Məhəmməd Talıblı: «Ölkə iqtisadiyyatında tənənzül elementləri güclənib»
Ekspertlərin fikrincə, manatın məzənnəsində dəyişikliklər dekabrın 18-nə kimi davam edəcək. FED-in dekabrın 18-dəki qərarından sonra manatın taleyi məlum olacaq. Əgər FED uçot dərəcəsini artırmaq qərarını verəcəksə, nəticədə növbəti dövrlər üçün dolların möhkəmlənməsi davam edəcək. Təxmini proqnozlara görə, möhkəmlənmə 6 ay-1 il arası çəkə bilər. Eyni zamanda, İranın da dünya bazarına neftini çıxarması gözlənilir ki, bu da “qara qızıl”ın qiymətinin dünya bazarlarında ucuzlaşmasına gətirib çıxaracaq.
Bu arada ölkə iqtisadiyyatında baş verənlər də maraq doğurur. Banklardan əldə etdiyimiz məlumata görə əhali kütləvi şəkildə avtomobil kreditlərinin ödənişini dayandırır. Buna səbəb avtomobil bazarında yaşanan qiymət enişidir. Məsələn, bir il əvvəl dəyəri iyirmi min manat olan avtomobil hazırda 30-40 faiz ucuzlaşıb. Bu isə bir əvvəlki bahalı qiymətlə götürülən avtomobil kreditinin ödənilməsini sərfəli etmir.
Eyni zamanda banklarda girov şəkildə olan evlər də banklara təhlükə mənbəyinə çevrilib. Çünki evlərin qiymətində yaşanan mənfiyə doğru dəyişiklik ev sahiblərini çətin vəziyyətdə qoyub. Çünki hazırkı bazar qiymətləri evin bankdakı qiymətləndirilməsi və ona uyğun olaraq ödənişi ilə tərsmütanasiblik təşkil edir.
Bəs yaşanan tendensiya Azərbaycan iqtisadiyyatına, ölkədəki sosial-iqtisadi duruma nə vəd edir?
İqtisadçı Məhəmməd Talıblı bildirdi ki, hazırda daşınmaz əmlak, maşın bazarında yaşananlar, müşahidə olunan tendensiya iqtisadi tənənzül elementləridir. Hazırda vətəndaşların, sahibkarların və digər bazar iştirakçılarının ciddi maliyyə sıxıntıları yaşadığını deyən M.Talıblı vurğuladı ki, ölkədəki işgüzar aktivliyinin zəifləməsi gəlirlərin azalmasına gətirib çıxarır: «Belə bir vəziyyətdə həm vətəndaşlar, həm də sahibkarlar banklarla bağladıqları öhdəlikləri pozmağa məcbur olur. İş yerlərinin itirilməsinin, gəlirlərin azalmasının problemli kreditləri artıran faktordur. Belə bir vəziyyətdə vətəndaşlar həm avtomobil, həm də ipoteka kreditlərinin qarşılanması problemi ilə üz-üzə qalır. Borclar daha çox yeni borclanmaya girilərək qapadılmağa çalışılır. Bütün bunlar iqtisadiyyatda tənənzül elementlərinin güclənməsini göstərir. Nəticədə vətəndaşlar avtomobillərini, evlərini təkrar bazara çıxarır. Bu isə bazarda təklif çoxluğu yaradır. Bu da qiymətlərə istər-istəməz təsir edir».
M.Talıblı vurğuladı ki, hazırda baş verənlər hakimiyyətdən kompleks addımların atılmasını tələb edir.
Xəyal