Verilən məlumatda işçilərin əməkhaqqı probleminin olmadığı deyilir
«Azadlıq»ın son saylarının birində Neftçilər xəstəxanasında əməkhaqlarının iki dəfə azaldılması, işçilərə əməkhaqqı iki dəfə az göstərilən müqavilələrin təqdim olunması və sərt formada onlardan bu «müqaviləyə əlavəni» imzalamağın tələb olunması faktlarının yer aldığı material dərc edilib.
Qeyd edilib ki, Neftçilər xəstəxanası SOCAR-ın tabeçiliyində olanda maaşlar dövlət xəstəxanalarından yüksək olub və tibb işçiləri 300-500 manat arası maaş alıb. Xəstəxana Səhiyyə Nazirliyinin tabeçiliyinə keçəndən sonra əvvəlki maaşlar saxlanılıb. Həmçinin yemək pulu və premiyaların ləğv edildiyi bildirilib. Materialda qeyd edilib ki, işçilər əmək haqqı 2-3 dəfə az göstərilən (150-160 manat) müqaviləni imzalamağa məcbur edilir. Bundan imtina edənlər isə işdən qovulmaqla hədələnir.
Mənbənin məlumatına görə, bu, xəstəxana rəhbərliyinin təşəbbüsüdür və nazirlikdən belə bir göstəriş verilməyib. Rəhbərlik bunu xəstəxananın borcları ilə izah edir. Eləcə də rəhbərliyin hətta tibb işçilərinin sertifikatlaşdırılması prosesinin nəticələrinə də əhəmiyyət vermədiyi və mümkün 100 baldan 90-99 bal toplayanlara da qeyd olunan müqavilənin təklif olunduğu bildirilib.
Material dərc ediləndən sonra redaksiyamıza məsələylə bağlı təkzib xarakterli məlumat daxil olub. Tibb müəssisəsindən baş həkimin müavini Həbib Yüzbaşovun verdiyi məlumata görə materialda haqqında bəhs edilən məlumatlar həqiqəti əks etdirmir. O, Nazirlər Kabinetinin qərarıyla əməkhaqqıların vahid tarif cədvəlinə əsasən ödənildiyini, əməkhaqqı ödənişində heç bir problemin olmadığını söyləyib. Baş həkimin müavini materialda göstərilən faktların doğru olmadığını və müəssisədə heç bir problemin yaşanmadığını da vurğulayıb.
İnformasiya şöbəsi