın təsdiqi sayıla bilər. Hər iki instansiyadan mənə məhkəməyə müraciət etməyim barədə cavab məktubunun göndərilməsi generalın oğlu tərəfindən sifarişlə həbsə alınmağımı sübut edir. Xahiş edirəm, bu işin araşdırılıb nəzarətinizə götürülməsini təmin edin.
Cəbrayıl Usubovla üzləşmə zamanı o, “iki oğlumun biri gömrükdə, o birisi polisdə işləyir, onların əməllərinə görə mən cavabdehlik daşımıram” demişdi.
22.10.2015-ci il tarixli qərarda mənə nömrəli pulun verilməsi barədə bir kəlmə də qeyd edilmədiyi halda, iki aydan sonra istintaqı polis leytenantı Elmirdən alıb polis polkovniki Arzu Hacıyevə həvalə etdilər. 19.12.2014-cü ildə guya mənə nömrəli pul verilib deyə saxta qərar qəbul edilmişdi. Həmçinin məni həbsə alandan 6 gün sonra Misid kəndindəki evdə mənim və ailə üzvlərimin iştirakını təmin etmədən qanunsuz axtarış apararaq ordan bir ədəd AKM gülləsi və 20 qr marixuana aşkar edilməsi barədə akt tərtib edilmişdi. MTN əməkdaşları müstəntiq Arzu Hacıyevin kim olduğunu bilə-bilə saxtakarlıq etməsi, Qusar polis şöbəsinin istintaq şöbəsinin rəisinin rütbəsi kapitan olduğu halda hansı qanunla onu Qusara kapitanın himayəsinə göndərməsi faktlarına hüquqi qiymət verilməlidir. 03 fevral 2015-ci ildə məhkəmənin hazırlıq iclası olub və səhəri gün guya mənə ittiham aktı təqdim edilib. Mənim həmin aktı almaqdan imtina etməyim isə tamam yalandır. Apelyasiya və Ali Məhkəmə səviyyəsində bu cür qanun pozuntusuna əhəmiyyət verilmədi.
Cənab prezident, mən 15 aydır ki, həbsdəyəm. 11 aydır apelyasiya şikayəti vermişəm, lakin işimi məhkəmə baxışına vermək üçün qərar çıxarmırlar. 14 yanvar 2015-ci ildə hakim Mübariz Zeynalov məhkəmə baxışının 28 yanvara təyin edilməsi barədə qanunsuz qərar qəbul edib. Bu qərarı 11 aydan sonra verməsinin arxasında vaxt qazanıb ağır cinayət törədən və həbsə atılmalı olan hakim Tofiq Məmmədov və Cavid Usubovun barəsində cinayət işinin açılmasının qarşısını almaq niyyəti durur. Hakim Tofiq Məmmədov sabiq MTN işçisi olub və ordan hakimliyə gəlib. Eldar Mahmudovun yaxın adamı olan bu şəxs evini də sabiq MTN rəhbərinə yaxın, Badamdar qəsəbəsində tikdirib. Onun digər əməlləri barədə bu işlə bağlı ibtidai araşdırma zamanı ətraflı məlumat verəcəyəm.
Cənab prezident, Sizə yaxın yüksək səlahiyyətli məmurun oğlunun qurbanı olmuş bir vətəndaş kimi sizdən xahiş edirəm. Heç bir günahı olmayan sahibkar olmaqla bərabər, mən bir ölkə vətəndaşıyam. Lakin bəzi məmurlar məni vətəndaş kimi qəbul etmək istəmir. Azsaylı xalqların bir nümayəndəsi kimi təhlükəsizliyimə təminat verməklə bir qrup korrupsiyaya qurşanan məmurun ifşa olunması üçün işi şəxsən nəzarətə götürməyinizi, sizin yaxın nümayəndənizlə görüşməyə göstəriş verməyinizi xahiş edirəm”.
Müraciətdə adı hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.