elnurastanbeyli@gmail.com
Deməli, məsələ belədir: Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında hazırlanmış Azərbaycan dilində şəxs adları lüğətinə daxil edilməyən adların siyahısı açıqlanıb, insafən, orada kifayət qədər gülünc səslənən, uşaqlara gələcəkdə mənəvi travma vəd edən, bu səbəbdən də yasaqlanması doğru olan adlar var. Məsələn, siyahıda göstərilən “Yüzbaşı” adının uşaqlara qoyulmasını qadağan etməklə razılaşmamaq olmur. Amma bundan əvvəl ölkədə hər seçkidə adamlardan “yüzbaşı” düzəldib onları saxtakarlığa cəlb etməmək lazımdır.
Uşaqlara “Təşəkkür” adı qoymaq yasaqlanırsa, çox gözəl, çox pakizə! Amma bundan əvvəl hökumət hər dəfə yetimin papağını çırpışdlırıb sonra onu özünə qaytaranda zəhmətkeşlərə “təşəkkür məktubları” yazdırmaqdan əl çəkməlidir, 21-ci əsrdə bu çox idbar görünür.
Anlaya bilmədim, siyahıda “Nahaq” sözünün nə işi var? Niyə uşaqlara belə ad qoymaq olmaz? Ölkədə bu qədər nahaq iş tutmaq yaxşıdı, amma uşağa “Nahaq” adı qoymaq pis?
Uşağa “Dilənçim” adı qoymaq olmaz – razıyam! Amma ölkənin yeraltı-yerüstü var-yatırına yiyələnib, camaatı bir qarın çörəyə möhtac etmək, uşaqları, qadınları, qocaları küçə-küçə çörəkpulu, dərmanpulu dilənməyə məcbur etmək heç olmaz!
Uşağa “Nakam” adı qoymağa icazə vermirsiniz, düz eləyirsiniz. Bəs bu qədər insanın arzularını niyə gözündə qoyursunuz? Niyə onların azad və firavan bir həyata qovuşmasına, demokratiya, hüquq, sosial bərabərlik sarıdan dünyadan nakam getməsinə bais olursunuz.
Bir xeyli ad da var ki, onlara siyahıda rast gəlmədim, amma, məncə, hər nə qədər yaxşı səslənsə də yasaqlanması doğru olardı. Məsələn, Azərbaycanda hansı əsasla uşaqlara “Ədalət” adı qoymaq olar? Bizdə bu söz çoxdan öz işləkliyini itirib, hətta gülməli səslənir. Yaxud yalanın hegemon olduğu ölkədə uşağa “Həqiqət” adı qoymaq komik deyilmi? Hamıdan müti, qul olmağı tələb edib uşağa “Azad” adı qoyulmasına icazə vermək də məntiqə sığmır, yaptokratiyanın idarəetmə fəlsəfəsinə ziddir, dövlətçiliyimizin sütunlarını sarsıda bilər.
Ümumiyyətlə, yapçıların sayəsində ictimai-siyasi leksikonumuzda özünə möhkəm yer eləmiş elə sözlər var ki, mən onların uşaqlara ad olaraq verilməsini müstəqilliyimizin möhkəmlənməsi, dövlətimizin güclənməsi baxımından vacib hesab edirəm. Axı niyə bizdə “Rüşvət”, “Ofşor”, “Şirinlik”, “Karusel”, “Sabun”, “Multikulturalizm”, “Analoqsuz” adlı vətəndaşlar böyüməməlidirlər? Abid Şərifovun məşhur “Alabala”sını uşaqlara ad kimi qoyaraq əbədiləşdirmək üçün nəyi gözləyirik? Müxalifətçi uşaqlarına isə “Destruktiv”, “Antimilli”, “Ünsür”, “Element” kimi adları qoymaq məcburi olmalıdır. Çünki onların böyüyüb valideynlərinin yolu ilə getmək, düşmən dəyirmanına su tökmək, inkişafımıza paxıllıq etmək, dağıdıcılıqla məşğul olmaq kimi zərərli vərdişlərlə məşğul olmaq ehtimalı çoxdur.
Qaçqın və məcburi köçkün uşaqlarına isə “Lazım” adı qoymağı təklif edirəm. Onların Lazımı gözləməkdən onsuz da gözlərinin kökü saralıb, qoy onu zəhmət çəkib özləri böyütsünlər.
Yeri gəlmişkən, bəzən deyirlər, adın insan taleyində rolu böyükdür, hər kəsin adı onun mahiyyətinə, xislətinə təsir edir. Mübahisəli, hətta gülməli fikirdir. Guya ölkədə adı “Qorxmaz” olan, amma məmləkətdə nə olub-bitdiyini dilə gətirməkdən qorxan azmı adam var? “Adil” adı daşıyıb amma ədalətsizliyə haqq qazandıran heçmi yoxdur? “Arif” adında o qədər adam var bu ölkədə, mətləbi bir işarədən yox, əlli min işarədən də anlatmaq çətindir.
Məncə, biz artıq qədim oğuzların Dədə Qorqud dastanlarında haqqında danışılan adqoyma adətinə qayıtmalıyıq. Hər kəs bəlli bir yaşa çatandan sonra öz əməlinə, tutduğu işə görə ad almalıdır. Tutaq ki, sən böyyüyüb hansısa çinovnik olandan sonra ad alırsn, – məsələn, büdcəni yaxşı basıb yediyinə görə Dədə Qorqud gəlib sənə “Basat” adı qoysa, bunun nəyi pisdir? Ətrafımız xaraktercə, xislətcə, əməlcə, niyyətcə Yalıncıqlarla dolu ikən bu ad niyə unudulub getməlidir?
Necə deyərlər, yeni – yaxşı unudulmuş köhnədir.