Yeni qurumda işləyənlər başqa planetdən gələcək?
Sözün faktiki və həqiqi mənasında YAP hökumətinin analoqu yoxdur. 9 milyon vətəndaş hakimiyyətdən anti-böhran tədbirləri gözləyir, bunlar isə imitasiya ilə məşğuldu. Xüsusən ikinci devalvasiyadan sonra ölkə başçısı Ilham Əliyev hər gün sərəncam, fərman verir. Amma hər dəfə bu sərəncamların, fərmanların “material”ına baxanda məlum olur ki, bu materiallarla “ev tikmək” olmaz. Camaat qiymətlərin aşağı salınmasını, monopoliyaların ləğvini, bank faizlərinin azaldılmasını və s. gözləyir, prezident isə fərman verməklə məşğuldu.
Bu dəfə də ölkə başçısı prezident yanında Apelyasiya Şurasının yaradılması haqqında fərman verib. Apelyasiya Şurasının yaradılmasında məqsəd, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çoxpilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsidir.
Bəli, bu şura camaatın müraciətlərinə baxılmasını, vəzifəli şəxslərin fəaliyyətini saf-çürük edəcək. Ilk baxışdan belə görünür ki, hökumət savab işlə məşğuldu və problemlərin həllinə nail olmaq istəyir. Amma bir az fikirləşəndən sonra insanın üzündə təbəssüm yaranır.
Əgər bütün bu nəzarəti Apelyasiya Şurası həyata keçirəcəksə, məhkəməyə, polisə, prokurora, yerli icra orqanlarına nə ehtiyac var? Məhəkmə, polis, icra hakimiyyəti, Ombudsman, parlament nə işlə məşğuldur ki, şikayətlərə, müraciətlərə necə baxılmasını Apelyasiya Şurası həyata keçirəcək?
Amma suallar bununla da bitmir. Apelyasiya Şurasının yerli orqanları kimlərdən təşkil olunacaq? Qanunlara riayət etməyən, sifarişlə iş görən məhkəmə, icra hakimiyyəti, prokurorluq, hansısa Apelyasiya Şurasından çəkinəcək? Yəni bu şuranın yerli orqanlarında çalışanlar da bu sistemin vintcikləri olacaq və bu heç nəyi dəyişə bilməz. Bu ölkədə Apelyasiya Məhkəməsinin hansı səlahiyyəti var ki, Apelyasiya Şurasının da hansısa səlahiyyəti olsun? Bəlkə, Apelyasiya Şurasında işləmək üçün başqa planetdən adam gətirəcəklər? Əgər belədirsə, bu qurumun fəaliyyətinə ümid etmək olmaz.
Korrupsiyaya qarşı mübarizə idarəsi də var, Prezident Aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsi də var, nə dəyişib? Bəlkə korrupsiyanın kökü kəsilib, bəlkə hüquq mühafizə orqanlarındakı neqativ hallara son qoyulub?
Hökumət bəzi qurumların bir neçə səlahiyyətini “Asan xidmət”ə verib, imitasiya etdiyi kimi, Apelyasiya Şurasını da “Asan xidmət” kimi təqdim edəcək. Aşağı ranqlı dövlət adamlarının fəaliyyətindəki nöqsanları qabardacaqlar, 10-cu dərəcəli adamları məsuliyyətə cəlb edəcəklər, əsas fiqurlar isə yenə də toxunulmaz qalacaq.
Bir daha qeyd edirik ki, müstəqil məhkəmənin olmadığı ölkədə heç bir şuranın müsbət fəaliyyəti ola bilməz. Sabah Apelyasiya Şurası hansısa müxalifətçinin şərlənərək həbs olunmasına etiraz edə, həmin müxalifətçinin müraciətlərinə baxılmasını təmin edə bilərmi? Yaxud hansısa nazirin monoploliyasında olan məhsulu ölkəyə gətirmək istəyən sahibkarın hüquqlarını qoruya bilərmi? Əlbəttə, yox. Əgər ölkə başçısı “qiymətlər aşağı salınacaq” vədinə əməl edə bilmirsə, prezidentin yanındakı Apelyasiya Şurasından nəsə gözləmək sadəlövhlükdür.
Akif