Biz sizin necə özəlləşdirmə etdiyinizi yaxşı bilirik…
Fikir vermisiniz, İlham Əliyevin keçirdiyi hər müşavirə cəmiyyətdə ümidsizliyi daha da artırır? Mən şəxsən regionlarda etiraz aksiyalarının İlham Əliyevin 10 yanvar müşavirəsindən dərhal (1 gün) sonra başlanmasını təsadüfi saymadım. Xalq həmin müşavirə haqda məlumatları eşidəndə başa düşmüşdü ki, işi Allaha qalıb, hökumət hər hansı anti-böhran tədbiri görmək iqtidarında deyil, heç ölkədə nə qədər ciddi böhran olduğunu anlamış durumda da deyil.
Bu gün də müşavirədə cəmiyyətə çox neqativ mesajlar verildi. Hökumət bu gün xalqa dedi ki, narahat olmayın, xaricdən çoxlu borc alacağıq, olan-qalan dövlət müəssisələrini də özəlləşdirəcəyik.
Xalq da düşünəcək ki, hələ ölkə neft pullarında üzən vaxt xaricdən 25 milyard dollardan artıq (dövlət zəmanətilə bank və şirkətlərin də aldığı ilə birlikdə) kredit almısınız. O 25 milyardın bizə bir faydası olubmu ki, indi alacağınız 3-5 milyardın da faydası olsun? Bütün korrupsionerlər, oliqarxlar hamısı yerindədir, 25 milyardı necə yeyiblərsə, böhran dövründə alınacaq bir neçə milyardı da həmin qaydada yeyəcəklər. Xalq onu da soruşa bilər ki, tutalım, xarici borcları 25 milyard dollardan da artırıb, etdiniz 30 və daha çox milyard, bəs o borcları kim qaytaracaq? Yazıq deyilmi, bizim övladlarımız? Gələcək nəsillərin neftdən gələn gəlirlərdəki payını dağıtdınız, daha üstəlik, üzərlərinə bu qədər xarici borc yükləmək nə imiş? Və nəhayət, xalq hirslənib deyə bilər ki, sizə heç kredit verən var? Hamını özünüzə düşmən etmisiniz, bütün pul almaq mümkün olan ünvanlardan isə artıq kredit almısınız. Kredit söhbəti ilə bizi aldada bilmədiniz.
O ki qaldı özəlləşdirmə məsələsinə, o sahədə də təcrübəmiz zəngindir. Biz sizin necə özəlləşdirmə etdiyinizi yaxşı bilirik. Ölkədə hələ də, rəsmən dövlətin hesab olunan 4-5 sanballı obyekt qalıb, yeni özəlləşdirmə proqramının da məqsədi həmin obyektləri gethagetdə özəlləşdirməkdir.
Beynəlxalq Bankın milyardlarla manatlıq borcunu boş yerə dövlət büdcəsinə yükləmədiniz ki. Aydındır, bu böhran vaxtında dövləti daha 3 milyard manat daxili borclanmaya ona görə sövq etdiniz ki, Beynəlxalq Bankı rəsmən özəlləşdirəcək yeni sahib (kim olacağına heç kimin şübhəsi yoxdur) bankın borclarını ödəmək məcburiyyətində qalmasın, amma milyardlarına sahib olsun. İndi sizin bu tipli özəlləşdirmənizin, xarici borcu artırmağınızın devalvasiyanın, bahalaşmanın bütün məhrumiyyətini çiyninə yüklədiyiniz sadə azərbaycanlının həyatına nə təsiri var?
Təəssüf ki, təsiri var, amma neqativ təsiri. Hökumət bu gün müşavirədə dediklərini etsə, devalvasiya da, bahalaşma da, iş yerlərinin ixtisarı da, bütün digər məhrumiyyətlər yenə olduğu kimi qalacaq və artacaq. Üstəlik, adambaşına düşən xarici borcumuz daha da artacaq və hələ də “dövlətindir” deyib təskinlik tapdığımız Beynəlxalq Bank, SOCAR, AZAL, Azərsu, Azərişıq, Xəzər Dəniz Gəmiçiliyi kimi bank, şirkət və müəssisələr də keçəcək məlum əllərə. Ölkəni elə vəziyyətə gətiriblər ki, bu dərin bataqlıqdan milləti yalnız vətəndaş fəallığı, hüquqlarımız uğrunda, ölkədə dərin siyasi-iqtisadi islahatlar uğrunda ardıcıl dinc mübarizə çıxara bilər.