Rusiyanın Türkiyəyə qarşı sanksiya irəli sürməsi Azərbaycana birmənalı olaraq təsir göstərəcək.
ANS PRESS-in məlumatına görə, noyabrın 28-də Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı iqtisadi sansiyaların tətbiqi haqqında fərman imzalayıb. Fərmana görə, Rusiya ərazisinə idxal olunan bir sıra türk mallarına qadağa qoyulub. Bu sırada isə ilk növbədə kənd təsərrüfatı məhsulları var.
Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev ölkəsinin tərəvəzlərin, ilk növbədə pomidorların idxalında alternativ bazar kimi xüsusilə Azərbaycan, İran, İsrail, Özbəkistan və Mərakeşin əvəz edəcəyini deyib.
Statistik məlumata görə, Türkiyə Rusiyaya 360 min tondan çox tomat, 250 min ton sitrus meyvələri ixrac edir. Ölkəyə idxal edilən ərzaq məhsullarının 20 faizi də Türkiyənin payına düşür.
Çox güman ki, bundan sonra Rusiya yaranan tələbatı ödəmək üçün məhsulları Azərbaycan və ona yaxın olan digər ölkələrdən idxal edəcək. Bu səbəbdən də ölkədə bahalaşmanın müşahidə edilməsi gözləniləndir. Çünki Rusiyaya aqrar məhsulların ixrac həcmini artmaqda davam edir və bu, daxili bazarda yerli məhsulların miqdarının azalmasına yol açır.