Bu gün vicdan məhbusu, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunun 55 yaşı tamam olur. Bu münasibətlə AXCP sədri Əli Kərimli Tofiq Yaqublunu təbrik edib. Təbrikdə deyilir:
“Tofiq Yaqublu vətənə, millətə xidmətin nümunəsini yaradan şəxsiyyətlərdəndir. Tofiq bəy Milli Azadlıq Hərəkatında yetişmiş, fədakar bir vətənsevərdir. Düşmən torpaqlarımızı işğal edəndə, Tofiq bəy tərəddüd etmədən Qarabağa döyüşə yollandı, şərəfli döyüş yolu keçdi. Savaşdan qayıtdıqdan sonra da hər zaman Azərbaycanın demokratikləşməsi, bu ölkədə azadlıq və ədalətin bərqərar olması uğrunda mübarizənin ön cərgəsində yer aldı. Övladlarını da azadlıq ruhunda böyütdü Tofiq bəy. Xeyli müddət mübarizəni qızları Nigar və Nərgizlə çiyin-çiyinə apardı. Övladları ilə fəxr etdi.
Tofiq bəy həyatda çox ağır sınaqlardan keçdi. Olmazın acılarını yaşadı. Əvvəlcə Nigarın həbsinin, sonra isə Nərgizin vaxtsız ölümünün acısını yaşadı. Bu arada həyat yoldaşı Maya xanım da məhkəmə yollarında düçür olduğu avtoqəzadan sonra həyatda qalmaq uğrunda ölüm-dirim mübarizəsi apardı. Şükürlər olsun ki, Maya xanım sağ qaldı. Tofiq bəyin 3 illik məhbəs həyatı həm də bu acılarla ağırlaşdı. Çəkdiyi bu acılar ona həbsdə olduğunu unutdurdu bəlkə. Amma dərdləri Tofiq bəyi daha da güclü, böyük etdi. Tofiq bəy möhkəm adamdır, yaşadığı bütün çətinliklərə sinə gərdi, əyilmədi, sınmadı. Və deyə bilərik ki, Tofiq bəy mərdlik simvoluna çevrildi.
Ad günün mübarək, fədakar insan, əziz dost! Sənə uzun ömür, can sağlığı, arzularına qovuşmağı arzulayıram. Allah sənə bir daha acı yaşatmasın, tezliklə, sənin və digər məhbus dostlarımızın qapısını açsın!”