Nurəddin Məmmədli: «İlham Əliyevin bu səfərdə hansı məqsəd güddüyü aydın deyil»
Ilham Əliyevin Londonda “Suriyaya və regiona dəstək” konfransına qatılmasını hakimiyyət mediası Qərblə münasibətlərin normallaşması kimi təqdim edir. Dövlət başçısının bu səfəri münasibətlərdə normalaşmanın başlanğıcı kimi dəyərləndirilir. Amma I.Əliyevin Londondakı təmasları və konfransın özünün mahiyyəti onu deməyə əsas verir ki, hər şey heç də hakimiyyət mətbuatının təqdim etdiyi kimi deyil. I.Əliyev Londona səfəri zamanı yalnız Xorvatiyanın dövlət başçısı ilə görüşə bilib.
AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, I.Əliyevin bu səfərində hansı məqsədin güdüldüyü aydın deyil. N.Məmmədlinin sözlərinə görə, əvvəlki mərhələdə Azərbaycan hakimiyyəti beynəlxalq güclərin xoşuna gəlmək üçün xalqa məxsus olan vəsaitləri xərcləmək meyllərini nəzərə alaraq müəyyən proqnozlar irəli sürmək mümkün idi. Amma artıq son günlərin olayları nəzərə alınarsa, bu səfərin hansı məqsədə xidmət etdiyini söyləmək mümkün deyil: “Londonda keçirilən tədbir Suriyadakı problemi həll etməyə hesablanıb. Burada aparılan müzakirələr göstərdi ki, bütün ölkələr həmin yardım fonduna vəsait ayırmaqla bağlı mövqelərini açıqladırlar. Başqa heç bir məsələ müzakirə olunmayıb. Azərbaycan hazırda beynəlxalq tədbirlərə pul ayırmaq imkanında deyil. Müzakirələrdən çıxan nəticələr göstərir ki, Azərbaycan hər hansı formada Suriya qaçqınlarına yardım etmək iqtidarında deyil”.
Hakimiyyət mediasının apardığı kampaniyaya gəlincə, N.Məmmədli bildirdi ki, bu bir ənənə halını alıb. “Belə görünür ki, Ilham Əliyev mahiyyətindən asılı olmayaraq Londondakı müzakirələrə ona görə qatılır ki, daxili auditoriyanı çaşdırsın. Bu səfərə hansısa başqa don geyindirmək, onu başqa motivasiya ilə əlaqələndirmək yanlışdır”, deyə N.Məmmədli vurğuladı.
Xəyal