Rusiyanın hökumətyönlü mediasından Kremlin siyasətini alt-üst edən yazı
«Qəddafi, Səddam və Miloşeviç kimi, onu da cəzalandıracaqlar»
Hökumətyönlü mövqeyi ilə tanınan Rusiyanın “Reqnum” agentliyində Kremlin yürütdüyü siyasətin “fiaskoya” uğradığına, “Putin erasının” başa çatmaq üzrə olduğuna işarə vuran tənqidi yazı dərc olunub.
“Putin gözə dəymir, Lavrov mediadan qaçır”
Müəllif Fyodor Paşin yazır ki, havadan 91-ci illərdə olduğu kimi, rejimin iflasa getdiyini göstərən “qoxu” gəlir: “Mümkün dəyişikliklərin xəbərçisi təkcə virtual informasiyalar yox, həm də daxili və xarici siyasətdəki reallıqlardır. Internet mediasında liberalların səsi daha sıx və daha yüksəkdən gəlməyə başlayıb. Prezidentin nazirlər və digər yetkililər arasındakı müdafiəçilərinin səsi isə daha az eşidilir. Hətta parlaq çıxışları olan Sergey Lavrov da bu ilin əvvəlindən mediadan qaçmağa başlayıb. Dünənə qədər Kremli qatı şəkildə müdafiə edənlər ya “kölgəyə çəkilib”, ya da fərqli siyasi xətt tutub.
Efirdə hökumət rəhbərinin üzü nəzərəçarpacaq qədər az görünməyə başlayıb.
Informasiya generalları Kremlin sahibini dəyişməyi hədəfləyən liberallara öz hiyləgər üslubları ilə həm sözlü, həm də əməli mesaclar ötürürlər.
Prezidentin hakimiyyət strukturlarındakı silahdaşları artıq onun əksər qərar və addımlarını başa düşmürlər. Ölkə iqtisadiyyatını zəruri maliyyə vəsaitindən məhrum edən, iqtisadiyyatın real sektorununun kreditləşdirilməsini əngəlləyən, inflyasiyaya şərait yaradan, rublu dəyərdən salan, Qərb sanksiyalarının acı nəticələri ilə üz-üzə qoyan siyasəti necə dəstəkləmək olar?!”.
“Məsuliyyətsiz, səriştəsiz, “eqoist”…”
Rusiyanı böhrana sürüklədiyinə görə ölkə rəhbərliyi ilə yanaşı, maliyyə siyasətini və bu sahəyə məsul naziri də sərt tənqid edən F.Paşin hakimiyyətin icraedici qolunu məsuliyyətsiz, səriştəsiz və “eqoist” adlandırıb: “Bütün bu “keyfiyyətlər” də böhranın aradan qaldırılmasına mane olur. Lakin nədənsə prezident qibtə ediləcək inadı ilə fərqli düşünür. Özünün presidentsiz yüksək reytinqi ilə hakimiyyətin etdiklərini ört-basdır etməyə çalışır.
Prezident özünü hər şeyin idarəsini əlinə alan top-menecer kimi aparır. Dünya güclərinin gözündə pis duruma düşüb. Qəddafi, Səddam və Miloşeviç kimi onun da cəzalandırılması qaçılmazdır”.
“Gah sağa, gah sola, iki geri, bir irəli…”
Müəllif yazır ki, gah sağa, gah sola getmək, iki addım geriyə, bir addım irəli siyasəti tarixi nöqteyi-nəzərdən də uğursuzluğa məhkumdur: “Hazırkı iqtidar üçün elə bir mərhələ başlayıb ki, barmaqların arasından axan qum kimi bir anda yox ola bilərlər. Ona görə də opponentlərinin plan və hərəkətlərindən asılı olmayaraq Kreml sahibinin hakimiyyətdən gedişi tarixi zərurətdir. Tarix işini sona çatdırmayanlara, vahid fikirli komanda qura və bu komandanı xalqla əlaqələndirə bilməyənlərə, hədəflərinə doğru qətiyyət, xarakter və iradə göstərməyənlərə qarşı çox amansızdır.
Insanlıq onun inkişafını təhdid edən mərhələyə bu gün qədəm qoymayıb. Geoloci dövrlərin qlobal dəyişimi dünyanın coğrafi xəritəsini köklü şəkildə dəyişmək təhlükəsi yaradıb. Təbii kataklizmlərin genişlənməsi, təbiətdəki anomaliyalar da insanlığın qurub yaratdığı çevrəyə ciddi təhlükədir. Bu biri tərəfdən də texnogen kataklizmlər, təbii sərvətlərin azalması və s.
Dünya paralel olaraq ledirlik uğrunda sərt geosiyasi savaşlara da şahidlik edir. Qlobal güclərin gerçək planları üzə çıxmağa başlayır. Bir sözlə, yeni dünya düzəninin yaradılmasına yönəlik işlər gedir. Milli sərhədlərin yox olması, ümumdünya xaosu yaratmaq, dünya əhalisinin saynıın radikal üsullarla azaldılması, siyasi elitanın məhv edilməsi…
Planetin “artıq insanları” siyahısına Rusiya vətəndaşları da düşüb. Yeni dünyanın memarları hesab edirlər ki, bu insanların gələcəyi yoxdur. Rus elitası və liberal klanlar da bu aqibətə məhkumdur”.
“Qərb Putini taxtdan salmaqda qərarlıdır”
Paşinin fikrincə, Kremlin geosiyasi opponentləri sona qədər getmək və nəyin bahasına olursa-olsun Rusiya prezidentini hakimiyyətdən məhrum etməkdə qərarlıdılar: “Rusiyaya və onun liderinə qarşı təxribat xarakterli fəaliyyətlər üçün axın yaranıb. Türkiyə tərəfinin vurduğu Rusiya təyyarəsi, Ukraynanın bütün bəlalarına görə Putini ittiham etmək və s. Mövcud ssenariyə görə, Rusiyadakı yararsız recim dəyişməlidir. Əgər buna nail olunmasa, Rusiya daxildən parçalana və bu şəkildə nəzarətə götürülə bilər. Etiraf etmək lazımdır ki, bu aqibət təkcə Rusiyanı gözləmir.
Putinin hakimiyyətdən kənarlaşdırılması təkcə hakimiyyət dəyişikliyi demək olmayacaq. Əgər bu baş versə – istər saray çevrilişi ilə, istərsə də Qərbin təşkil etdiyi küçə inqilabı ilə – Rusiya buna duruş gətirməyib xaosa sürüklənə bilər. SSRI-nin çöküşü bunun yanında “toy-bayram” olacaq.
Ekspertlərin dediyinə görə, Putinin özünün də yorulduğu açıq hiss olunur. Ümumiyyətlə, Qəddafinin, Səddamın və başqalarının taleyi hər bir yararsız hökumət rəhbərini təşvişə salır. Amma görünən odur ki, bizim prezidentimiz istənilən nəticəyə hazırdır.
Çıxış yolu varmı?
Qibtə ediləcək vəziyyət deyil. Kömək etmək istəyirsən. Amma necə? Quyusunu qazan adamlara etibar edirsə, ona necə kömək edəsən?!
Prezident ilk növbədə onu dərk etməlidir ki, tarixin hökmü qarşısında onun iqtidarı sadəcə, gücsüzdür. Düzgün qərar vermək və klan maraqlarının girovuna çevrilməmək lazımdır.
Tarix hazırkı prezidentə başqa bir unikal şans tanıyır. Həm böyük siyasətdə qalmaq, həm də xalqın maraqları naminə onu əldən vermək olmaz. Prezident göydən yerə enməlidir. Çinin 70-ci illərdən 90-lara qədərki faktiki lideri Den Syaopinin rolu Putinə çox uyğun gəlir. Siyasətdə 20 il çox böyük təcrübədir. Bunu bir saatda qazanmaq və ya itirmək mümkün deyil. Əgər bunun üçün Konstitusiyada dəyişiklik etmək lazım gələcəksə, uzatmağa dəyməz…”.
Gültəkin