Ölkə toz-dumandır yenə. Heç aydınlıq olan bir vaxtını da görmədik. Bir yandan hakimiyyət dairələrində gedən mal-mülk davası, o biri yandan da məmləkəti sarmış gərginlik insana barıt anbarı üzərində gəzişmə hissini yaşadır. Yuxarıların ortaya açılıb-tökülən sandıq sirləri cəmiyyətdə elə şok effekti yaradıb ki, daha bundan betəri kimsənin ağlına da gəlmir, deyəsən. Demə adi insanlar illərdir gündəlik həyat şərtləri, güzəran ehtiyacları, mövcudluq uğrunda çarpışarkən, yuxarılarda milyardların pay-püşk qırğını gedirmiş. Kimsəyə yansıtmadan, altdan-altdan, gizli şəkildə anasını ağladırmışlar bu ölkənin. Xəzinəsini soyub çuvallara doldurur, ilim-ilim itirirmişlər. Bu milyardların “kupçası” haralara gedib çıxıb, ilahi? Dünyanın ən zəngin ölkələrinə səpələnmiş mülklər, şirkətlər, yanacaqdoldurma stansiyaları, banklar formasında rəsmiləşdirib özəlləşdiriblər bu pulları. Dilənçi kökünə salınmış bir nəslin haqqını xaincəsinə mənimsəyib yeddi arxa dönənlərinə sərvət ediblər. Yoxsulluqdan, işsizlikdən, borcdan, ailə-uşaq qarşısındakı utancından intihar edənlərin haqqına girib, milyardlar sayəsində hegemoniya qazanıblar. Nələr baş verdiyinin fərqindəmisiniz, indi?
Açılan paxırların altından çıxanların fərqindəmisiniz? Yalanların, haramların, günahların hara qədər yeridiyinin, ömrünüzü necə yediyinin, həyatınızı necə darmadağın etdiyinin fərqindəmisiniz? Sizin xəstə övladınız maddi ehtiyacdan yataqlarda can çəkişirkən, onların öz övladlarının nəvə-nəticələri üçün belə miras tədarükündə olduğunu düşündünüzmü heç? O dəryanın suyu hardan gəlir, bilrsinizmi? Sizin cibinizdən çıxarılmış, boğazınızdan kəsilmiş, balalarınızın payından oğurlanmış pullardan cəmlənib o varidat, biləsiniz…
Indi də iz azdırmaq, hökumətin içində baş verən didişmələri, qapış-qupuş davasını, intriqaları ört-basdır etmək, diqqəti oralardan yayındırmaq üçün yollar düşünürlər anlaşılan. Nardaranda baş verənləri gördünüz hamınız. Guya bu məsələni dinc şəkildə, qanun çərçivəsində, qan tökmədən yoluna qoymaq olmazdı? Guya tələb olunan şəxsləri hay-küy yaratmadan, insan ölümünə yol vermədən çağırıb sorğu-sual etmək mümkün deyildi ki? Bu insanların silahlı dəstə yaratdığı, ölkədə qarışıqlıq salmaq istədiyi, şəriət dövləti yaratmaq istədiyi haqqında yayılan bəyanatlar cəfəngiyata bənzəmirmi? Axı bir ölkədə fərqli inancları, baxışları, düşüncələri tənzimləməyin qanuni yolları var… Bir problemi hüquq çərçivəsində həll etmək potensialı varkən, onu zor müstəvisinə sürükləmək hansı niyyətin göstəricisidir, sizcə? Dövlətin başında oturanların işi ən doğru şəkildə öz vətəndaşına sahib çıxmaqdır, yoxsa onları zorla itələyib başqa qüvvələrin təsirinə atmaq? Azərbaycan var olan yerdə insanlarımız üçün ikinci ölkə simpatiyası niyə önə çıxmalıdır ki? Axı heç kimsə belə bir iddiada da deyil. Heç kimsənin dilindən belə bir ifadə də səslənməyib. Tutarlı dəlillər varsa, açın ortaya qoyun. Yoxdursa və məsələ Hacı Taleni həbs etmək idisə, başqa bəhanə tapaydınız, daha o 6 insanı niyə güdaza verirdiniz? Dərd siz deyən kimi “farspərəstlik”dirsə, bu ölkədəki “ruspərəstlik”dən niyə narahat deyilsiniz? Axı mahiyyətcə ikisi də bir bezin qırağıdır elə…
Bütün kritik məqamlarda belə, məsələnin qanla yox, qanunla yoluna qoyulması imkanları araşdırılmalıdır. Biz bu ölkədə zorakılıq çıxarıb, bir quşun burnunun qanamasına belə razı deyilik. Bizim dünyəvi dövlət modelini dəyişib şəriət dövləti qurmaq istəyənlərə qarşı münasibətimiz də birmənalıdır. Məsələ budur ki, indi nə ölkədə belə bir çağdaş model var, nə də o şəriət modelinə iddia edən tərəf. Bu ölkənin bütün inanclara, fikirlərə və mövqelərə hörmət qoyulan modern bir dövlət modelinə ehtiyacı var. Bu ölkənin qanunların işlək olduğu bir sistemə ehtiyacı var. Bütün problemlərin kökü ordadır…