Təkcə «Yapı Kredi Bank» bu ilin 9 ayını iki milyon manata yaxın zərərlə başa vurub
Nemət Əliyev: «Mərkəzi Bank digər kommersiya banklarının durumu haqda məlumatları açıqlasa, onların da eyni vəziyyətdə olduğu üzə çıxar»
Türkiyə kapitalı ilə fəaliyyət göstərən “Yapı Kredi Bank Azərbaycan” 2015-ci ilin yanvar-sentyabr aylarını 1 milyon 730 milyon manat zərərlə başa vurub. Bankın saytına istinadən “Marja” məlumat yayıb ki, bu ilin ilk üç ayında 430,20 min manat zərər edən bankın, sonrakı 6 ayda zərəri 1,3 milyon manat da artıb.
Bu ilin 9 ayında bankın cəmi gəlirləri 27 milyon 139 min manat, o cümlədən faiz gəlirləri 18 milyon 768 min manat, qeyri-faiz gəlirləri isə 8 milyon 335 min manat təşkil edib. Bankın xərclər çıxıldıqdan sonra 4 milyon 217 min manat əməliyyat mənfəəti qalıb. Aktivlər üzrə yaradılan ehtiyatlara 5 milyon 749 ÿmin manat ayrıldığından və 198 min manat mənfəət vergisi ödənildiyindən, bankın 1 milyon 730 min manatlıq zərəri olub.
Qeyd edək ki, “Yapı Kredi Bank Azərbaycan” 2014-cü ildəÿ4 milyon 666 min manat xalis mənfəət əldə etmişdi.
Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, bankdakı bu vəziyyət tənəzzülün göstəricisidir. Ekspertin sözlərinə görə, bir bankın 2 milyon manata yaxın itki verməsi kifayət qədər ciddi haldır. Nemət Əliyevin fikrincə, Mərkəzi Bank digər kommersiya banklarının maliyyə durumu haqqında məlumatları açıqlasa, onların da “Yapı Kredi Bank”ın günündə olduqları bəlli olar: “Kommersiya banklarının vəziyyəti hazırda çox ağırdır. Vəziyyətin bu qədər ağırlaşması xam neftin və neft məhsullarının satışından əldə olunan gəlirlərin kəskin şəkildə azalması, eləcə də Mərkəzi Bankın yarıtmaz pul-kredit siyasətinin həyata keçirilməsi, bank sistemində yığılmış sərbəst maliyyə vəsaitlərinin bacarıqsız şəkildə idarə olunmasıyla əlaqədar yaranıb. Bank sisteminin bu vəziyyətdə olması yaxşı perspektivdən xəbər vermir. Hələ ki, nikbinlik doğuracaq ciddi proseslərin, dönüşlərin şahidi olmaq mümkün deyil”.
Ekspert, hətta vəziyyətin getdikcə daha da ağırlaşmasını da istisna etmir. Onun sözlərinə görə, son 10 aylıq yekun göstəricilərin təhlili belə deməyə əsas verir ki, ölkənin qeyri-neft sektoruna kapital yatırımı bir milyard manatdan çox azalıb. Kreditləşmə səviyyəsi təxminən 1,6 milyard manat həcmində aşağı düşüb: “Iqtisadi həyata, sosial sferaya kapital yatırımı olmaması, kreditləşmə səviyyəsinin kəskin şəkildə zəifləməsi yaxşı perspektivlər vəd etmir. Hökumətin üzərinə çox ciddi tədbirlər görmək vəzifəsi düşür. Heç olmasa, belə bir məqamda nəticəsi olan təsirli tədbirlər həyata keçirilməlidir. Bank sistemi çökürsə, neft və qeyri-neft sektorunun vəziyyəti şübhəsiz ki, ağırlaşacaq. Qeyri-neft sektorunda istehsal olunan məhsulların, iş və xidmətlərin həcminin azalması əhalinin sosial vəziyyətinin ağırlaşmasının əlamətləri deməkdir”.
Nigar