“Onların hələ də vəzifədə qalması kimlərinsə onları himayə etdiyini göstərir”
“MTN işi” fonunda bu qurumun rəhbəri Eldar Mahmudovun vəzifədən azad edilməsi, xeyli sayda general və polkovnikin məsuliyyətə cəlb edilməsi bu gün də ictimai rəyi məşğul edən əsas məsələlərdən biridir. Cəmiyyətdə müzakirə predmeti olan digər bir məsələ isə sabiq MTN rəhbərliyinin demək olar ki, kütləvi şəkildə məsuliyyətə cəlb edildiyi bir zamanda hələ də bu qurumda müavin vəzifələrində təmsil olunan bəzi şəxslərin – Hilal Əsədov və Nizaməddin Həmidovun öz vəzifələrində qalmalarıdır.
Maraqlıdır, doğrudanmı adları çəkilən şəxslər rəhbəri olduqları qurumda baş verən saysız-hesabsız qanunsuzluqlardan xəbərsiz olub? Əgər belədirsə, o zaman bu amilin öü belə onların işdən azad edilməsi üçün yetərli deyilmi? Doğrudan da, bir MTN generalı ki, tabeçiliyində olan şəxslərin əməllərindən, idarəsində baş verən olaylardan xəbərsizdir, o, ölkə paytaxtı və ya respublikanın hansısa əyalətində hazırlanan terror olayından, hansısa sərhəddən hansısa casusun keçməsindən, kimin hansı dalanda kiminlə görüşdüyündən, hansı plan cızmasından necə xəbərdar ola bilər?
Məsələ ilə bağlı açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov isə H.Əsədov və N.Həmidovun işdən azad edilməməsinin anlaşılmaz olduğunu və yalnız Azərbaycan reallığı ilə izah edilə biləcəyini bildirdi:
“Tamamilə doğru söyləyirsiniz ki, həm H.Əsədov və N.Həmidov, həm də adını çəkmədiyimiz bəzi şəxslərin öz vəzifələrində qalması anlaşılan deyil. Əslində adları çəkilən hər iki şəxs haqqıdna, xüsusilə də Hilal Əsədov barəsində KİV-də konkret şəxslər tərəfindən ciddi və əsaslı ittihamlar səsləndirilib. Mənim yadımdadır ki, “Karvan” Ticarət Mərkəzində işçilərin başına gətirilən oyunlarda H.Əsədovun bilavasitə iştirak etməsi ilə bağlı ittihamlar var idi. Düşünürəm ki, bu şəxslərin bu günə qədər öz vəzifələrini icra etməsi Azərbaycan reallığı ilə bağlıdır. Hesab edirəm ki, H.Əsədov və N.Həmidovu siyasi hakimiyyətdə kimsə müdafiə edir. Əks halda onlar bu vəzifədə qala bilməzdilər. Bu şəxslərə qarşı irəli sürülən ittihamlar o qədər əsaslı və inandırıcıdır ki, düşünmürəm ki, onlar öz vəzifələrində sona qədər duruş gətirsinlər.
MTN-də rəhbərliyin özünün başçılıq etiyi mütəşəkkil cinayətkar təşkilat fəaliyyət göstərib. Mən tam məsuliyyətlə deyirəm ki, orada çalışan demək olar ki, bütün işçilər mütəşəkkil dəstənin təsiri altında olub. Bu, mümkün deyil ki, MTN-də mütəşəkkil dəstənin başında rəhbərliyin özü dayansın, kimsə də həmin dəstənin qanunsuz göstərişlərini icra etməsin. Bu, Azərbaycan reallığında mümkün olmayan bir işdir. Ola bilsin ki, texniki sahədə çalışan hansısa ağıllı bir şəxs bu dəstə tərəfindən verilən hansısa göstərişi icra etməkdən yayınsın. Lakin tam məsuliyyətlə deyirəm ki, bütün əməliyyat işçiləri bu və ya digər şəkildə mütəşəkkil dəstənin qeyri-qanuni göstərişlərinin icrasında bilavasitə iştirak edib. H.Əsədov və N.Həmidov qeyri-qanuni göstərişlərin həm də bilavasitə icraçısı olublar. Ola bilsin ki, bu şəxslərin siyasi hakimiyyətdə bu və ya digər şəkildə dayaqları olduqları üçün, hazırda öz vəzifələrində qalıblar. Yəqin ki, məhz bu səbəbdən onlar haqqında tədbir görülmür.
Məndə məlumat var ki, prokurorluqda H.Əsədov və N.Həmidov haqqında ciddi ittihamlar var. Lakin təəssüflər olsun ki, bu vaxta qədər həmin şəxslərlə bağlı ittiham verilməyib. Əgər “MTN işi” çərçivəsində məsələlərə ədalətlə yanaşılacaqsa, o zaman bu şəxslərə qarşı da ittiham irəli sürüləcək”. (Moderator.az)