Neft Fondunun vəsaitlərinin idarə olunmasından 9 aya 0.2 faizdən az gəlir götürülüb
Nemət Əliyev: «Bu rəqəmlər fondun vəsaitlərindən səmərəsiz istifadə olunduğunu göstərir»
Azərbaycanın üzləşdiyi maliyyə böhranı hökuməti vəsaitlər axtarmağa vadar edir. Bu baxımdan böhran Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərindən istifadə məsələsini gündəmə gətirib. Hesab edilir ki, hökumət vəsaitlərinin bir hissəsini ölkəyə gətirib, ucuz resurs kimi kommersiya bankları vasitəsilə real sektora yatırmalıdır.
2015-ci il oktyabrın 1-nə Neft Fondunun aktivləri ilin əvvəlinə (37.104,1 milyon dollar) nisbətən 6,38% azalaraq 34.738,1 milyon dollara bərabər olub. Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 51,2 milyon manat olub. 34.738,1 milyon dolların idarə olunmasından əldə edilən gəlirlər 48,7 milyon dollar təşkil edib. Ümumi məbləğin heç 0,2%-i də deyil (“Bizim Yol”).
Fond eyni zamanda vəsaitləri necə yerləşdirdiyini, sərmayə qoyulan sahələri də açıqlayıb. Bəs, onlar nə dərəcədə düzgün seçilib?
Qeyd etdiymiz kimi, 2015-ci ilin əvvəlində ARDNF-nin valyuta vəsaitləri 37.104,1 milyon dollar olub, həmin ilin sentyabr ayına isə 34.738,1 milyon dollar təşkil edib. 9 ayda 2 mlrd. 366 milyon dollarlıq bir azalma var. Vəsaitlərin xarici valyutalar və qiymətli metallar üzrə bölgüsünə əsasən investisiya portfelində 16.544,6 milyon dollar (47,8%), 11.026,6 milyon avro (35,9%), 1.134,6 ingilis funt sterlinqi (5,0%), 1.098,3 dollar dəyərində 970.146 (30,17 ton) troya unsiyası (3,2%) var. Qalanlar da digər valyutalardadır.ÿ
“Səhm, daşınmaz əmlak və qızıl portfellərində olan vəsaitlərimiz”
Fondun vəsaitləri borc öhdəlikləri və pul bazarları alətləri, səhm, daşınmaz əmlak və qızıl portfellərində yerləşdirilib. ARDNF-nin investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsü 30.09.2015 tarixinə belədir: 81,6%-i istiqrazlar və depozitlər (korporotiv istiqrazlar 44,0%, maliyyə istiqrazları 19,2%, agentliklər və beynəlxalq təşkilatların istiqrazları 12,5%, qısamüddətli kommersiya kağızları 9,3%, suveren borc kağızları 8,1%, zəmanətli istiqrazlar 1,7%, depozitlər 5,2%), 7,0%-i səhmlər, 2,2%-i özəl səhmlər, layihə investisiyaları, 4,3%-i daşınmaz əmlak, 3,2%-i qızıl, 1,7%-i pul bazarı alətləri. Səhmlər, daşınmaz əmlak və qızıl ümumi vəsaitlərin 16,68 %-ni təşkil edir. Coğrafi regionlar üzrə təsnifatına əsasən 57,54% Avropa, 22,65% Şimali Amerika, 11,12% Asiya, Sakit okean ölkələri, 3,71% Avstraliya, Yeni Zelandiya, 0,99% Cənubi Amerika, 0,85% Yaxın Şərq, 0,01% Afrika, 3,13% Beynəlxalq maliyyə təşkilatlarının idarəsindədir. Investisiya portfeli 73,03% inkişaf etmiş ölkələr, 23,84% inkişaf etməkdə olan ölkələr, 3,13% beynəlxalq maliyyə təşkilatları üzrə bölünüb. Xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60%-dən, bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5%-dən, RAMP proqramı çərçivəsində Dünya Bankının xəzinədarlığına idarəetməyə verilən vəsaitlərin həcmi 500 milyon dollardan artıq olmamalıdır. Hazırda vəsaitlərin bir hissəsi 4 xarici menecerin idarəetməsinə verilib. Fondun 2014-cü il üzrə hesabatına görə, Dünya Bankı aktivlərin təxminən 223 milyon dollar (0,60%), Deutsche Bank Advisors 99 milyon dollar (0,27%), UBS Asset Management 664 milyon dollardan (1,79%) artıq, State Street Global Advisors (SSgA) aktivlərin 662 milyon dollardan (1,79%) artıq hissəsini idarə edir. Keçən ilin 9 ayında 48.7 milyon dollar əmlak, səhmlər, istiqrazlar, maliyyə qurumlarının idarəetməsinə verilən vəsaitlərdən qazanılıb. Dünyanın heç bir ölkəsində 0,2%-lə kreditə pul götürə bilməzsiniz. Daxili bazarda onu çox asanlıqla 10-20 dəfə yuxarı dəyərləndirmək olardı.ÿ
“Səhmlərə xərclənən milyonlar”
Borc öhdəlikləri və pul bazarları alətləri portfeli – maksimum aşağı uzaqlaşma intervalı 5% olmaqla investisiya portfelinin məcmu dəyərinin 70%-i, səhm (pay) portfeli – məcmu dəyərin maksimum 15%-ni təşkil edə bilər. Səhmlər hara qoyulub ki, bizə cüzi gəlir gətirir? 2014-cü il hesabatında qeyd olunur ki, il ərzində Fondun ümumi səhm portfelinin gəlirliliyi 8,8% təşkil edib. Fond öz səhm portfelinin böyük hissəsini inkişaf etmiş səhm bazarlarının aparıcı göstəricisi hesab olunan “MSCI World” indeksinə investisiya edib və bu indeksin bençmark olaraq seçildiyi passiv idarə edilən səhm portfeli il ərzində 5,4% gəlirlilik göstərib. Fond Rusiyanın dövlət tərəfindən idarə olunan və aparıcı banklarından biri VTB Bankda əhəmiyyətli səhm payına sahibdir. Ilin sonuna VTB Bankın səhmlərindən olan gəlirlilik rublda 38% təşkil edib. Fond S&P 100 indeksinin bençmark olaraq seçildiyi daxili idarəetmədə olan səhm portfelinə 100 milyon dollar həcmində investisiya edib. Qeyd olunan indeks ABŞ iqtisadiyyatının müxtəlif sektorlarını təmsil edən 101 aparıcı iri şirkətin səhmlərindən ibarət olub. Özəl səhmlər portfelinə gəlincə, NF Beynəlxalq Maliyyə Korporasiyası Aktivlərin Idarə edilməsi Şirkəti (BMK AIŞ) tərəfindən təşkil olunan üç əsas fonda – BMK Afrika, Latın Amerikası və Karib Hövzəsi Fondu (ALAK Fondu), BMK Katalizator Fondu, BMK Qlobal Infrastruktur Fonduna kapital yatırımı həyata keçirib. ARDNF-nin ALAK Fondunda iştirak payı 100 milyon dollar olmaqla 10% təşkil edir. Katalizator Fondundakı iştirak payı 50 milyon dollar olmaqla 12% həcmində müəyyən olunub. QIF-də iştirak payı 16,67% olmaqla 200 milyon dollara bərabərdir. Özəl səhm fondlarının sektorlar üzrə bölgüsü belədir: bankçılıq (12%), bank olmayan maliyyə institutları (14%), infrastruktur (41%), bərpa olunan enerci (6%), enerji (5%), neft və qaz (5%), sağlamlıq və təhsil (5%), ümumi istehsalat sahələri (2%), aqrobiznes (1%), digər (9%). Bu qədər təşkilatlara investisiya yatırandan sonra da gəlir qənaətbəxş deyil. Fondun investisiya qoyduğu şirkətlərin çoxunun adını ilk dəfədir eşidirəm.
Daxildə qazanma şansı daha yüksəkdir…
Amma NF-nin vəsaitlərinin idarə olunması və əldə olunan faizlər düşünməyə vadar edir. Bu qədər cüzi faizlər hesabına milyardlarla vəsaiti riskə atmağa dəyərmi? Onu da qeyd edək ki, statistik rəqəmlərə görə, Azərbaycandakı müəssisələr Qərbdəkindən daha çox mənfəət gətirir. Məsələn, “Kapital Bank” ASC səhmdarlarına nizamnamə kapitalının 32-33%-i qədər dividend verir. “Cənubtikintiservis” ASC səhmlərinin nominalı 2 manatdır, hər 2 manata qarşı 5 manat dividend yaranmışdı – nominalının 250%-i qədər. Hətta illik dövriyyəsi 250 milyon manatdan yuxarı olan, amma hər səhmə cəmi 1 manat dividend verən “Evrascon”u “Azərkörpü” ilə də müqayisə edəndə NF bu kiçik müəssisəyə “uduzur”. ASC-nin səhmlərinin nominalı 2 manatdır, hər səhmə 1 manat dividend verir – 50% rentabellik var, amma hesablamalara görə, təmiz mənfəəti bundan 99 dəfə çoxdur. “Gəncəkörpütikinti 2″ ASC-də nominalı 2 manat olan səhmə qarşı təxminən 7 manat dividend verilib – rentabellik 350%-dir. Ondan əvvəlki illərdə hər səhmə düşən dividendin məbləği 10-12 manat olmuşdu ki, rentabellik 500-600% olub. Halbuki bu müəssisənin illik dövriyyəsi 10-15 milyon manat təşkil edir. Rəqəmlər dəhşətli dərəcədə bir-birindən uzaqdır. Bəzi ekspertlərə görə, əgər Fondun vəsaitləri 4-6%-lə xalqa verilsəydi, ölkədə devalvasiyaya gedilməz, manat da yerindən ”oynamazdı”. Ən aşağı faizlə belə yenə 10-20 dəfə artıq pul almış olur.
“Neft Fondunun maliyyəsindən şəxsi vəsait kimi istifadə olunur”
Iqtisadçı Nemət Əliyev hesab edir ki, açıqlanan rəqəmlər NF-nin vəsaitlərindən səmərəsiz istifadə olunduğunu göstərir. Uzun müddətdir ki, bu istiqamətdə həyəcan təbilinin çalındığını deyən N.Əliyev bildirdi ki, NF-nin rəhbərliyi bu istiqamətdə onlara edilən çağrışları qulaqardına vurur: “Hətta Neft Fondunun yarandığı gündən 2014-cü ilin sonuna qədər fondun vəsaitlərinin idarə olunmasından xalis mənfəət əldə etmək mümkün olmayıb. Fondun idarə olunmasına və büdcədən kənar xərcləri nəzərə alanda məlum olur ki, Neft Fondu yarandığı gündən bir qara qəpik də qazanmayıb. Necə olur ki, başqaları milyonları idarə edib yüz minlər qazanır. Amma bizimkilər milyardları idarə edib, hətta yüz minlər belə qazana bilmir. Bu, birmənalı şəkildə onu deməyə əsas verir ki, Neft Fondunda xalqın sərvətlərinin idarə olunması yarıtmaz həyata keçirilir. Həmin vəsaitlər çox ucuz gəlirlik şərtləri ilə xarici ölkələrin qiymətli kağızlarına, səhmlərinə, daşınmaz əmlakına yerləşdirilib. Hələ yalnız doqquz aylıq göstəricilərin təhlili onu deməyə əsas verir ki, Neft Fondunun Rusiya rubluna, səhmlərinə, Çinin valyutasına yatırdığı pullar az bir zaman müddətində 25-30 faiz dəyər itirib”.
Hökumətin NF-nin vəsaitləri ilə şəxsi vəsait kimi davrandığını deyən N.Əliyev vurğuladı ki, Rusiyanın batmaqda olan gəmi olduğunu hamı bilir. Belə olan halda Rusiya bazarlarına yatırım, sadəcə olaraq bilərəkdən maliyyə itkisidir: “Hakimiyyət belə bir çətin zamanda Neft Fondunun vəsaitlərinə, 133 milyon dollara daşınmaz əmlaka, 500 milyon dollara isə VTB banka pul qoyur. Neft Fondu maliyyə vəsaitlərini gətirib ölkəmizdə aqrar sektorda çalışan sahibkarlara hətta faizsiz versəydi belə, heç olmasa inkişaf etmiş aqrar sektor əldə edilmiş olardı. Və ya emal müəssisələri inkişaf etdirilərdi. Bütün bunlar real iş yerləri demək idi. Bütün bu imkanlar Azərbaycan xalqının əlindən alınıb. Bu yanlış siyasətdir. Bununla barışmaq olmaz”.
Xəyal