«Dövlət proqramında nəzərdə tutulan hədəflərin heç birinə əməl olunmayıb»
Vahid Məhərrəmov: «Kənd təsərrüfatına investisiya qoyulmursa, oradan yüksək nəticə gözləməyə də dəyməz»
2015-ci ili ölkə prezidenti kənd təsərrüfatı ili elan etmişdi. Kənd təsərrüfatının bütün sahələri üzrə işlər artıq yekunlaşıb. Ilin yekunları və kənd təsərrüfatında baş verən hadisələrə münasibətini öyrənmək üçün bu sahə üzrə mütəxəssis, AXCP Rəyasət Heyətinin üzvü Vahid Məhərrəmliyə müraciət etdik.
– Vahid bəy, demək olar, il yekunlaşmaq üzrədir. Bir mütəxəssis kimi bu ili kənd təsərrüfatı ili hesab etmək olarmı?
– Ümumiyyətlə, bu ilin əvvəlki illərdən ciddi fərqi olmadı. Kənd təsərrüfatında istehsalla, bu sahədə mövcud problemlərin aradan qaldırılması ilə bağlı hər hansı dəyişiklik baş vermədi. Əslində bu il yenilik nədə oldu, daha çox kənd təsərrüfatı ili ilə bağlı fərman imzalandı, kağız küyü yaradıldı. Yalnız bu sahədə söz-söhbətlər baş verdi və vədlər verildi. Bütün bu kağız küyünün, verilən sərəncamların kənd təsərrüfatına heç bir xeyri olmadı. Gələcəkdə də bu sahədə inkişafin olacağına ümid bəsləmirik. Il başlayandan sonra kənd təsərrüfatı ili elan olundu. Sonradan, baxmayaraq ki, heç bir ehtiyac yox idi, Dövlət Taxıl Fondunun ehtiyatı 250 min ton artırıldı. Buna görə də xaricdən gətirilən buğdanın həcmi artırıldı. Təəssüflər olsun ki, Dövlət Taxıl Fondu ora daxil olan taxılı daxili istehsal hesabına yaratmır, xaricdən idxal edir. Bu da bəzi suallar yaradır, şübhələr doğurur. Ona görə ki, biz çalışmalıyıq daxili istehsalı stimullaşdıraq. Fermerlərimizin istehsal etdiyi məhsulun bazara çıxışını asanlaşdıraq. Bu il Kənd Təsərrüfatı Nazirliyi üçün imkan yaradıldı, lakin onlar lazım olmayan işi gördülər, dediyim kimi, taxıl fondunun artırılmasına qərar verdilər. Bundan əlavə bir neçə fərman da imzalanmışdı, bunlar heyvandarlığın, həmçinin bitkiçiliyin inlkişafı ilə bağlı idi. Lakin bu sənədlər də sonradan hər hansı formada gerçəkləşmədi. Bu il nəzərdə tutulmuşdu ki, yerlərdə Kənd təsərrüfatı idarələri yaradılsın. Rayon Icra hakimiyyətlərində Aqrar məsələlər üzrə müavin ştatları ləğv edildi. Lakin idarələrin yaranmaması rayon səviyyəsində problemlərin həll olunmaması ilə nəticələndi.
– Yalnız inzibatı binalar tikilməsi ilə yekunlaşdı..
– Tamamilə doğrudur, demək olar, bütün rayonlarda inzibati binalar tikildi, vəsaitlər xərcləndi. Hazırda həmin binalarda bəzi sahələr üzrə şöbələr fəaliyyət göstərir. Məsələn, toxumçuluq müfəttişliyi kimi kənd təsərrüfatına aid qurumların fəaliyyəti mövcuddur. Lakin onları koordinasiya edən hər hansı qurum yaradılmayıb. Digər tərəfdən, hökumət məmurları, xüsusən də Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları vurğulayırlar ki, son 100 il ərzində ən yüksək məhsuldarlıq bu il əldə olunub, guya məhsuldarlıq taxılda 30, buğdada isə 31 sentnerə çatıb. Ancaq son 100 il ərzində ən çox buğda idxalı məhz bu il olub. Builki göstərici keçənilkindən 13 faiz yüksək olsa da, nəzərə almaq lazımdır ki, taxılın qiymətində dünya bazarında çox ciddi azalma olub, deməli, ölkəyə gətirilən taxılın həcmi əvvəlki ildəkindən xeyli çox olub. Yəni dəyər dərəcəsi ilə bu 13 faizdirsə, fiziki çəkidə bu, 30 faizdən artıqdır. Bu isə onu göstərir ki, Azərbaycan bu il də əvvəlki illərdə olduğu kimi özünü təmin edə biləcək qədər taxıl istehsal edə bilməyib. Deməli, rəqəmlər şişirdilib. Kənd Təssərrüfatı ili elan olunduğuna görə bəzi göstəriciləri şişirtməklə ictimaiyyətə uğur kimi təqdim olunması məqsədi güdürlər.
“Bu sahəyə məsul olanlar qeyri-peşəkardılar”
– Belə anlaşıldı ki, bu il ölkəmizdə istehsaldan çox idxala üstünlük verilib. Bunu taxılçılıq üzrə bildirdiniz. Bəs digər sahələr üzrə göstəricilər necədir?
– Əvvəla, bitkiçilik üzrə bu məsələni yekunlaşdıraraq bildirim ki, bunlar meyvə-tərəvəzin, kartof istehsalının artırılması barədə məlumatlar versələr də, reallıqda statistik göstəricilər bunun əksini deyir. Əvvəlki ilə nisbətən 136 faiz meyvə idxalında artım olub, bu, dəyərlə ifadədə 27 milyon dollar çoxdur.
Eləcə də, bizim ixrac etdiyimiz bəzi məhsullarda da çox ciddi azalma baş verib. Çay ixracı 44 faiz azalıb, bitki və heyvan mənşəli yağların ixracında isə 35 faiz azalma baş verib. Həmçinin ölkədən ixrac olunan şəkər əvvəlki ilə nisbətən 5 faiz azalıb. Bizim ixracımız azaldığı halda idxalımız artıb. Kartof idxalı 2.5 dəfə artıb, bütün bitkiçilik sahələrində yalnız idxalda artım olub. Bu da hakimiyyətdəkilərin ortaya qoyduğu statistika ilə uyğunlaşmır. Heyvandarlıq məhsullarında da eyni vəziyyətdir. Dəyər ifadəsində idxal az görünür, amma bu günlərdə Dövlət Statistika Komitəsi açıqladı ki, dünya bazarında heyvandarlıq məhsullarının qiymətinin azalmasına görə ölkəyə gətirilən məhsullar dəyər ifadəsində az olsa da, fiziki çəkidə çoxdur. 2,3 faiz süd idxalı artıb, həmçinin ölkəyə gətirilən diri mal-qaranın da 3 faizə qədər artdığı görsənir. O sıradan ət və ət məhsullarının da idxalında artım görürük. Elə bir pozisiya yoxdur ki, orada özümüzün istehsalımıza görə təlabatı ödəyək. Əvvəlki ilə nisbətdə bu il aqrar sahədə tənəzzülün, ciddi problemlərin yarandığını görürük. Bu isə onun göstəricisidir ki, bu sahəyə məsul olanlar qeyri-peşəkardılar, nə işlə məşğul olacaqlarını bilmirlər. Hələ üstəlik, bank sistemində də müəyyən problemlər yarandı və bu il fermerlər üçün kredit əlçatan olmadı. Kənd təsərrüfatına investisiya qoyulmursa, oradan yüksək nəticə gözləməyə də dəyməz. Fermerlərimizin əldə etdiyi gəlir çox aşağı olduğundan onlar təsərrüfatlarının inkişafina imkan tapmırlar. Ümumiyyətlə, əkin sahəsinin strukturunu nəzərdən keçirəndə görünür ki, Azərbaycanda istehsalla intensiv qaydada yox, sanki pərakəndə şəkildə məşğul olunur. Yəni əkin sahələrinin strukturu geridə qalmış ölkənin əkinçilik sahəsindəki fəaliyyətini xatırladır. Təəsssüflər olsun ki, bu sahə ilə məşğul olanlar bunu anlamır, bunu başa düşmək istəmirlər. Bu sahədə ciddi problemlər var və problemlər gələcəkdə də özünü göstərəcək. Məhsuldarlığımız aşağı düşəcək, məhsulun qiyməti artacaq. Bu sahə ilə məşğul olanların sayı getdikcə azalacaq. Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması proqramı qəbul edilib. Bu proqram 2008-2015-ci illəri əhatə edirdi. Bu dövlət proqramında nəzərdə tutulan hədəflərin heç birinə əməl olunmayıb.
Ölkəyə gətirilən məhsulların dəyəri süni şəkildə aşağı salınır
– Bildiyimiz kimi, idxal məhsulları gömrük nəzarətindən keçərkən sənədləşmədə müəyyən problemlər yaranır. Sizin araşdırmalar nəticəsində bu faktlar ictimaiyyətə müəyyən dərəcədə çatdırıldı. Bundan sonra isə həmin sənədləşmələrdə bu ilin statistikasına görə bir qədər dəyişiklik var. Bu, reallığı tam əks etdirirmi?
– Xeyli belə faktlar araşdırmışıq, yeri gəlmişkən, bunda mətbuatın, xüsusən də “Azadlıq” qəzetinin də rolu oldu. Uzun müddətdir bunlara özlərinin statistik məlumatlarını təqdim edirik. Ölkəyə gətirilən məhsulların dəyəri süni şəkildə aşağı endirilir, burada mənimsəmə hallarına, vergidən yayınma hallarına yol verilir. Bunu elə qabarıq formada edirlər ki, gizlətmək mümkün deyil. Təsəvvür edin, bir qoyunu 9 dollara, bir iri buynuzlu malı 30 dollara sənədləşdiriblər. Dünyanın heç yerində belə qiymət yoxdur. Bunu ictimaiyyət biləndən sonra keçən il bir qədər həmin məhsulların idxal dəyərində nisbətən artım qeydə alındı. Bu il isə 2013-cü ilə nisbətən xirda buynuzlu heyvanların idxal dəyərini 7 dəfə, iribuynuzlu mal-qaranın idxal dəyərini isə 14 dəfə artırdılar. Amma bu rəqəmlərə də tam inanmıram, şübhələrim var. Stastik məlumatlar da bu şübhələrə əsas verir, bu il baş sayını 3 dəfə azaldıblar. Görünür, bunlar qiyməti artırıblar, ancaq bütün ölkəyə idxal olunan heyvanların hamısını gömrük statistikasında göstərmirlər və gizlədirlər. Ola bilməz ki, ölkəyə idxal olunan diri heyvanların sayı 3 dəfə azalsın. Hələ bizim şübhələrimiz var və araşdırmalarımız davam edəcək. Onu da deyim ki, idxalın inhisarda olması və belə halların baş verməsi daxili istehsala çox ciddi təsir edir. Əlbəttə, bunlar gedib digər ölkələrdən malı, məhsulu əldə edə bilirlər, baxmayaraq ki, keyfiyyəti aşağıdır. Ancaq həmin malı, məhsulu gətirib daxili bazarda – inhisarda, bəzi adamların əlində olduğu üçün – onlar həmin malın, məhsulun daxili bazarda satışını həyata keçirə bilirlər. Bu da daxili istehsalın qarşısını alır. Fermerlər rəqabət qabiliyyətli mallar, məhsullar istehsal edə bilmirlər. Bizim fermerlərin kifayət qədər səriştəsi, bilgisi yoxdur. Bizim fermerlərin maliyyə vəsaitlərinə əlçatanlığı yetərincə deyil. Idxalın inhisarda olması daxili istehsala çox ciddi təsir edir.
Ermənistanda bir kiloqram qoyun əti 4-5 manat, mal əti isə 2,5-3 manatdır
– Bu il araşdırmalarınızın biri də ölkəyə idxal olunan palma yağının miqdarı ilə bağlı idi. Sizin araşdırmanıza reaksiya verən oldumu?
– Biz bu haqda açıqlamanı təxminən 6-7 ay bundan əvvəl vermişdik, eləcə də keçən il də bununla bağlı məlumatlarımız vardı. Ölkəyə təxminən 40 min ton palma yağı gətirilir və bu yağın hansı sahədə istifadə edilməsi barədə ictimaiyyətə heç bir məlumat verilmir. Baxmayaraq ki, palma yağı çox ucuz qiymətə ölkəyə idxal olunur, təxminən bir kiloqramı 60 qəpiyə, bizdə olan məlumata görə, həmin yağı digər yağlara qataraq istehlakçılara təqdim edirlər. Bu faktlar idxalın nəzarətdə olmadığı digər MDB ölkələrində də yayılıb. Belə olan halda ictimaiyyət bilməlidir, çünki palma yağlarının da keyfiyyətində fərqlər var, onların eləsi var onlardan qida məhsulu kimi istifadə etmək olmaz, yalnız texniki vasitə kimi istifadə edilir. Ola bilsin ki, həmin yağlar ölkəyə gətirilib kərə yağı kimi istelakçılara təqdim olunur. Əgər belə deyilsə, bu məsələ ilə bağlı bu işlə məşğul olan sahibkar və ya həmin sahəyə nəzarət edən məmurlar zəhmət çəkib qəzet və televeziya vasitəsi ilə açıqlama versinlər ki, bu yağdan nə məqsədlə istifadə olunur, harada istifadə olunur, onu kimlər gətirir ölkəyə. Belə olan halda bizim də şübhələrimiz olmaz.
– Region dövlətləri ilə müqayisədə vəziyyət necədir? Bu yaxınlarda qonşu Ermənistan və Gürcüstan dövlətləri ilə bağlı mətbuatda müəyyən müqayisəli açıqlamalarınız olmuşdu.
– Baxmayaraq ki, region dövlətləri ilə müqayisədə müəyyən üstünlüklərimiz var. Bizim torpaq-iqlim şəraitimiz onlarla müqayisədə daha əlvirişlidir. Yəni dünyada dörd ölkə torpaq, iqlim şəraitinə görə ən yüksək koteqoriyaya daxildir, Azərbaycan, Türkiyə, Ispaniya və Italiya. Bu ölkələrin torpaqlarında bənzərlik var. Bizdən fərqli olaraq Türkiyə, Ispaniya və Italiyada kənd təsərrüfatı çox yüksək inkişaf edib. Biz özümüzü qonşu ölkələrlə müqayisə ediriksə, onlardan fərqli olaraq bizim üçün münbit şərait var. Torpağımız münbitdir, resurslarımız kifayət qədərdir. Nə Ermənistanın, nə də Gürcüstanın bizim qədər maliyyə resursu var. Onların əmək resursu da bizimki qədər deyil. Belə olan halda biz o ölkələrdən daha yaxşı nəticə əldə etməliyik, ancaq bizim apardığımız araşdırmalar onu göstərir ki, qonşu ölkələr də, Ermənistan da, Gürcüstan da Azərbaycandan fərqli olaraq sürətlə inkişaf edir. Onlar özlərinin ətə, südə və digər məhsullara olan təlabatını adambaşı bizdən fərqli olaraq ödəyə bilirlər. Həm Gürcüstanda, həm Ermənistanda kənd təsərrüfatı məhsullarının qiyməti Azərbaycandakı qiymətlərə nisbətən xeyli aşağıdır. Məsələn, Ermənistanda bir qoyunun qiyməti 40 dollardır və Ermənistanda qoyun ətinin bir kiloqramı 4-5 manat arasındadır. Mal ətinin qiyməti isə 2,5-3 manatdır.
Bizim Gürcüstanla qonşu rayonların sakinləri öz təlabatlarını ödəmək üçün gedib oradan bazarlıq edirlər. Hətta Gürcüstanda yaşayan azərbaycanlılar çoxlu çeşiddə kənd təsərüfatı məhsullarını gətirib Azərbaycanda daha baha qiymətə satırlar. Bu ondan xəbər verir ki, həmin ölkələrdə kənd təsərüfatı məhsullarının qiyməti ucuzdur. Əhali üçün, istehlakçılar üçün əlçatandır. Görünür, orda məhsulların bolluğu var, ona görə də ixrac edirlər.
Təzəxan