Bakı Olimpiya Stadionundan (BOS) şadlıq sarayı kimi istifadə edilməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Məlumat üçün deyək ki, BOS-da bundan sonra toy şənliklərinin də keçiriləcəyi barədə stadionun rəsmi saytında elan verilib. Yada salaq ki, bu stadion ötən ilin yayında keçirilən birinci Avropa Oyunları zamanı istifadəyə verilib.
Elanda Olimpiya Stadionunda toy etmək “bu mühüm hadisəyə yaradıcı yanaşma” kimi təqdim edilir: “Siz burada kiçik banketlərdən böyük toy mərasimlərinə qədər tədbirlər keçirə bilərsiniz”. Əlavə məlumatlar üçün tədbirlər üzrə komandamız ilə əlaqə saxlayın”, – deyə elanda qeyd edilir.
Olimpiya Stadionunda toy səhnəsi meydançanın tam ortasında qurulur. Yemək masaları Avropa dəbi ilə yerləşdirilir. Toy dəvətliləri 150 nəfərə qədərdirsə, onda stadionda qapalı məkanda oturacaqlar. Dəvətlilərin sayı 150 nəfərdən çoxdursa, o zaman meydançada yerləşdirilən masaların ətrafına oturacaq qoyulmur.
Bir nəfər üçün ödəniş haqqı dekorasiya, yeməklər, caz musiqiçiləri və digər xidmətlərlə birlikdə 100-150 manat təşkil edir. Onu da deyiblər ki, bu, son qiymətdir. Heç bir güzəştli paket yoxdur: “Bu vaxta kimi hələlik toy mərasimi keçirilməsə də, artıq sifarişlər var”. Martın 19-da BOS-da ilk toy olacaq.
Sosial şəbəkə istifadəçiləri isə tikintisinə 640 milyon dollar sərf edilən stadionun toyxana kimi istifadə edilməsini tənqid atəşinə tutublar. Bu məsələ ilə bağlı Facebook-da ironik statuslar, komik videoroliklər, fotolar, karikaturalar paylaşılıb.