Nardaranda qanlı polis əməliyyatından sonra yaranmış vəziyyətlə əlaqədar qəsəbə ağsaqqalları noyabrın 29-da yerli “Hüseyniyyə” məscidində toplantı keçirib. “Musavat.com”un qəsəbədəki reportyoru xəbər verir ki, toplantıda xeyli sayda insan iştirak edib.
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov məsələnin dinc yolla həll olunması təklifini irəli sürüb. O, təklif edib ki, “İmam Hüseyn” meydanı boşaldılsın və öldürülən sakinlərin meyitləri alınsın: “Bu mənim təklifimdir. Dinc yolla həll edək. Ölülərimizi alaq. Dəfn edək. Biz birik, birliyik. Bu kəndin birliyini heç kim poza bilməz. Qərarımız bir olsun”.
Qəsəbə ağsaqqalları çıxışlarında bildiriblər ki, hökumətin təklifi dəyərləndirilməlidir. Ağsaqqalların sözlərinə görə, hökumətdən gələn təklif, “İmam Hüseyn” meydanın boşaldılması və cənazələrin geri qaytarılmasıdır.
Ağsaqqallar bildiriblər ki, meyitlər verildikdən sonra 5 nəfərlik heyətlə hökumət nümayəndələri ilə danışığa gedəcək. Ağsaqqallar ümid edirlər ki, “İmam Hüseyn” meydanı boşaldıldıqdan sonra qəsəbənin işıq, su məsələsi həllini tapacaq, yollarda qurulan postlar götürüləcək.
Danışıqların sonunda “İmam Hüseyn” meydanını boşaltmaq qərara alınıb.
Bir neçə nəfər hökumətin danışıqlarda necə mövqe göstərəcəyindən ehtiyatlanır. Onlar bu danışıqlara heç kimin qarantiya verməməsindən narahatdırlar.
Natiq Kərimov qərarları barədə Azadlıq Radiosuna bildirib ki, bundan sonra cənazələrin sahiblərinə qaytarılacağına ümid edirlər:
– Ağsaqqallar yığışıb qərar verdik ki, meydanı boşaldaq, camaat evlərinə getsin. İndi qaldı onların qərarı. Ümid edirəm ki, sözlərində dürüst olarlar.
– Sizə bunun qarşılığında cənazələrin qaytarılacağı vədi verilib?
– Mənə heç kim heç nə vəd eləməyib. Ancaq deyiblər ki, bir günün, yarım günün içində çadırları o meydandan götürməsəniz, meydanı boşaltmasanız, bura qoşun yeridiləcək. Qoşun girməsinin hansı nəticələrə gətirib çxaracağını hamı bilməlidir. Sabah səhərdən (noyabrın 30-dan-red.) meydan təmizlənəcək, çadırlar yığılacaq. Küçələr yuyulub təmizlənəcək.
– Danışıqlar haqda razılığa gəlinibmi?
– Danışıqlar üçün 5-10 nəfər ayrılacaq. Hər şey mərhələ-mərhələ olacaq. Yəqin ki, problemlər yoluna qoyular. Gərək, birinci, burda sabitlik, sakitlik olsun.
– Cənazələrin verilməsi ilə bağlı nə deyirlər?
– Hələ heç nə eşitməmişəm. İşlərə sabahdan başlayırıq. Bu müddətdə ictimai rəy bizim əleyhimizə formalaşdırılıb. Bizə terrorçu kimi baxırlar. Biz bu fikirləri ancaq atacağımız addımlarla dağıda bilərik. Biz sübut etməliyik ki, bizdə radikllalıq, terror söhbəti ola bilməz.
– İndi Nardaranda işıq var?
– Yox, yox, qaranlıqdır. Ayağımın altını görmürəm.
– İşıq, yol problemlərini necə həll etməyi düşünürsüz?
– Bunlar kiçik şeylərdir. Yəqin bu gündə – sabahda həll olunar. İşığı da qoşarlar, yolları da açarlar.
– Yaralıların vəziyyəti necədir?
– Heç yaralılara baş çəkə bilmirik. Buraxmırlar ki… Hər şey yoluna düşər. Əsas işlərə başlamaqdır. Artıq bu gündən meydanın boşaldılmasına başlanılır. Sabah tamam təmizlənəcək. Sonrakı məsələlər də, Allah qoysa, mərhələ-mərhələ həll olunar.