Çıxış yolu vətəndaşın cibinə girmək deyil…
Etiraf edək ki, bizim ölkə üçün “böhran” ifadəsi həmişə keçərli olub. Yəni biz böhranı hansısa qlobal iqtisadi böhran şəriatində yaşamamışıq. Dünya ölkələrində iqtisadi inkişaf baş verəndə də, neftin qiyməti sürətlə qalxanda da, neft sürətləqiymətdən düşəndə böhran bizimlə yanaşı olub. Təbii ki, bir qrup şəxs aşırı varlanıb, komfort həyat sürüb, milyardları ata malı kimi mənimsəyib.
O, sadə vətəndaşdır ki, böhrandan başqa heç nə görməyib. Deməli, ölkədəki sosial ədalətsizlik, korrupsiya, qeyri-şəffaf idarəçilik vətəndaşı həmişə təhdid edib. Bu gün isə vəziyyət daha da ağırlaşıb. Və hökumət çıxış yolu kimi yenə dəvətəndaşın cibinə inteqrasiya etməyi görür. Belə ki, vergi cərimələri, mitinq və yürüşlərə görə cərimələr artırılır, ixtisarlar çoxalır, maaşlar gecikdirilir. Hətta, yeni qaydalara görə, məktəbdə 10 dərs buraxan şagird 100 manat ödəməli olacaq. Göründüyü kimi, hökumət boşalan büdcəni qəpik-quruşla doldurmaq istəyir. Hətta ən ağır vəziyyətdə belə ölkədən çıxarılan milyardlar geri gətirilmir, büdcəni doldurmalı olan ünvanlara üz tutulmur.
Bütün bunları niyə xatırlayırıq? ABŞ-ın “Global Financial Integrity” Tədqiqat Təşkilatı xaricə qanunsuz kapital axını həyata keçirilən ölkələrin siyahısını açıqlayıb. Bu siyahıda Azərbaycan 17-ci sırada dayanır. Məlum olur ki, 2004-2013-cü illər ərzində Azərbaycandan 95 milyard dollar pul çıxarılıb. Bəli, büdcəsində 5 milyard kəsir əmələ gəlmiş, vətəndaşı acınacaqlı vəziyyətdə yaşayan ölkədən qanunsuz yolla 95 milyard pul çıxarılıb. Təbii ki, bu hələ hamısı deyil və izi itmiş milyardlar hələ də var.
Söhbət bundan gedir ki, ölkədən çıxarılan iri miqyaslı pullarla həqiqətən də analoqsuz inmkişafı təmin etmək olarmış. Aydın olur ki, oğurluq, talançılıq dövlət siyasətinə çevrilməsəydi, neftin qiymətdən düşməsi də ölkənin vəziyyətini pisləşdirməzdi. Bu həm də o deməkdir ki, uzun illər ərzində hakimiyyət dövləti cinayətlə məşğul olub.
Əslində ölkədən 95 milyard dolların çıxarılması ciddi ittihamdır və hökumət buna cavab verməlidir. Şagirdin 100 manatına, mitinq iştirakçısının 1000 manatına, sahibkarların ödədiyi vergi cərimələrinə göz dikən hökumət, 95 milyardın oğurlanmasına niyə göz yumduğunu da izah etməlidir.
10-cu dərəcəli adamları həbs etməklə, vəzifədən çıxarılmış nazirin bahalı villasını göstərməklə, hansısa müəllimi, həkimi 300 manat rüşvət aldığına görə həbs etməklə, problemi çözmək mümkün deyil. 95 milyardlıq oğurluğun ortaya çıxması korrupsiyaya qarşı mübarizənin nağıl olduğunu göstərir. Bəli, 95 milyardı Eldar Mahmudov, Əli Abbasov, Cahangir Hacıyev ölkədən çıxara bilməzdi. Deməli, hökumətin daha geniş və daha yüksəkdə dayanan şəbəkəsindən söhbət gedir.
Nəhayət, bu 95 milyardlıq cinayət faktı göstərir ki, yaranmış böhranı aradan qaldırmaq üçün ofşordakı pulların geri qaytarılması kifayətdir. Onsuz da acınacaqlı durumda olan vətəndaşın qəpik-quruşu ilə dövləti gücləndirmək olmaz.
İlham