Hərbi hissədə çəkmə ilə əsgərlərin kürəklərində gəziblər
Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki hərbi hissəsində ötən ilin mayında baş vermiş əsgər ölümü ilə bağlı məhkəmə prosesi davam edir. Bu gün Bakı Hərbi Məhkəməsində hakim Müslüm Əliyevin sədrliyilə keçirilən iclasda həmin hərbi hissədə əsgərlərin başına açılan oyunlarla bağlı çox ciddi faktlar ortaya çıxıb. Məlum olub ki, hərbi hissədə əsgərləri “bərkdən danışdın”, “yersiz güldün”, “qoluma toxundun” və s. bu kimi bəhanələrlə mütəmadi döyüb, ən ağır söyüşlərlə təhqir edib, ləyaqətlərini alçaldıblar. Əsgərləri üzü üstə yerə uzadaraq, üzərlərində çəkmə ilə gəziblər.
Xatırladaq ki, BDU-nun tarix fakültəsini qırmızı diplomla başa vuran, evin yeganə oğlu olan Tapdıq Babaşovun müəmmalı ölümünə dair hadisə ötən il mayın 22-də baş verib. Rəsmi məlumatlara görə, mərhum Babaşov özünü hərbi hissənin üçüncü mərtəbəsindən ataraq intihar edib. Lakin Tapdıq Babaşovun anası Kifayət Süleymanova və digər qohumları qətiyyən buna inanmır. Onlar Tapdığın qətlə yetirildiyini düşünür.
“23 il oğul böyütdüm, amma vətən onu 23 gün qoruya bilmədi”
Elə bu səbəbdən də dünən Kifayət Süleymanova məhkəmə zalında olan əsgərlərə (onlar da həmin hərbi hissədə xidmət edirlər və orada işgəncələrə məruz qaldıqlarına görə zərərçəkmiş qismində tanınıblar) üzünü tutaraq, onları yalan danışmamağa, həqiqəti deməkdən çəkinməməyə çağırıb: “Bəlkə bu gün vicdanınız oyandı. Sizin hər birinizin anası yolunuzu gözləyir. Mən də Tapdığımın yolunu eləcə gözləyirdim. Amma Tapdığım yoxdur. Çünki sizlərin hüquqlarını qorumaq üçün özünü qurban verdi, şəhid oldu. Heç olmasa, bu dəfə vicdanınız oyansın, nə olar, düzünü deyin, kim öldürüb mənim balamı? O, özünü öldürəcək oğul deyildi, o, psixoloji cəhətdən zəif adam deyildi. O, şərəfsizliyə, vicdansızlığa dözən adam deyil. Sizlərin gözü qarşısında o cür oğulu öldürüblər, susmayın, düzünü deyin, şərəflə yaşayın. 23 il sevə-sevə oğul böyütdüm. Amma onu sevdiyi vətən 23 gün qoruya bilmədi. Hiyə susursuz? Qorxursuz ki, sizi də döyərlər?”
Kifayət Süleymanovanın sözlərinə görə, oğlunun ölümünün səbəbi kimi, müxtəlif versiyalar ortaya atılıb: “Gah dedilər ki, ayaqqabısını bağlayanda sürüşüb yıxılıb. Gah dedilər ki, sevgilisi ərə getdiyinə görə özünü öldürüb. Gah dedilər ki, anası ilə küsülü olub… Bu qədər yalan olar? Oğlumun canından çox sevdiyi vətəndə bizi vətənsiz qoydular. Daha mənim vətənim yoxdur. Mənim vətənim oğlumun məzarıdır. Allahdan oğlumun qisasını almaq üçün möhlət istəyirəm. Çünki ordudakı özbaşınalıqlar neçə-neçə anası ağlar qoyub. Təkcə 2008-ci ildə 78 əsgər bala qətlə yetirilib. Hərəsinə də bir cür ad qoyublar, guya, biri günvurmadan öldü, biri özünü asdı, biri özünü atdı…”
Məhkəmə idlasında prokuror Yavər Allahverdiyev ittiham aktını elan edib. İttihama görə, həmin hərbi hissədə manqa komandiri olmuş Ruslan Cavadov, Elməddin Babayev və Cəmil Ağayev tabeliklərində olan əsgərləri, o cümlədən Tapdıq Babaşovu mütəmadi döyüb, söyüb, işgəncə veriblər. Ruslan Cavadov və Cəmil Ağayev ittihama münasibət bildirərkən özlərini təqsirli bilmədiklərini deyiblər. Yalnız Elməddin Babayev bəzi əsgərləri vurduğunu etiraf edərək, ittihamı qismən qəbul edib.
Prokuror təqsirləndirilən şəxslərin ittihamı qəbul etmədiklərini əsas gətirirək, onların zərərçəkmişlərin ifadəsi, sübutların araşdırılmasından sonra dindirilməsini məqsədəuyğun sayıb. Digər tərəflər də buna etiraz etməyib.
“O qədər oxumuşam ki, gəlib burada tualet təmizləyim?”
Zərərçəkmişlərdən ilk dindirilən hərbi hissənin əsgəri Seymur Kərimli olub. O özü də təqsirləndirilən şəxslər tərəfindən döyüldüyünü bildirsə də, ifadəsində əsasən Tapdıq Babaşovun ölümündən bir neçə dəqiqə əvvəl gördükləri haqda danışıb: “Manqa komandirləri hamını döyürdü. 22 mayda əsgər Bəhruz Yəhyayev saçımı qırxdı. Ayaqyolu ilə hamam birlikdədir, Cavadovdan beş dəqiqəlik icazə almışdım ki, gedib başımı yuyum. Əlimdə sabun və dəsmal da var idi. Mən içəri girəndə kimsə yox idi, ayaqyolunun qapısı açıldı, Babaşov çıxdı. Babaşov ayaqqabısının birini çıxarıb, ayağını yuyurdu. Bu vaxt Cavadov içəri girdi. Babaşovdan soruşdu ki, “sən “naryadda” olmalısan, niyə burdasan?” Cavab verdi ki, “çəkmədən nə isə batırdı ayağıma”. Cavadov ona qarnından bir neçə yumruq vurdu, dedi ki, “necə olur, mən bütün günü çəkmənin içində gəzə bilirəm, sən yox?” Sonra tualetin qapısını açıb baxdı, qayıdıb Babaşova dedi ki, “niyə buraları təmizləməmisən?” O da cavab verdi ki, “təmizləyə bilmirəm. Dəhlizi, başqa yerləri təmizləyirəm, buranı yox. Tualeti təmizləyəndə yemək yeyə bilmirəm”. Cavadov hirsləndi, dedi ki, “sən kimdən artıqsan, get, ayaqqabını geyin, tualeti təmizlə”. Babaşov dedi ki, “mən təmizləməyəcəm, o qədər oxumuşam ki, gəlib burada tualet təmizləyim?”. Cavadov onu vurdu, çox pis söyüşlər söydü. Babayev ayağından çıxardığı çəkmənin ipini belindəki kəmərə keçirtmişdi. Cavadov əl atıb, ipi götürdü, Babaşovu boğmağa başladı. Bir də soruşdu ki, “təmizləyəcəksən?”. Dedi ki, “təmizləməyəcəm”. Az sonra Babaşov boğulurdu, boğazında nə isə qalmışdı elə bil. Onda dedi ki, “yaxşı, təmizləyirəm”. Bundan sonra onu buraxdı. Cavadov dedi ki, beş dəqiqə vaxt verirəm, təmizlə, gəlib baxacam və çıxıb getdi. Ardınca da təxminən 30 saniyə sonra mən çıxdım, Babaşov orada tək qaldı, amma yayq üstə idi. Mən oradan çıxıb yataqxanaya girdim, həmin vaxt Cavadov da içəridə idi. Bu zaman əsgər Alməmmədov da gəldi. Cavadov məni yayına çağırıb dedi ki, “sən “suka”san? Dedim ki, “yox”. Dedi, “bilirsən də “suka”nın anası-bacısı nə olur? Mən cavab vermədim. Əlinə dəsmalı sarıyıb, gəlib məni vurdu. Bu zaman əsgər Bəhruz Yəhyayev içəri girib dedi ki, kimsə özünü aşağı atıb. Bunu eşidəndə Ruslan Cavadov şoka düşmüş vəziyyətdə güldü. Hamımız qaçdıq çölə…”
“Ağzımızı açıb nəsə deyəndə daha betər eləyirdilər”
Qeyd edək ki, Seymur Kərimli birinci ifadəsində bütün bunlar barədə heç nə deməyib. O, məhkəmədə ittiham və müdafiə tərəfinin suallarını cavablandırarkən birinci ifadəsində yalan danışmasını qorxması ilə izah etdi: “Həm qorxurdum, həm də Cavadov ağlamsınaraq demişdi ki, “anam xəstədi, əməliyyatdan yeni çıxıb, desən, məni həbs edəcəklər”. İkinci dəfə məni prokurorluğa aparanda orada Cavadovu gördüm. O, otaqdan çıxanda mən içəri girirdim. Dedi ki, “mən hər şeyi boynuma almışam, sən də qorxma, get, nə lazımdısa, de”. Həm də prokurorluqda mənə dedilər ki, “olmasa, səni həbs edəcəyik”. Mən də fikirləşdim ki, niyə kiməsə görə həbsdə yatmalıyam?”
O həmçinin gözünün qarşısında əsgər yoldaşı döyüldüyü, boğulduğu halda, onu müdafiə etməməsilə bağlı qınağa belə cavab verdi: “Biz ağzımızı açıb nəsə deyəndə daha pis eləyirdilər, ona görə heç nə deyə bilmirdik. Babaşovdan beş dəqiqə sonra Alməmmədovun yanında da məni döydü. O da heç nə eləmədi. Hamını döyürdülər, sonra da göyərən yerlərə “maz” vururdular”.
Seymur Kərimli ifadəsində Tapdıq Babaşovu savadlı, mədəni, artıq söz götürməyən əsgər kimi təsvir edib.
Yatanda yastığı dik qoyduğuna görə əsgəri şillələyiblər
Digər zərərçəkmiş əsgər Vüqar Əhmədov da hərbi hissədə dəfələrlə döyülüb. Onun sözlərinə görə, təqsirləndirilən Ruslan Cavadov istisna olmaqla, digər ikisi müxtəlif vaxtlarda onu döyüblər. Məsələn, bir dəfə düz addımlamadıqlarını əsas gətirərək, Cəmil Ağayev bir neçə əsgəri, o cümlədən onu və Tapdıq Babaşovu da sıraya düzərək döyüb. Manqa komandiri olmuş Elməddin Babayev isə onu yatarkən yastığı dik qoymasını bəhanə gətirərək şillələyib.
Onu da qeyd edək ki, əsgər Vüqar Əhmədov döyüldüyünü təsdiqləsə də, təqsirləndirilən şəxslərə qarşı şikayətinin olmadığını deyib.
Məhkəmə iclasının sonunda mərhum Tapdıq Babaşovun anası üzünü dəmir qəfəsdəki təqsirləndirilən şəxslərə tutub. Kifayət Süleymanova xüsusən Ruslan Cavadova müraciət edib: “Sənin də anan mənim kimi ağlar qalsın, niyə oğlumu öldürdün? Mənə cavab ver”.
Cavadov isə zərərçəkmişə belə cavab verib: “Bilmirsən axı… Mən sənin oğlunu öldürməmişəm. Onu öldürənin Allah bəlasını versin…”
Məhkəmə prosesi yanvarın 26-da davam edəcək.
Aytən Məmmədova