Kanadanın Vankuver şəhərində Azərbaycan musiqilərini yayımlayan televiziya kanalı yanvarın 1-də fəaliyyətə başlayıb. Kanalın rəhbəri Güney Azərbaycandan olan Vahid Azərdir.
Onun “Azadlıq” qəzetinə verdiyi məlumatda deyilir ki, fəaliyyətə başlayan Ulduz TV-nin şüarı “Dünya Azərbaycanlılarının Müzik Kanalı”dır. Hələlik kanal internet üzərindən HD olaraq yayınlanır. Ulduz TV-ni www.ulduzmuzik.com dan izləyə bilərsiz.
“Ən qısa zamanda kanalımızı Apple TV və Roku kimi TV bokslara əlavə edəcəyik. Gələcək planımız isə peyk üzərindən yayın etməkdir. Bildiyiniz kimi, İranda internet imkanı çox aşağıdır və insanlar kanalımızı internetdən izləyə bilmirlər. Biz isə dünya azərbaycanlılarının musiqi kanalı olaraq azərbaycanlıların ən çox yaşadığı yer olan İranı da düşünməliyik. Kanalımızda Azərbaycanın pop, rok, caz, rep, klassik və muğam musiqiləri yayımlanır. Yeni yayına başladığımız üçün biraz nizamsızlıq var. Mart ayından etibarən yayınlarımız daha düzənli şəkildə olacaq. Muğam və klassik musiqilər saatı olacaq və bunları başqa musiqilərdən ayıracayıq. Yeni projelər və canlı yayını da düşünürük. Gələcəkdə Bakıda Ulduz TV-nin studiyasını açmağı da planlayırıq. Buradan dünyanın harasında yaşadıqlarına baxmayaraq, bütün azərbaycanlı müğənnilərə çağırış edirik ki, öz TV kanalları olan Ulduz-TV dən kliplərini qarşılıqsız olaraq yayınlaya bilərlər və bunun üçün bizimlə ulduzmuzik@gmail.com yolu ilə əlaqə saxlaya bilərlər”, – deyə Vahid Azər qeyd edib.