Rəsmi məlumatlar hökumətin korrupsioner mahiyyətini necə ortaya çıxarır?
Uzun illərdi yazırıq ki, bu hakimiyyətin dövründə bütün strukturlar çirkaba bulaşıb. Ümumiyyətlə, belə sistemlərdə “yaxşılar və pislər” kateqoriyası olmur. Məsələn, MTN işi ortaya çıxanda bütün neqativləri bu qurumun üstünə atdılar və elə təəssürat yaratdılar ki, guya yeganə çirkaba bulaşmış qurum MTN imiş.
Amma ardınca Rabitə Nazirliyində böyük yeyinti aşkarlandı və bir neçə nəfər həbs olundu. Bu hadsiələr baş verəndə də yazdıq ki, söhbət iki nazirlikdən getmir, bütün orqanizm yoluxub. Bunu sübuta yetirmək üçün böyük araşdırmalara ehtiyac yoxdur. Hesablama Palatasının hesabatlarına baxmaq kifayət edir ki, bütün strukturlardakı qanunsuzluqları aydın şəkildə görəsən. Hər dəfə hesabat yayılanda təhsil sistemindən tutmuş, kənd təsərrüfatı sahəsinə qədər bütün orqanlarda külli miqdarda yeyinti olması, qeyri-şəffaf fəaliyyət ortaya çıxır.
Bugünlərdə isə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti bəzi dövlət qurumlarında yoxlama aparıb. Yoxlamalar nəticəsində Təhsil Nazirliyindən tutmuş Kənd Təsərrüfatı nazirliyinə, Ağcabədi icra hakimiyyətindən tutmuş Samux icra hakimiyyətinə qədər müxtəlif strukturlarda yeyinti faktları üzə çıxıb. Demək olar ki, yoxlama aparılan bütün strukturlarda küllü miqdaqrda mənimsəmə, qanun pozuntusu aşkar edilib. Guya, yoxlama aparılmayan sahələrdə vəziyyət normaldır? Hansı sahəni araşdırsan, eyni nəticə əldə olunacaq. Hesablama Palatası və Maliyyə Nazirliyinin ortaya çıxardığı faktlar sistemin nə qədər çürük olduğunu təsdiqləyir. Məsələ burasındadır ki, yoxlama aparanda, yoxlamaya məruz qalanda, nəticəni araşdıran da, məhkəmədə qərar verəndə eyni çirkabın içindədir. Nümunə kimi göstəriləcək heç bir qurum yoxdur. Hansı strukturun yanından keçirsənsə, korrupsiya “qoxu”su gəlir. Əgər təhlküəsizliyə təminat verməli olan qurum cinayət yuvasına çevrilibsə, digər qurumların fəaliyyəti haqqında danışmağa dəyməz.
Bütün bunları ona görə xatırladırıq ki, hakimiyyət “inkişaf”, “şəffaflıq”, “uğurlu siyasət” kimi ifadələr işlətmək əvəzinə, ölkəni abırlı şəkildə təhvil vermək haqqında düşünsün. Əgər bütün strukturlar çirkaba bulaşıbsa və bu rəsmi şəkildə etiraf edilirsə, hakimiyyət hansı ixtiyarla bu ölkəni idarə edir? Əgər problem 3-5 qurumda olsaydı, bunu kimlərinsə özfəaliyyəti, yarıtmazlığı kimi qiymətləndirmək olardı. Indiki halda isə “xəstəlik” bütün sistemə yoluxub. Parlamentindən tutmuş, bələdiyyəsinə qədər bütün strukturlarda “daha çox qazana bilmək” ehtirası hökm sürür. Bu rejimin mahiyyəti, xisləti, hobbisi budur. Bu acınacaqlı reallıq hakimiyyət üçün normaldı, bunlar başqa formada idarə edə bilmirlər. Artıq sistem qanunsuzluqlara vərdiş edib, daha kobud desək, bütün sistem çirkli idarəetməyə könül verib.
Belə bir “nəticə”dən sonra istefadan yaxşı islahat, anti-böhran tədbiri ola bilməz. Faktiki olaraq mövcud idarəetmə bütün sahələri zəhərləyib və bu zəhər “öldürməyə” davam edir.
Akif