“Yeni Müsavat”ın Fərhad Əliyevdən “inqilabçı” düzəltmək absurdluğu qədər…
Hökumətyönlü “Yeni Müsavat” qəzeti yenə də “missiya”nı davam etdirir. “Uzaq sahillərdə” filmindəki Karanti obrazı hamının yadındadır. Almanlar Mixaylonun başına küllü miqdarda pul qoyduqlarına görə, Karanti hər dəfə saxta Mixaylolar üzə çıxarır və pulunu qazanır. İndi “Yeni Müsavat” qəzeti də Karantinin yolunu gedir. Hər dəfə AXCP, Milli Şura haqqında cəmiyyətə fərqli dezolar buraxır. Qəzet rəhbərliyi nə özünə, nə də oxucuya hörmət qoyur.
Əvvəlcə Milli Şuranı “Rusiya proyekti” kimi təqdim etdilər və uzun müddət bu təbliğatı apardılar. Amma bu təbliğat uğursuz oldu və hamı şahidlik etdi ki, ən böyük Rusiyapərəst bu hökumətdir. Üstəlik, Milli Şura həmişə Rusiya hökumətini demokratiyanın düşməni kimi təqdim edib.
Bundan sonra “Yeni Müsavat” qəzeti Milli Şuranı Nardaran hadisələriylə bağlamağa çalışdı və İranpərəst kimi təqdim etdi. Amma Milli Şuranın ortaya qoyduğu mövqe, bu təbliğatı da darmadağın etdi. Məlum oldu ki, Milli Şura şərlənərək həbs olunanları müdafiə edir və eyni zamanda dünyəvi dövlət tərəfdarıdı.
Daha sonra AXCP sədrinin müavini Fuad Qəhrəmanlı şərlənərək həbs olundu və “Yeni Müsavat” bu dəfə AXCP-ni MTN-lə əlaqələndirmək istədi. Amma yenə də ortaya faktlar qoyuldu və məlum oldu ki, uzun müddət MTN-in uzantılarına “boya” çəkən “Yeni Müsavat” olub.
Bütün bunlardan sonra medallı redaktorun qəzeti yeni şər təbliğatına başlayıb. Daha doğrusu, bəzi mənbələrdən əldə etdiyimiz məlumata görə, hökumət kabinetlərində yeni “ssenari” hazırlanır. Bu ssenaridə “Yeni Müsaavt”a da “rol” düşüb və qəzet ötən buraxılışında rolunu ifa etməyə başlayıb. Belə ki, “Yeni Müsavat” qəzetində “Fərhad Əliyev Azərbaycanda inqilab hazırlayır” başlıqlı məqalə dərc olunub.
Bütün dəyərləri tapdaq etməyə hazır olanlar, bu dəfə də AXCP və Milli Şuranı Fərhad Əliyevlə bağlamağa çalışblar. Sən demə Fərhad Əliyev Milli Şuraya pul ötürürmüş, Milli Şura bu adamın köməkliyi ilə ölkədə qarışıqlıq yaratmaq istəyir və.s
Allah heç kimi asılı vəziyyətə salmasın, heç kimi gözükölgəli etməsin. Çünki insan gözükölgəli olanda çox iyrənc vəziyyətlətə düşə bilir.
Bu gün Milli Şuranın Fərhad Əliyevlə əməkdaşlıq etməsi nə qədər real görünür? Normal düşüncəli insan bu boyda absurda inana bilərmi? Fərhad Əliyev həbs olunan vaxt Cəmil Həsənli onu müdafiə edib və bunu danmır. “Yeni Müsavat” da bu məqamı əsas tutaraq, Fərhad Əliyevi Milli Şuraya calaq etmək istəyir.
Fərhad Əliyev müxalif fikrin daşıyıcısı deyil, Əli İnsanov kimi həbsdən prinsipial bəyanatlar verməyib, bu gün hansısa səlahiyyətə malik deyil və əfv ərizəsi yazaraq azadlığa çıxıb. Yəni, Fərhad Əliyevin müxalif düşərgəyə qucaq açması və real müxalifətin bu əli sıxması üçün heç bir əsas yoxdur. Vicdanlı adamlara “Fərhad Əliyevdən pul alırlar” böhtanı atmaq üçün gərək bütün insani dəyərlərdən məhrum olasan. Təəssüf ki, insanlığı milli valyutadan daha çox devalvasiyaya uğramış adamlar hələ də cəmiyyətimizdə yaşayırlar. Bu hökumət Fərhad Əliyevin həbsdən sonrakı fəaliyyətindən əmin olmasaydı, heç vaxt onu azadlığa buraxmazdı. Necə ki, Əli İnsanovu azad etmir.
Məsələ burasındadır ki, indiki mərhələdə “Yeni Müsavat” cəmiyyətdə çaşqınlıq yaratmağ, real alternativi gözdən salmaq üçün görəvləndirilib. Cəmiyyətdə belə bir təəssürat yaratmaq isətiylər ki, AXCP, Milli Şura ölkədə xaos yaratmaq istəyir və bu adamların məqsədi pul qazanmaqdır. Amma balaca uşaq da başa düşür ki, pul qazanmaq üçün “Yeni Müsavat”ın mövqeyinə keçmək laızmdır. Əslində, bütün bu illər ərzində AXCP pul kütləsini geri itələməklə məşğul olub. Ona görə də nə partiyanın qərargahı, nə partiya sədrinin posportu, nə də cəbhəçilərin pulu var. Partiyanın 13 üzvü isə həbsdədir.
Bir sözlə, “Səs” qəzetinin əkiz qardaşı olan “Yeni Müsavat” bu dəfə də AXCP-nin, Milli Şuranın üstünə Fərhad Əliyevlə gəlib.
Cənablar, bu dəfə də alınmadı. Gedin, yeni ssenaridə özünüzə yeni rol seçin. Məsələn, bu dəfə “Milli Şura Afrika proyektidir” təbliğatıyla gəlin və oxucuya yeni repertuar göstərin. Yaxud, “Ceyms Bond AXCP-ni hakimiyyətə gətirmək istəyir” başlıqlı məqalə yazın. Fikirləşin, hamınız fikirləşin. Onsuz da yuxunuz ərşə çəkilib…
İlham