Bu əməliyyat baş tutsa, 5 min dollara qədər olan kredit borclarını əvvəlki məzənnə ilə hesablamaqdan daha baha başa gələcək
Əksəriyyətin gülüb, lağ etdiyi “NAZ-Lifan” avantürasının dövlət xərclərini 100 milyonlarla manat artıracağını təsəvvür edirsiniz? Hökumətin bu “anti-böhran” planını haqlı olaraq xeyli adam ələ saldı, bu çətin zamanlarda xeyli güldünüz, başa düşürəm, məsələnin gülünc tərəfi çoxdur. Amma bilin ki, bu avantüra reallaşdırılsa, məsələ gülməli yox, ağlamalı olacaq. Bu avantüranın xərci təqribən 5 minə qədər dolarla krediti olanların kreditlərinin əvvəlki məzənnə ilə ödənilməsi üçün lazım olan və hökumətin tapmadığı 250 milyon dollardan (hazırkı məzənnə ilə 397 milyon manatdan) artıq olacaq.
Gəlin, birlikdə kiçik bir hesablama aparaq. Məmurlara təklif olunan “NAZ-Lifan 720″ modelinin qiyməti 14 min manatdan, 820 modelinin qiyməti 22 min manatdan başlayır. Orta qiymət kimi 18 min manat götürək. Sonra da nəzərə alaq ki, maşının 100 faiz hissəsi Çindən gətirilir, yəni dollarla alınır. Burada yazdığım qiymətlər də devalvasiyadan əvvəl ölkəyə gətirilmiş hissələrdən yığılan maşınların qiymətidir. “NAZ-Lifan” rəhbərliyi iddia edib ki, istehsal gücünü ildə 15 min avtomobilə qədər yüksəldə bilər. Dollar manata nisbətdə xeyli bahalaşdığından Çindən gətiriləcək hissələrin qiyməti artacaq, maşınların qiyməti də manatla təqribən 50 faiz artaraq, orta qiymət təqribən 27 min manata çatacaq. İndi də təsəvvür edək ki, bunlar həqiqətən də zavodun istehsal gücünü ildə 15 min avtomobilə yüksəldə bldilər və avtomobilləri də müxtəlif dövlət orqanlarına satdırdılar (Müdafiə Nazirliyi 50 “NAZ-Lifan” almaqla siftəni edib). 15000 avtomobil hər biri 27 mindən edəcək 405 milyon manat. Kreditlərin əvvəlki məzənnə ilə hesablanması üçün tələb olunan 397 milyon manatdan artıq oldumu?
Beləliklə, “NAZ-Lifan” əməliyyatı baş tutsa, nəinki ölkənin iqtisadiyyatını dirçəltməyəcək, tam əksinə dövlət büdcəsi üçün 5 min dollara qədər krediti olanlararın kreditlərini əvvəlki məzənnə ilə hesablamaqdan daha baha başa gələcək. Üstəlik, bu “NAZ-Lifan” əməliyyatı ölkədən dollar axınını da gücləndirəcək. Büdcədən gedəcək 400 milyon manatın yaxşı halda üçdə biri (işçilərin əmək haqqları, zavodun qazancı və vergilər) ölkədə qalacaq, üçdə ikisi dollara çevrilib Çinə gedəcək.
Hökumətin heç bir qərarı ciddi təhlil və hesablama əsasında verilmir. Bir az qabağa baxmaq, verilən qərarların nəticələrini əvvəlcədən proqnozlaşdırmaq, dünyadakı əsas imkişaf meyllərini nəzərə almaq bunlarlıq deyil. Ona görə həftədə bir dəfə verdikləri qərarları dəyişməli olurlar. Bax, dövləti bu “qabiliyyətlə” idarə etdiklərinə görə olduqca zəngin ölkəmizi müflis olma həddinə çatdırıblar. Bilməliyik ki, hazırda yaşadığımız sosial-iqtisadi problemlər səbəb yox, nəticədir. Böhranın əsl səbəbi isə bacarıqsız və korrupsioner idarəetmədir. Məsələ siyasi olduğundan, köklü həlli də yalnız siyasi dəyişikliklərlə mümkün olacaq.