Deputata «hansı haqla bu kəndə gəlmisən?» deyə onun gəlişinə etiraz olundu
60 saylı Saylan-Neftçala dairəsinin deputatı Fəzail Ağamalı Neftçalanın Aşağı Surra kəndində şəhid Zabil Əsgərovun adına olan orta məktəbdə müəllimlərlə görüş keçirib.
“Azadlıq”a daxil olan məlumata görə, Fəzail Ağamalı görüşdə ölkədəki maliyyə böhranından danışarkən hökumətin mövqeyini müdafiə edib, vətəndaşları səbrli olmağa, hansısa təxribatlara uymamağa çağırıb və s. Daha sonra sualları cavablandıran Fəzail Ağamalı çətin vəziyyətə düşüb. Deputata əsasən maaşlarla və kreditlərlə bağlı suallar verilib. Fəzail Ağamalı isə suallardan yayınmaq üçün “bu mənim səlahiyyətimdə deyil” deyə cavab verib. Müəllimlərdən biri növbəti sualı verərkən isə “mənim başqa məktəbdə görüşüm var” deyərək görüşü bitirmək istəyib. Lakin həmin müəllim deputatdan sualını dinləməyi tələb edib. Bildirilir ki, müəllimin Fəzail Ağamalıya sualı təxminən bu şəkildə olub: “Siz namizəd olanda bizim kəndə gəlib dediniz ki, deputat seçiləndən sonra kəndin yollarını abadlaşdıracağam, işıq problemini həll edəcəyəm, kəndə bankomat qoyduracağam. Əgər bunları etməsəm bir daha bu kəndə ayaq basmayacağam. Siz bunları etməmisiniz, indi hansı haqla bu kəndə gəlmiisiz?”
Fəzail Ağamalı müəllimə kobud cavab verib, həmçinin polisdən həmin şəxsi otaqdan çıxarmağı tələb edib. Lakin polis deputatın tələbini yerinə yetirməyib.
Məlumatda deyilir ki, görüş başa çatandan sonra sahə müvəkkili və icra nümayəndəsi həmin müəllimə iradlarını bildirib.