Parisdə ABŞ və Rusiya prezidentlərinin görüşü olub. Barak Obama ilə Vladimir Putin beynəlxalq iqlim konfransı çərçivəsində görüşüblər. Bağlı qapılar arxasında keçirilən görüş təxminən 30 dəqiqə çəkib.
Qeyd edək ki, bundan əvvəl belə bir görüş nəzərdə tutulmamışdı.
İki ölkə prezidentinin görüşü zamanı Suriya və Ukrayna məsələsi əsas yer tutub. Görüşlə bağlı Ağ Evin yaydığı məlumatda deyilir ki, Obama Bəşər Əsədin getməsinin vacibliyini qeyd edib.
Obama ilə Putin sonuncu dəfə iki həftə bundan əvvəl 20-lər ölkələrinin Antaliyada keçirilən sammiti çərçivəsində görüşmüşdülər və bu qeyri-rəsmi xarakter daşıyırdı.
Tərəflər arasında son rəsmi görüş isə bu il sentyabrın sonunda BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sammiti çərçivəsində olub.