«Kasıb azərbaycanlılar hakimiyyətin korrupsiyası və əhaliyə laqeyd münasibətinə görə rejimdən çox narazıdılar»
Nardaranda baş verənlər barədə artıq xarici mətbuat da yazır. “Azad Avropa” radiosu Nardarandakı qarşıdurma, buna qədər baş verənlər barədə geniş həcmli material yayımlayıb. Məqalənin tərcüməsini təqdim edirik:
***
Bakının mərkəzindən təxminən 25 kilometr şimal-şərqdə yerləşən Nardaran qəsəbəsində noyabrın 26-da baş vermiş şiddətli toqquşma nəticəsində ikisi polis, dördü isə yerli sakin olmaqla, ümumilikdə altı nəfər həlak olub.
Gənc xarizmatik ilahiyyatçı Taleh Bağırzadə və onun rəhbərlik etdiyi Müsəlman Birliyi Hərəkatının daha üç nəfər də daxil olmaqla, ümumilikdə 14 nəfər həbs olunub.
Azərbaycanın Daxili Işlər Nazirliyi və Baş Prokurorluğunun birgə bəyanatında deyilir ki, Taleh Bağırzadə Elmar Ağayev, Zülfüqar Mikayılov və Əbülfəz Bünyadovla birlikdə Müsəlman Birliyi Hərəkatını yaradaraq, ölkənin konstitusion quruluşunu devirmək və dini dövlət (şəriət qanunları ilə idarə olunan ölkə) yaratmaq niyyəti güdüblər.
Bəyanatda qeyd olunur ki, onlar Bakıda və ölkənin digər bölgələrində tərəfdar toplayıb silahlanaraq, Nardaranda “qanunsuz toplantılar” keçirməklə hakimiyyətə qarşı qarşıdurmada əhalini səfərbər etməyə çalışıblar.
Bəyanata görə, Nardaranda əməliyyatın keçirilməsinin məqsədi “din pərdəsi altında fəaliyyət göstərən və ölkədəki sosial-siyasi vəziyyəti gərginləşdirməyə, kütləvi ixtişaşlar və terror aktları törətməyə cəhd göstərən silahlı qruplaşmanı” zərərsizləşdirmək olub.
“Nardaran sakinləri heç vaxt dövlətə qarşı çıxmayıb və çıxmayacaq da!”
Bu iddialara ehtiyatla yanaşmaq lazımdır. Əlbəttə, Nardaran, ən azı, 2000-ci illərin əvvəllərindən Islamın şiə qolunun ocağı idi. Təxminən 8000 nəfər əhalisi olan qəsəbədə yerli sakinlərlə polislər arasında buna bənzər toqquşmalar bundan əvvəl də dəfələrlə olub. Azad Avropa/Azadlıq radiosunun müxbiri hələ 2007-ci ildə xəbər verirdi ki, bu qəsəbənin küçələrində divarlarda Islam dininə aid şüarlar, Ayətullah Xomeynidən sitatlar, “Müsəlman Islamın əsgərləri olmalı, bu dini müdafiə etməlidir”; “Dünya ədalət gözləyir. Ədalət isə Mehdini gözləyir”; “Qırmızı ölüm qara həyatdan daha üstündür. Allahu Əkbər!” tipli fikirlər yazılıb.
Bu baxımdan, mümkündür ki, yerli əhali rejimin devrilməsi təklifinə həssas olub. Çünki onlar, eləcə də çoxsaylı digər kasıb azərbaycanlılar hakimiyyətin korrupsiyalaşması və əhalinin ehtiyaclarına laqeyd münasibətinə görə rejimdən çox narazıdılar. Lakin Nardaran ağsaqqallarından biri olan Hacı Ağa Nuriyev noyabrın 27-də bəyan etdi ki, “qəsəbə sakinləri heç vaxt dövlətə qarşı çıxmayıb və çıxmayacaq da”.
“Xarici qüvvə” iddiası
Bağırzadənin rəhbərlik etdiyi, Qafqaz Müsəlmanlarının Ruhani Idarəsində dini təşkilat kimi qeydiyyatdan keçməmiş Müsəlman Birliyi Hərəkatının pozuculuq niyyəti barədə tutarlı sübutlar yoxdur. Lakin təşkilat yaradılarkən sədr müavini, ilahiyyatçı Elçin Qasımov bildirib ki, onların devizi belədir: “Islam və milli ideologiyada Ümmət birliyi”. Bünyadov da öz növbəsində qeyd edib ki, təşkilat siyasi və sosial layihələrdə də iştirak edəcək.
Lakin Azərbaycanın Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov bildirib ki, bu hərəkat “konkret qüvvələrin sifarişilə fəaliyyət göstərir və xalqın dini hisslərindən siyasi məqsədlər üçün istifadə etməyə çalışır”. Lakin o, “konkret qüvvələrin” adlarını çəkməkdən imtina edib.
Bağırzadə barədə danışan Heydərov onu “xaricdə dini təhsil almış, o ölkənin milli və dini dəyərlərini Azərbaycana gətirməyə çalışan biri” kimi xarakterizə edib. O, güman ki, Iranı nəzərdə tuturdu.
Bağırzadənin həbsi
Əlbəttə, Bağırzadənin nüfuz qazanmasının əsas səbəblərindən biri onun ölkədəki hakim rejimi tənqid etmədir. O, hətta irəli gedərək, çıxışında prezident Ilham Əliyevi “despot” adlandırmışdı. Lakin o, Azərbaycanda şəriət qanunlarının tətbiqi təklifilə çıxış etməyib.
Bağırzadə 2011-ci ilin mayında orta məktəblərə qızların hicabla gəlməsinə hökumətin tətbiq etdiyi qadağaya etiraz olaraq keçirilən aksiyada həbs olunmuş və “xuliqanlıq”, “polisə müqavimət” ittihamları ilə 18 ay azadlıqdan məhrum edilmişdi. Azərbaycanın insan haqları fəalları onu “vicdan məhbusu” elan etmişdi.
O, “inanclı adam zülmə qarşı etiraz səsini ucaltmaqdan qorxmamalıdır” bəyanatından sonra 2013-cü ilin martında yenidən həbs olundu. Bu dəfə “narkotik saxlama” ittihamı ilə həbs olunan Bağırzadə iki il müddətinə azadlıqdan məhrum edildi.
O, bu ilin iyulunda həbsdən buraxıldı. Sovet dövrünün tanınmış dissidenti Vladimir Bukovskinin SSRI-ni xarakterizə edərkən dediyi “böyük bir həbsxanadır” fikrini Bağırzadə də Azad Avropa/Azadlıq radiosuna müsahibəsində təkrarlamışdı. Demişdi ki, həbsdən buraxılması sadəcə, kiçik həbsxanadan Azərbaycan adlı böyük həbsxanaya gəlib. “Bizim mübarizəmiz davam edir” deyən Bağırzadə həmçinin həbsdə olan insan haqları fəallarının, o cümlədən Leyla Yunusun, eləcə də hicab qadağasına etiraza görə hazırda həbsxanada olan şəxslərin azadlığa buraxılacağına ümidini ifadə etmişdi.
Bağırzadə sentyabrın sonunda polisə çağırılaraq saxlanılmış və sorğu-sual olunmuşdu. Bundan bir neçə həftə sonra isə o, yenidən polis idarəsində döyülmüşdü.
Avropa Parlamentinin sosial-demokratlar fraksiyasının məsləhətçisi Eldar Məmmədov Taleh Bağırzadə həbsdən buraxılmasını Azərbaycan tarixində dönüş nöqtəsi kimi dəyərləndirmişdi.
Nardaran qarşıdurmasında qeyri-müəyyənlik
Bütün bunlarla yanaşı, noyabrın 26-da Nardaranda baş vermiş qarşıdurmanın detalları qeyri-müəyyəndir. Nardaran sakinləri bildirir ki, polislər Bağırzadənin həbsinin qarşısını almaq istəyən kənd camaatına atəş açıblar. Bünyadovun həyat yoldaşı müsahibəsində deyib ki, Bağırzadə onların evində qonaq idi. Polislər evin qapısını sındıraraq, orada olanlara atəş açıblar.
Daxili Işlər Nazirliyi və Baş Prokurorluğun birgə bəyanatında isə bunun əksinə, iddia olunur ki, sakinlər polisə atəş açıblar, yandırıcı maddələr atıblar.