Dövlət Neft Fondunun 2015-ci il oktyabrın 1-nə olan aktivləri (34,738 mlrd. ABŞ dolları) bu ilin oktyabr-noyabr ayları ərzində 729 milyon dollar məbləğində və ya 2,1 faiz dəyərdən düşüb. Son iki ayda baş verən azalma əsasən, Fondun avroda olan aktivlərində qeydə alınıb və təxminən 680 milyon dollara bərabər olub. Ikinci ən çox dəyərdən düşən aktiv qızıl olub və dollar ekvivalentində zərər 47,5 milyon dollar təşkil edib.
Lakin itkilər bununla məhdudlaşmayıb. Mərkəzi Bankın valyuta ehtiyatlarının əriməsi prosesi noyabrda da davam edib. Belə ki, təxminən, 600 milyon dollar ərimə var. Ötən ayın sonuna ehtiyatların həcmi 6.834 milyard dollar idisə, hazırda bu məbləğ 6.245 milyard dollardır.
Iqtisadçı-ekspert Rövşən Ağayev Azərbaycanın cari hesabar balansında müsbət saldonun qeydə alındığını söyləyib. Ekspert belə vəziyyətdə valyuta ehtiyatlarının əriməsinin davam etməsini ehtimal olunan bir mühüm səbəblə – ölkədən kapital qaçışıyla əlaqələndirib: “Çox güman ki, hakimiyyət daxilində baş verənlər və biznes mühitinin özünü təhlükəsiz öüzünü riskdə hiss etməsi ölkədən kapital qaçışını sürətləndirib.
Bir şey dəqiqdir ki, valyutaya çevriləcək likvid manat kütləsinin həcmi çox deyil, burda əsas rolu dollara çevrilərək qaçan əmlak kütləsi oynadığını ehtimal etmək mümkündür.ÿSonuncu dəfə MB-nin valyuta ehtiyatları 2010-ci ilin sonlarında bu səviyyədə olub”.
İqtisadçı-ekspert Məhəmməd Talıblı isə söyləyir ki, azalmalar təkcə Neft Fondunun aktivlərində özünü göstərməyib. Doğrudur, burada dünyadakı dəyişən valyuta nisbətinə və konyukturaya görə aktivlərdə itkilər yaranıb. Amma hər bir halda, aktivlərdən əldə olunan gəlirlilik səviyyəsi heç zaman bir faizi aşmır. Ekspertə görə, bu isə olduqca aşağı səviyyəli gəlirlilik həddidir: “Təkcə Neft Fondunda olan aktivlərin azalması ilə hər şey yekunlaşmır. Dövlətin bir neçə maliyyə axın kanallarında azalmaların olması artıq bir tendensiya halını alıb. Mərkəzi Bankın ehtiyatları azalır, Neft Fondunun aktivlərinin səmərəli idarəedilməsi zəifləyib, dövlət büdcəsinin növbəti il üçün gəlirləri 25,1 faiz azalıb. Bütün bunlarla yanaşı, biznes subyektlərinin gəlirləri azalır və istehlakçıların satın aldıqları mal və xidmətlərdin həcmində aşağı düşmələr var. Bütün bunlar isə onu deməyə əsas verir ki, ölkədə işgüzar aktivlik səviyyəsi xeyli aşağı düşüb. Sadaladığım tənəzzül elementlərinin zəifləməsi nəticəsində vergi ödəyicilərinin büdcəyə ödməli olduqları borcların həcmi böyüyüb. Hazırda kiçik və orta sahibkarlıq subyektlərinin vergi borcları 1,4 milyard manatı keçib. Indiyə qədər neft pulları hesabına hərarətlənən bazarlarda daha əvvəlki dinamizm hiss olunmur. Bunu açıqca görmək olur. Növbəti yarım ildə iqtisadi vəziyyətin daha kəskin dəyişəcəyini zənn edirəm. Bununla Mərkəzi Bankın ehtiyatlarının tamamilə ”əriməsini” və sosial-iqtisadi vəziyyətin kəskin pisləşməsini proqnozlaşdırmaq mümkündür”.