«Rusiyanın aqressiv siyasətinə qarşı Azərbaycanın da yeri məhz NATO-da olmalıdır»
Gültəkin Hacıbəyli: «Azərbaycan Türkiyənin, Qərb blokunun yanında olmalıdır»
Xəbər verdiyimiz kimi, Avropa Birliyi rəsmiləri blokun sərhədlərinin mühafizəsi ilə bağlı yeni qaydalar təklif etməyə hazırlaşır. Bunu Almaniyanın daxili işlər naziri Thomas de Maiziere bildirib.
Həmin qaydalara əsasən, Avropa Birliyinə üzv dövlət sərhədini qorumaq vəzifəsinin öhdəsindən gələ bilmədikdə, məsələyə Avropa Sərhəd Mühafizə qurumu müdaxilə edəcək.
Artıq dünyada proseslərin gedişi onu deməyə əsas verir ki, Qərblə Rusiyanın qarşıdurması həlledici mərhələyə qədəm qoyub. Regionumuzda yerləşən Gürcüstan artıq neçə ildir ki, birmənalı şəkildə Avropa Birliyi və NATO-nu seçib.
Ekspertlər hesab edir ki, Azərbaycan da yaranmış durumda seçimini etməlidir. Və dövlət maraqları baxımından Azərbaycanın seçimi Qərb və NATO olmalıdır.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, qlobal situasiya göz önündədir. Qərb və Rusiya qarşıdurmasının pik həddi yaşanır. G.Hacıbəyli vurğuladı ki, Suriyada Qərblə Rusiya açıq qarşıdurmadadır. G.Hacıbəylinin sözlərinə görə, bloklardan biri güclənməkdə, digəri isə mövqelərini itirməkdə davam edir: “Belə bir zamanda təbii ki, bölgə dövlətləri seçim etməlidirlər. Xüsusilə ərazi baxımdan kiçik dövlətlər təhlükəsizlik çətiri altına keçməlidirlər. Azərbaycan həssas coğrafiyada yerləşir. Azərbaycan şimaldan Rusiya, cənubdan Iranla qonşudur. Hakimiyyət təmsilçiləri də dəfələrlə Azərbaycanın bu iki dövlət arasında sendviç kimi əzildiyini qeyd ediblər. Qərbin Rusiya ilə qarşıdurması dərinləşsə də, Iranla münasibətlər fərqlidir. Iran yaxın zamanda öz siyasi mövqeyində ciddi dəyişikliklər edəcək. Qərblə Iranın imzaladığı anlaşma bunun bariz sübutudur. Yaxın günlərdə ABŞ-ın Suriya ilə bağlı sərt xəbərdarlığından sonra Iran bu mövqelərindən də geri çəkilib. Bu baxımdan Iranla qərbin bir çox məsələlərdə ortaq dil tapması zaman məsələsidir”.
G.Hacıbəylinin sözlərinə görə, Rusiyaya gəlincə, bu dövlətin rəhbərliyi özünün avntürist siyasətini davam etdirir. Bu siyasətin heç bir perspektivi olmadığını deyən G.Hacıbəylinin fikrincə, bu məqamları nəzərə alaraq Azərbaycan seçimini etməlidir: “Düşünürəm ki, son zamanların hadisələri Azərbaycanın açıq olan seçimini bir qədər də aydınlaşdırdı. Azərbaycanın ərazi bütövlüyünün ən böyük təminatçısı olan Türkiyə NATO blokunda mövqelərini möhkəmləndirdi. Rusiyanın sərhəd pozması nəticəsində atdığı adekvat addımı Qərb müdafiə etdi. Rusiyanı isə beynəlxalq aləm qınadı, tənqidlərə tuş gəldi və ölkənin təcridi daha da dərinləşdi. Belə bir vəziyyətdə Azərbaycan Türkiyənin, Qərb blokunun yanında olmalıdır. Bu yalnız bu günün diqtə etdiyi gerçəklik deyil. Bu, tarixi seçimimizdir. 1918-ci ildə ulu babalarımız Xalq Cumhuriyyətini quran zaman Azərbaycanın gələcəyini Avropaya inteqrasiyada görüblər. Bu gün də Türkiyə ilə NATO vahid orqanizm şəklində Rusiyanın işğalçılıq siyasətinə qarşı durursa, Azərbaycanın da yeri məhz bu blokda olmalıdır. Çoxları üçün bu, cəsarətli çağırış kimi səslənə bilər. Amma Azərbaycan NATO ilə münasibətlərin düzənə salınması ilə bağlı düşünməlidir. Azərbaycanın NATO ilə əməkdaşlığı var, ancaq bu əməkdaşlıq daha keyfiyyətli müstəviyə qədəm qoymalıdır”.
Xəyal