Monopoliya, korrupsiya, qiymət artımı, yüksək faizli kreditlər hələ də qüvvədədir
Dekabrın 21-də manatın növbəti devalvasiyası baş verdi və vətəndaşa daha ağır zərbə vuruldu. Hakimiyyətin ikinci gecə qarətindən sonra ölkədə kəskin bahalaşma start götürdü və ölkədə kütləvi narazılıq yarandı. Ümumiyyətlə, son baş verənlər hakimiyyətə qarşı nifrəti daha da artırdı və insanlar bugünə qədər aldadıqlarını daha çılpaq şəkildə anladılar.
Həmişəki kimi hökumət yenə də boş vədlərlə vəziyyəti dəyişmək istəyir. Guya, ciddi işlər görülür, böhrandan çıxış yolları tapılıb və s. Hətta mətbuatda da bu istiqamətdə təbliğat başlayıb. “Ilham Əliyev ciddi islahatlara başladı”, “Hakimiyyətdən qətiyətli addımlar” başlqılı yazılar dərc olunur. Amma diqqət edəndə heç bir islahatın işartısı görünmür.
Ümumiyyətlə, fevralın 21-də start götürmüş, dekabrın 21-də süərtlənmiş devalvasiyadan sonra hökumətin xalqa yönəlik hansısa addımı olubmu? Axı, Ilham Əliyevin hansı islahatlarından söhbət gedir?
Qiymət artımı davam edir. Hətta yerli məhsulların qiymətində də sabitliyi saxlaya bilmədilər. Devalvasiyadan vətəndaşlara dəyən zərər ödənilmədi. Dollarla krediti olanlara güzəşt olunmadı. Axı, islahat xəbəri verən göyərçinlər nəyə əsaslanaraq bu xəbərləri yayırlar?
Bəlkə, monopoliyalar ləğv olunub, sahibkar istədiyi məhsulu ölkəyə gətirə bilir, korrupsiyanın kökü kəsilib, vergilər azaldılıb?
Uzun illərdən sonra Ilham Əliyev dərman preparatlarının qiymətinin ucuzlaşdırılmasıyla bağlı sərəncam vermişdi. Indi həmin dərmanların qiyməti əvvəlki qiymətdən də bahadır. Əliyevin “yumurta islahatı” tamam iflasa uğradı. Son olaraq gömrükdəki qaydaların yüngülləşməsiylə bağlı qərar verilmişdi ki, bu da özünü doğrultmadı.
Belə ki, Ilham Əliyevin “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” fərmanına görə, fiziki şəxslər xaricdən şəxsi ehtiyacları üçün 10 min dollarlıq, onu müşayiət edən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə isə əlavə 2000 dollarlıq malı ölkəyə ödənişsiz gətirə bilərdi. Amma bu fərman da havada qaldı və gömrükdə şıdırğı iş davam edir.
Sadəcə olaraq “günahkarlar cəzalanacaq”, “korrupsiya ilə mübarizə davam edir”, “israfçılığa son qoyulmalıdır” kimi şüarlar səsləndirilir ki, bunu da Ilham Əliyev 12 ildir qeyd eləyir.
Reallıq budur ki, sosial-iqtisadi vəziyyətin ağır durumunda da hökumət heç bir real addım atmır. Iri məmurlar öz biznes maraqlarından imtina etmir, bank faizləri aşağı salınmır. Əksinə, müxtəlif cərimələr tətbiq etməklə, oğurlanan pulların yerinə vətəndaşın qəpik-quruşu ilə doldurmaq istəyirlər.
Yəni, “qətiyyətli addımlar atıldı” təbliğatının heç bir əsası yoxdur və daxili auditoriyaya quru təsəlli paylamaq cəhdidir.
Hakimiyətin real addımlar atmaq fikri olsaydı, ölkə bu vəziyyətə düşməzdi. Əksinə, bu vəziyyətdə də real addım atmamaq üçün bəhanələr axtarır, gündəmi boş vədlərlə dəyişmək istəyirlər.
Akif