Son iki-üç ildə olan-qalan şüurunu da itirib, rus çarı kimi havalara girən Putin Türkiyəyə qarşı sanksiya tətbiq edilməsi haqqında sənəd imzalayıb. Adam təyyarəsinin vurulmasından qan itirib, məlum. Amma gərək özü vaxtında düşünəydi ki, o dik burnunu bir gün kimsə qıracaq. O burnunu ki, dünyanın hansı köşəsinə soxdu, ordan mütləq münaqişə ocağı çıxır, yanğını, qan və ölüm çıxır. Bu gün dünyanın on minlərlə insan taleyini yandırmış ən dəhşətli xarabalıqlarının altında rus izi var. Gündoğandan günbatana, şimaldan cənuba yüz illərdir uzanır bu işğalçılığın trayektoriyası. Yüz illərdir Rusiyanın bu hərisliyi mahiyyətini dəyişmir. Amansız, təcavüzkar, imperialist düşüncəli “çar”ların vərəsəliyi ilə tarix davam edir. Oralarda ara-sıra yetişən Soljenitsınları səsi böyümədən aradan götürüb, izini itirirlər. Ölkə indiki Putin halında 100 il öncənin köhnəlmiş beyin təfəkkürü ilə idarə olunur. Duma da elə 100 il əvvəlki imperiyanın parlamentidir ki, durub. Orada vaxtaşırı səslənən fikirləri, müzakirə edilən məsələləri, qəbul edilən qərarları izləyənlər bunu yaxşı bilir. Izləyənlər oradakı deputatların başqa xalqlara nifrət püskürən çıxışlarını da, ultimatumlarını da, təhdidlərini də unutmuş deyillər…
Bu qarışıqlıqda günün bəyanatı “Vahid Rusiya” partiyasının deputatı Yevgeni Fedorovdan gəlib. Putinin tərəfdarı ölkəsini 1945-ci ildə olan sərhədlərin bərpa edilməsinə çağırıb. Deputat deyib ki, Rusiya Suriyada vaxt itirməsin, bütün gücünü qoyub keçmiş SSRI xalqlarını yenidən imperiya əsarətinə qaytarsın. Ay sənin özün öləsən! Çevrəndə heçmi ağıllı biri yox, sənə başa salsın ki, o babaların çoxdan ölüb, quşbeyin adam! “Tarixi ərazi” deyəndə, bu torpaqları ulu babanız Pyotrın mirasımı hesab edirsiniz? Yoxsa çar dədələrinizin vəsiyyət kağızında buralara vərəsəlik hüququnuz olduğu yazılıb, xəbərimiz yox? Diqqət etsəniz, son günlərin gərginlikləri fonunda bu ölkədə qapıların inkişafa, hüquqa, demokratiyaya, insanlığa, ədalətə necə qapandığına daha yaxından şahid olacaqsınız. Şahid olacaqsınız ki, bu ölkə yüz illərdir bölgədəki xalqlara necə təhlükə idisə, yenə elə təhlükə olaraq qalır. Görəcəksiniz ki, bu ölkə atom əsrində belə, “qan-qan” deyən başçıları üzündən əsrlər öncənin primitiv düşüncə tərzindən irəli gedə bilmir. Müharibədən, işğaldan, qırğından, qan-qadadan başqa yeni bir şey yox, bu ölkəni idarə edənlərin ağlında! Yazıq vallah, çox yazıq!
Rusiyanın indiki saatı 100 il geridir. Putin bunu anlamır və anlamaq da istəmir. Demək olar ki, cəmiyyəti də sıxıb zorən o vaxta tabe etdirib. Dünya güc dünyası ola bilər, amma zor dünyası ola bilməz. Zorun və qəddarlığın heç bir perspektivi yox. Bunu ruslar hər kəsdən daha yaxşı anlamalıdır – faşizmə qarşı 4 illik müharibə təcrübəsi olan ölkə kimi. Amma dediyim kimi, Putin hökumətində tarixdən ibrət götürmək düşüncəsi yoxdur və görünür ki, olmayacaq da. Dünyanın bu vaxtında dünya ilə kəllə-kəlləyə gəlməyin bir ölkə üçün qazancı nə ola bilər, görəsən? Türkiyəyə sanksiya tətbiq etməklə qəhrəmanlıq etdiyini düşünən Putin özünü necə yandırdığının fərqində deyil. Axı sənin işğalçı təyyarənin türk hava sərhədində nə işi vardı ki, qanadı da qırılsın? Göylə gedəcəksən, burnunu hər yerə soxacaqsan, aranı qarışdıracaqsan, hələ təpəndən vurulanda, hikkə də göstərəcəksən. Guya Türkiyəyə hikkə göstərib sanksiya tətbiq edəndə, kim uduzacaq ki? Indi bərbad durumda olan, ağzı yanan, əli qapı arasında qalan sənsən. Bu hava, bu köpürmə, bu şişmə sənə baha başa gələcək. Yaxında görəcəyik…