Daşınmaz əmlakın alqı-satqısı barədə hökumətin məlumatları ilə real vəziyyət üst-üstə düşmür
Daşınmaz əmlak bazarında son bir ildə qiymətlərin 30 faizdən çox ucuzlaşdığı bildirilir. Amma rəsmi məlumatlara görə, ölkədə mənzil və fərdi evlərin alınmasına yatırılan vəsaitlər kəskin şəkildə artıb. Azərbaycanda ipoteka krediti də daxil olmaqla, daşınmaz əmlakın tikintisinə və alınmasına təkcə bu ilin oktyabr ayında 117,2 milyon manat kredit verilib. Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Sonuncu dəfə daşınmaz əmlakın kreditləşməsində belə kəskin artım bu ilin fevral ayında – Azərbaycanda baş vermiş devalvasiyadan sonra qeydə alınıb. Həmin ay dollarla verilmiş kreditlərin hesabına daşınmaz əmlakın kreditləşməsi 64,1 milyon manat təşkil etmişdi. Sonrakı aylarda isə bu sahəyə verilmiş kreditlər 30 milyon manatı keçməyib, hətta bəzi aylarda azalma müşahidə edilib. Indi isə birdən-birə, sentyabr ayındakı 2,4 milyon manatlıq azalmadan sonra daşınmaz əmlak kreditlərində bu qədər artım istər-istəməz müəyyən suallar yaradır. Görəsən, daşınmaz əmlak bazarında real vəziyyət necədir?
“MBA LTD” Qiymətləndirmə və Konsaltinq Şirkətinin rəhbəri, daşınmaz əmlak üzrə ekspert Nüsrət Ibrahimov deyir ki, rəsmi açıqlamada qeyd edilən rəqəm ümumi yatırımları əhatə edir. Yəni ora tikinti və digər sahələri əhatə edən yatırımlar da aiddir. Ekspertin sözlərinə görə, daşınmaz əmlak və alqı-satğı bazarında vəziyyət ötən illə müqayisədə çox zəifləyib:
“Daşınmaz əmlak bazarında aktivlik ən azı, iki dəfə azalıb. Qiymətlər isə 25 faizdən bir qədər artıq düşüb. Bütün bunlara nəzərən demək olar ki, reallıqda alqı-satqı bazarında vəziyyət bir o qədər də ürəkaçan deyil”.
Nigar