Nahid Cəfərov, diplomat, Niderland
Rusiya və Türkiyə münasibətlərindəki gərginlik Türkiyə Silahlı Qüvvvələri tərəfindən Rusiyaya məxsus SU-24 təyyarəsinin vurulması ilə əlaqədar diplomatik çərçivədən çıxaraq, iki ölkəni real müharibə astanasına gətirib. Bu gərginliyi və bunun yarada biləcəyi nəticələri izah etməmişdən öncə iki ölkənin uzlaşan və toqquşan maraqlarını izah etmək, bu maraqlar fonunda müharibənin olma ehtimalını müəyyən etmək lazımdır.
Türkiyənin niyyəti
Avropa Ittifaqına üzvlüyün real olmadığını anlayan rəsmi Ankara bu ittifaqla bağlı xarici siyasətinə korrektələr edərək, xarici siyasət kursunu Şərqə doğru istiqamətləndirdi. Türkiyənin Yaxın Şərq siyasətinin əsas məqsədi bu bölgənin bazarına girişin əldə edilməsilə yanaşı, Türkiyəni enerji dəhlizinə çevirərək, bu ölkəni Avropanın enerji təhlükəsizliyinin təminatında əvəzedilməz mövqeyə sahib etmək idi. Bu siyasət uğurlu alınacağı təqdirdə Türkiyə ilə Avropa Ittifaqı arasındakı assimmetriyanı aradan qaldıracaq və gələcək danışıqlarda Türkiyəyə daha üstün mövqe qazandıracaqdı.
Türkiyənin enerji dəhlizi siyasətini reallaşdırmaq üçün bütün maraqlı tərəflərlə gərginliyi aradan qaldırmaq tələb olunurdu. Davudoğlunun qonşularla “sıfır problem” doktrinası da bu məqsədə xidmət edərək, Türkiyənin regionda rolunun artmasına səbəb oldu.
Türkiyə və Rusiya arasında iqtisadi razılaşmalar
Türkiyənin Avropa Ittifaqı ilə siyasətindəki çətinliklər eyni qurumla fərqli müstəvidə, fərqli çətinliklərlə üzləşən Rusiya ilə münasibətlərin möhkəmlənməsinə şərait yaratdı. Rusiya və Ukrayna arasındakı qaz böhranı, eyni zamanda, Qara dənizdən keçərək Rusiya qazını Avropaya çatdıracaq 40 milyard dollar dəyərində layihənin Avropa tərəfindən dəstəklənməməsi bu kəmərin Türkiyə ərazisindən çəkilməsini qaçılmaz etdi. 2014-cü ilin dekabr ayında iki dövlətin prezidentləri Ankarada görüşərək 15.5 milyardlıq qaz kəmərinin tikilməsilə bağlı razılığa gəldilər. Kəmər tikiləcəyi təqdirdə ildə 67 milyard kub metr Rusiya qazı Türkiyə vasitəsilə Avropaya nəql olunacaqdı. Bu layihə ilə bağlı müqavilə Rusiya prezidenti Vladimir Putinin Avropaya qaz müharibəsi elan etdiyi bir vaxtda imzalandı.
Rusiya-Ukrayna müharibəsi fonunda NATO baş katibi Türkiyəni Rusiyaya qarşı sanksiyalara qoşulmağa dəvət etdiyi bir dövrdə, Türkiyə və Rusiya rəsmiləri iki ölkə arasında iqtisadi münasibətləri daha da inkişaf etdirərək, ticarət dövriyyəsini 2020-ci ilə qədər 3 dəfə artırıb 33 milyarddan 100 milyard dollara çatdıracaqlarını bəyan etdilər.
Türkiyə-Rusiya münasibətlərini gərginləşdirən səbəblər
Bu iki dövlətin maraqları əsasən iqtisadi sahədə üst-üstə düşsə də, siyasi və təhlükəsizlik müstəvisində kifayət qədər toqquşur. Rusiya-Ukrayna müharibəsi ərəfəsində Rusiyanın Krımı öz ərazisinə birləşdirməsi və orada yaşayan türklərin hüquqlarının pozulması iki ölkə arasında gərginliyin ilkin toxumlarını səpməyə başladı. Rusiyanın Kipr siyasəti və kürdlərlə isti münasibəti bu iki ölkə arasındakı münasibətlərin gərginliyinə töhfə verən amillərdir. Eyni zamanda, Türkiyənin Rusiya ərazisində yaşayan müsəlmanlar və o cümlədən türklər arasında böyük nüfuza malik olması Rusiyanı kürdlərlə bağlı olan siyasətində daha ehtiyatlı olmağa vadar edir.
Təsadüfi deyil ki, hərbi təyyarənin vurulması ilə münasibətlərin son dərəcə gərginləşməsi iki ölkə arasındakı qarşılıqlı asılılığın bütün elementlərini gündəmə gətirdi. Müharibə hər iki tərəfin milli maraqlarına xidmət etməsə də, bəzən liderlər qeyri-rasional addımlar ataraq mövcud olan psixoloji təzyiqin təsiri altına düşürlər. Hər iki ölkədə ictimai mövqenin səfərbər edilməsi və liderlərin daxili auditoriyaya hesablanmış çıxışları qeyd olunan psixoloji durumu formalaşdırmaqdadır. Rusiya tərəfindən türk iş adamlarına qarşı təzyiqlərin göstərilməsi və buna cavab olaraq, prezident Ərdoğan tərəfindən “Rusiya odla oynayır” bəyanatının səsləndirilməsi vəziyyəti elə bir mərhələyə çatdırır ki, həmin mərhələdən sonra liderlərin geri addım atması praktiki olaraq mümkün olmur və bu da müharibəni qaçılmaz edir.
Azərbaycanın xarici siyasətində dalan dövrü
Bu gərginliyin fonunda Azərbaycan hökuməti getdikcə dalana sıxılaraq, bütün resurlarını vəziyyətdən çıxış yolu axtarmağa səfərbər edib. Real vəziyyəti daha dərindən anlamaq üçün bu dalanın yaranma səbəbini izah etmək daha vacibdir. Qərblə Iran arasında mövcud olan nüvə böhranı Azərbaycanın regiondakı geosiyasi əhəmiyyətini artıraraq, Irana qarşı müharibə olacağı təqdirdə Azərbaycan ərazisinin strateji əhəmiyyətini daim gündəmə gətirirdi. Bu böhranın həlli istiqamətində müəyyən addımların atılması, müharibə ssenarisinin aradan qaldırılması bu kartı Azərbaycanın əlindən aldı.
Bundan əlavə, Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiya-Ukrayna müharibəsi Avropa Ittifaqına üzv olan dövlətlərdə böyük həyəcanla qarşılanaraq, Avropanın təhlükəsizliyi üçün birbaşa hədə kimi qəbul olundu. Başqa sözlə ifadə etsək, bu müharibə Avropa Ittifaqının varlığını şərtləndirən insan hüquqları və demokratiya bu təşkilatın (əsasən də ona üzv olan ölkələrin) xarici siyasətində əsas amilə çevrildi. Avropa Parlamenti tərəfindən 2015-ci ilin 10 sentyabr tarixində Azərbaycana qarşı qəbul edilmiş sərt qətnamə, ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları bürosunun 1 noyabrda keçirilən parlament seçkilərini müşahidə etməkdən imtina etməsi və nəticələri kəskin şəkildə tənqid etməsi də deyilənlərə bariz nümunədir. Azərbaycan hökuməti tərəfindən yürüdülən repressiya siyasəti, vətəndaş cəmiyyətinə qarşı amansız təqiblər və seçki saxtakarlıqları bu qurumun qapılarını Azərbaycan üçün bağlamış, nəticədə Azərbaycanın xarici siyasətindəki dalan dövrünün əsasını qoymuşdur.
Azərbaycan hökuməti hansı addımları atmalı idi?
Bütün ümidlərini Rusiya və Türkiyəyə bağlayan rejim iki ölkə arasındakı münasibətlərin gərginliyi fonunda çıxılmaz vəziyyətə düşərək əsl böhranla üzləşməkdədir. Böhranı dərinləşdirən ən əsas səbəb ictimai mövqe ilə elitanın mövqeyi arasındakı kəskin fərqin olmasıdır. Belə ki, Türkiyə ilə Azərbaycan arasında ictimai səviyyədə inkişaf edən qardaşlıq münasibətləri iki cəmiyyət arasındakı qırılmaz bağları dərinləşdirib və hökumətin bu təzyiqə qarşı Türkiyə əleyhinə addım ata bilməsini qeyri-mümkün edib. Məsələni qəlizləşdirən digər məqam Azərbaycanın Rusiya ilə eyni təhlükəsizlik məkanında yerləşməsi (Rusiyada baş verən bir hadisə birbaşa Azərbaycana təsir edir) və Rusiyanın Azərbaycana qarşı güclü təsir mexanizmlərinə malik olmasıdır. Azərbaycanın hansı tərəfə qoşulacağı həmin tərəfin mövqeyinə və müharibə potensialına təsiri minimal olsa da, bu siyasət Azərbaycan xalqı üçün böyük risklər vəd edir. Xarici siyasəti dalana salmamaqdan ötrü Azərbaycan hakimiyyəti aşağıdakı addımları atmalı idi:
1. Azərbaycanda istehsal təsərrüfatını yaradaraq 2 milyon azərbaycanlının Rusiyaya getməsinin qarşısını almalı idi (bu gün Rusiyada yaşayan 2 milyon azərbaycanlı rəsmi Moskvanın əlində Azərbaycana qarşı ən böyük təsir mexanizmidir);
2. Qərblə Iran arasında olan gərginliyin əbədi deyil, keçici olacağını düşünməli və buna uyğun addımlar atmalı idi;
3. Nardaran hadisələrində Iranı günahlandıraraq (rəsmi olmasa da) gərgin olan münasibətlərə daha da gərginlik gətirməməli idi (bunun təsiri hiss olunacaq);
4. Demokratik dəyərlərə hörmətlə yanaşaraq, beynəlxalq institutlarla münasibətlərini pozmamalı idi.
Bütün bu addımlar atılacağı təqdirdə, hökumət alternativlərə malik olaraq, daha sərbəst xarici siyasət həyata keçirə bilərdi. Xarici siyasət elitanın maraqlarına xidmət edəndə sonu dalan olur.